Ermənistan tərəfinin Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda törətdiyi növbəti hərbi təxribat da 10 noyabr 2020-ci il bəyanatının kobud şəkildə pozulmasıdır. Forpost ölkə yenə öz öhdəliklərini yerinə yetirmək istəmir. Rusiya sülhməramlı kontingentinin müvəqqəti olaraq yerləşdiyi Azərbaycan ərazilərinə silah və sursatların, minaların daşınması davam edir.
Qanunsuz hərbi daşınmalar birbaşa sülh danışıqlarının əleyhinə yönəlib. Ermənistan danışıqlar masasında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü tanıdığını bəyam etsə də, bu cür təxribatçı davranışlarla əsl terrorçu mahiyyətini gizlədə bilmir.
Qanunsuz erməni silahlı dəstələri Azərbaycan ərazisindən çıxarılmalıdır. İki hərbçimizin şəhid olması ilə nəticələnən ötən günki təxribat da təsdiqləyir ki, bu qanunsuz birləşmələrin bölgədə qalması sülhə təhdiddir.
Bu hadisə bir daha Azərbaycanın dövlət sərhədində Laçın-Xankəndi yolunun üzərində müvafiq nəzarət-keçid məntəqəsinin yaradılmasının zəruriliyini təsdiqləyir. Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında Laçın yolunda sərhəd nəzarət-buraxılış məntəqələrinin qurulması, iki ölkə arasında etimad quruculuq fəaliyyəti istiqamətində ciddi addım atılması, eyni zamanda, bu yoldan istifadənin tam şəffaf şəkildə üçtərəfli bəyanatın məqsəd və məramlarına uyğun olaraq, təmin edilməsi barədə təklif irəli sürüb. Beynəlxalq tərəfdaşlar bu təklifə müsbət yanaşsa da Ermənistanın ilkin reaksiyası mənfi oldu.
Çünki bu nəzarət-buraxılış məntəqəsinin qurulması Ermənistan tərəfindən yoldan sui-istifadə hallarının qarşısının alınması demək olacaq. Amma bu məsələlər yalnız Ermənistanın istəyindən asılı deyil. Azərbaycanın irəli sürdüyü bütün təkliflər beynəlxalq hüququn norma və prinsiplərinə uyğundur. Görünən budur ki, nəzarət-buraxılış məntəqəsi yaradılmasa, erməni təxribatları daha geniş miqyas alacaq.
Eyni zamanda mina terroru da can almaqda davam edir. 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalar Azərbaycan ərazilərinə daşınır və yerləşdirilir. Minaların yerləşdirilməsi faktları hətta Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bölgəyə səfəri zamanı da nümayiş etdirilib. Təəssüf ki, iki gün əvvəl, martın 4-də Azərbaycan Silahlı Qüvvələrinin daha bir hərbi qulluqçusu xidməti vəzifələrini yerinə yetirərkən ermənilər tərəfindən basdırılmış minaya düşərək həlak olub. Bir sözlə, Ermənistan öhdəliklərinə zidd olaraq Azərbaycan ərazilərindən silahlı qüvvələrini çıxarmır, mina təhdidlərini davam etdirir. Belə olan halda Azərbaycan tərəfinin də bəyan etdiyi kimi, regionda yaranmış gərginliyə görə bütün məsuliyyət təbii ki, Ermənistanın üzərinə düşür. Rəsmi Bakının öz suveren ərazisində təhlükəsizliklə bağlı bütün lazımi addımları atmağa tam haqqı çatır.