"Bu qanun layihəsinin xüsusi əhəmiyyəti var. Yeni rayon işğaldan azad edilmiş ərazilərdə yaradılır. Ağdərə rayonun yaradılması gələcəkdə onun sosial-iqtisadi inkişafının təmin edilməsinə, eyni zamanda ərazi vahidi kimi inkişaf etməsinə böyük təkan verəcək".
Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında deputat Kamran Bayramov “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, qanunların qəbul olunması ilə işğaldan azad olunmuş ərazilərdə inzibati və infrastruktur islahatlarının həyata keçirilməsinə töhfə verilir: "Bundan sonra torpaq islahatı aparılmalı və onların kateqoriyaları müəyyən olunmalıdır. Həmçinin, torpaqların mülkiyyət forması dəqiqləşdirilməlidir. Eyni zamanda dövlət və bələdiyyə qurumları formalaşdırılmalıdır. Bu il böyük uğur qazanmış Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafının 4-cü Dövlət Proqramı başa çatmaq üzrədir. Ümid edirəm ki, növbəti ildən yeni dövlət proqramı işlənib hazırlanacaq. Yaxşı fürsət yaranır ki, həmin dövlət proqramına tariximizdə ilk dəfə olaraq işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişafının sürətləndirilməsi də daxil edilsin".