Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu, şair, yazıçı Gülzar İbrahimova Azərbaycan Evinin təşəbbüsü ilə Oslo şəhərində Nizami Gəncəvi adına Azərbaycan Dili Məktəbində oldu. Məktəb Norveçdə yaşayan azərbaycanlı uşaqlara ana dilini öyrədir və orada Azərbaycanın uşaq yazıçı və şairləri ilə görüşlər keçirilir.
Onlayn görüşlərin birində məktəblilər yazıçı, şair Gülzar İbrahimova ilə görüşdülər. Yazıçı oxucularına Norveç nağıl qəhrəmanlarından nağıl yazacağına söz verdi və "Trolların sirri" nağılını yazdı. "Trolların sirri"ni çox sevən uşaqlar Gülzar İbrahimova ilə görüşmək arzularını bildirdilər. Şagirdlər Gülzar İbrahimovanın sözlərinə yazılmış "Ana dili" (bəstəkar Elşən Nicat) mahnısını da çox bəyəndilər, onu öyrəndilər.
Yazıçı "Norveç qoğal"ını Azərbaycan dilinə tərcümə edərək (rəssam Mərziyə Tağıyeva) uşaqlara hədiyyə etdi.
Oslodakı Azərbaycan Evi və Norveç Azərbaycanlı Gənclər Təşkilatı Gülzar İbrahimovanı Norveçə dəvət etdi.
Yazıçı Gülzar İbrahimova bir həftə ərzində Oslodakı Azərbaycan Dili Məktəbinin şagirdləri və kiçikyaşlı uşaqlarla silsilə görüşlər keçirdi.
Gülzar İbrahimova ilə ilk görüş Azərbaycan Evində və Nizami Gəncəvi adına Azərbaycan Dili Məktəbində keçirildi. Uşaqlar yazıçıya onları maraqlandıran sualları verdilər, onun nağıllarına çəkdikləri rəsmləri hədiyyə etdilər.
May ayının 25-də Oslonun tanınmış Deichman Bjørvika kitabxanasında da yazıçının oxucularla görüşü keçirildi. Yazıçı oxucularını yeni əsərləri ilə tanış etdi, onların azularını öyrəndi.
Yazıçı oxucularına məktəbin adını daşıyan N.Gəncəvinin həyat və yaradıcılığından da danışdı. "Nəyə görə Nizami Gəncəvi türk dilində yox, fars və ərəb dillərində yazıb?" mövzusunda söhbət yeniyetmələrin marağına səbəb oldu.
Uşaqlar tədbirə üzərlərində nağıl personajları çəkilmiş xüsusi geyimlərdə gəldilər. Səlim adlı azərbaycanlı yeniyetmə iştirakçıların köynəklərinə nağıl qəhrəmanlarının rəsmlərini çəkdi. O tədbirdə çıxış edərkən bildirdi ki, bu işi sevə-sevə, yorulmadan görüb. Səlim sevdiyi yazıçıya üstündə vikinqlərin rəsmini çəkdiyi və içərisi hədiyyələrlə dolu sandıq da hədiyyə etdi.
Görüşün sonunda yazıçı uşaqlara yeni kitabları hədiyyə etdi. Uşaqlar da öz sevimli yazıçılarına xatirə hədiyyələri təqdim etdilər.
Gülzar İbrahimova ilə növbəti görüş Oslodakı Beynəlxalq Uşaq İncəsənət Muzeyində keçirildi. (/The International Museum of Children's Art/)
1986-cı ildən fəaliyyət göstərən muzeydə 185-dən çox ölkənin 2-18 yaşlı uşaq və gənclərinin yaratdıqları sənət kolleksiyaları nümayiş olunur. Burada azərbaycanlı uşaqların da əl işləri var. Uşaqları sevən və onlara zaman ayırmağı vacib bilən Ulu Öndərimiz Heydər Əliyev də bu muzeyi ziyarət etmişdir.
Muzeyin əsas məqsədlərindən biri dünyanın hər yerindən uşaq sənətini gələcək nəsillər üçün toplamaq, qorumaq və təbliğ etməkdir.
Muzeydə uşaqlara əl işlərini də düzəltməyə imkan verilir. Adı uşaq muzeyi olsa da, bura yeniyetmələr, gənclər, ahıl yaşda insanlar da gələrək, əl işlərini yaradırlar.
Muzeyin rəhbəri Angela Qoldin yazıçını və uşaqları çox mehriban qarşıladı. Təşkil edilmiş “nağıl saatı” uşaqların ürəyincə oldu. Tədbirin sonunda uşaqların hazırladıqları əl işləri yazıçıya hədiyyə edildi.