Nizami rayonunda Ulu Öndərin anadan olmasının 99-cu ildönümü münasibətilə konfrans keçirilib

Nizami Rayon İcra Hakimiyyəti Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı ilə birgə ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə «Ulu Öndəri xatırlayarkən: Qarabağlı Azərbaycan və ata vəsiyyətini yerinə yetirən oğul» adlı konfrans keçirib.

Konfrans iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan konfransda ulu öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş videoçarx nümayiş olunub.

Konfransda çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov, məşhur “91”lərdən biri, YAP İdarə Heyətinin üzvü, Azərbaycan Rus İcmasının rəhbəri, Milli Məclisin deputatı Mixail Zabelin, Milli Məclisin deputatları Sədaqət Vəliyeva, Könül Nurullayeva, Rasim Musabəyov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və başqaları bildiriblər ki, Azərbaycan xalqı onun taleyində və tarixində silinməz izlər qoymuş ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edir. Azərbaycanın xilaskarı, öz həyatını Vətəninə və xalqına bəxş etmiş ümummilli lider Heydər Əliyevin zəngin və mənalı ömrünün hər günü bir dastandır.   

Qeyd edilib ki, 44 günlük Vətən müharibəsi şanlı Zəfərlə başa çatıb, rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağı azad edib, xalqımızın 30 illik yurd həsrətinə, torpaq nisgilinə son qoyulub. Vurğulanıb ki, bu Zəfərə gedən yolun əsasında Azərbaycanın böyük oğlu, dünya şöhrətli siyasətçi, dahi Heydər Əliyevin ölməz ideyaları dayanır. Ulu öndər Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası olub. Dəmir yumruqla beli qırılan, başı əzilən düşmən kapitulyasiya aktını imzalamağa məcbur olub, ərazi bütövlüyümüz təmin edilib. Bununla da üçrəngli bayrağımız yenidən Vətən torpaqlarında, Qarabağın döyünən ürəyi olan Şuşada qürurla dalğalanmağa başlayıb.

Çıxışlardan sonra konfransda mükafatlandırma mərasimi keçirilib. Mərasimdə YAP-a yeni üzv olmuş şəxslərə partiya vəsiqələri təqdim edilib, eləcə də qazilər, partiya fəalları təltif ediliblər.

Konfransın sonunda 210 saylı tam orta məktəbin şagirdi Fatimə Abbasova “Ulu Öndər” adlı şeiri səsləndirib, “Xarı Bülbül” muğam qrupu “Xudayar təsnifi”ni ifa edib.