Hər bir xalqın, hər bir dövlətin tarixində onun sonrakı inkişaf yolunu, müstəqillik yolunu müəyyənləşdirən taleyüklü məqamlar, tarixi qərarlar olmuşdur. Azərbaycan dövlətçilik tarixində də belə tarixi anlar olmuş və xalqımız bu məqamlarda doğru qərarlar qəbul edərək, öz taleyinə sahib çıxmışdır.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Əminə Ağazadə deyib.
Azərbaycan xalqını müdrik xalq adlandıran deputat əlavə edib: “1993-cü ildə müstəqilliyimiz, dövlətçiliyimiz təhlükə qarşısında qalanda Azərbaycan xalqı böyük müdriklik nümayiş etdirərək, ən düzgün qərarı qəbul etmiş və ən doğru ünvana üz tutmuşdur. Xalqımız həmin məşəqqətli günlərdə Azərbaycanın dövlət müstəqilliyini, xalqımızın gələcəyini xilas etmək üçün inandığı, etimad göstərdiyi böyük lider Heydər Əliyevə müraciət edəndə də, 2003-cü ildə - yeni əsrin və yeni minilliyin başlanğıcında tarixi seçim anında Heydər Əliyev siyasətinə dəstək verəndə də eyni müdrikliyi, əzmi və qətiyyəti nümayiş etdirmişdir.
İyirmi il dövlətçilik baxımından elə də böyük bir dövr olmasa da, bu zaman keçidi xalqımızın dövlətçilik tarixində ölkəmizin qarşısında duran hədəflərin reallaşdırılması, respublikamızın ardıcıl inkişafının təmin edilməsi, müstəqilliyinin daha da möhkəmləndirilməsi, tarixi nailiyyətlərin əldə olunması kontekstində ən parlaq, ən şanlı dövrlərdən birini təşkil edir. Dövlətimizin başçısı İlham Əliyev yeni minillikdə və müasir çağırışlar fonunda Azərbaycanı modernləşdirmək, ölkəmizi yeni inkişaf mərhələsinə qovuşdurmaq missiyasını çox uğurla yerinə yetirmişdir”.
Əminə Ağazadənin sözlərinə görə, İlham Əliyevin şəxsiyyətinin böyüklüyü həm də ondadır ki, O, xalqı milli amallar və məqsədlər naminə öz ətrafında böyük ustalıqla birləşdirə bilib. Ötən illər ərzində ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik və vətəndaş həmrəyliyinin əsasında da bu inam dayanır. Sarsılmaz birlik, xalqın öz liderinə sonsuz inamı, liderin isə öz xalqına arxalanması Azərbaycanın qazandığı bütün uğurların dayaq nöqtəsini təşkil edir.
Qırx dörd günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Bu seçkilər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir.
“Vətən müharibəsində əldə etdiyimiz Qələbə Azərbaycan tarixində, Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı bu Qələbə sayəsində qalib xalq kimi özünü dünyaya ləyaqətlə təqdim edir. Ali Baş Komandan İlham Əliyev Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək, xalqımıza özünün çoxəsrlik tarixində ən böyük uğuru və xoşbəxtliyi yaşadıb. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi, Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və əbədi yaşayacaqdır”, - deyə deputat vurğulayıb.
Ölkəmizin gələcəklə bağlı hədəflərinin də kifayət qədər aydın olduğunu diqqətə çatdıran Əminə Ağazadə əlavə edib: “Prezident İlham Əliyev yeni dövrü quruculuq, inkişaf dövrü kimi xarakterizə edib. Azərbaycan münaqişə sonrası bərpa və yenidənqurma mərhələsinə qədəm qoyub. Söhbət işğaldan azad olunan ərazilərimizin yenidən qurulması ilə yanaşı, regionda yeni proseslərin başlanmasından gedir”.
Deputat xatırladıb ki, Prezident İlham Əliyev ölkədə növbədənkənar prezident seçkisinin keçirilməsi barədə Sərəncam imzalayıb. Prezidentin Sərəncamına əsasən növbədənkənar prezident seçkisi 2024-cü il fevralın 7-nə təyin olunub.
“Növbədənkənar seçkilərin keçirilməsinə dair qərar, eyni zamanda, ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunub. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Bu yanaşma ölkədə ədalətli rəqabət mühitinin təmin edildiyinin bariz nümunəsidir.
Baş tutacaq seçkilərinin ən şərəfli və qürurlu anı ondan ibarətdir ki, 30 il əvvəl evlərindən didərgin salınan azərbaycanlıların bir hissəsi daha müvəqqəti məskunlaşdıqları bölgələrdə deyil, öz doğma torpaqlarında - Zəngilanda, Laçında, Şuşada, Füzulidə, Cəbrayılda və azad olunmuş digər yerlərdə səs verəcəklər.
Bu seçkilər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir. Azərbaycan xalqı əmindir ki, 3 il bütün bundan əvvəl dünyaya nümayiş olunan milli həmrəylik və birlik 2024-cü ilin 7 fevralında da bütöv, müstəqil Azərbaycanın minlərlə məntəqələrində təkrarlanacaqdır”, - deyən deputat fikirlərini yekunlaşdırıb.