Novruz bəşəriliyə çağırış bayramıdır

Xalq varlığını adət-ənənələrini saxlamaqla qoruyur. Min illərdi xalqımız yaratdığı, yaşatdığı adət-ənənələrini, bayramlarının müqəddəsliyini yaşadır. Ona görə də dünya dövlətləri Azərbaycanlıların milli mentalitetinə də bələddir, adət-ənənələrinə sədaqətinə də.

Sovetlər dönəmində Novruz bayramının geniş qeyd olunması rəsmən qadağan edilmişdi. Respublika rəhbərliyi bu qadağalara qarşı çıxa bilmirdi. Ona görə də bu müqəddəs bayram rayonlarda, kəndlərdə, müəyyən mənada, gizlin, nəzəri cəlb etmədən keçirilirdi. Kənd yerlərində nisbətən coşqu hiss olunurdu. Böyük tarixi şəxsiyyət Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi olanda Bakıda ilk dəfə Novruz bayramı böyük təntənə ilə qeyd olundu. Azərbaycançılıq Mərkəzin siyasi qadağalarının hüdudlarını aşdı. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 2000-ci il martın 21-də demişdi: “Bu bayram bir də onunla fərqlənir və səciyyələnir ki, bu bayramda siyasi baxışlarından, siyasi dünyagörüşündən asılı olmayaraq hamı bayram edir. Əgər bu günümüzü götürsək, iqtidar da, müxalifət də bayram edir, bir-birini sevən də bayram edir, bir-birinə düşmən olan da. Amma bayramın bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır. Ona görə də Novruz bayramını hər il böyük el bayramı kimi, hər bir insanın şəxsi bayramı kimi qeyd edərək biz istəyirik, arzu edirik və bu, Azərbaycan vətəndaşlarının əksəriyyətinin arzusudur ki, ölkəmizdə milli həmrəylik, vətəndaş həmrəyliyi, birliyi olsun. Bu ali məqsədləri, ali fikirləri ulu babalarımız bizə nəsihət ediblər. Bu bayram yaranandan onun xüsusiyyətləri insanları həmişə dostluğa, həmrəyliyə, qarşılıqlı anlaşmaya dəvət edibdir”.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. 28 sentyabr - 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli (Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Pakistan, Hindistan, İran) nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb.

İslamdan əvvəlki tarixi dövrdə yaranan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub. 28 noyabr - 2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub.

Novruz bayramı həm də sabahlara qayğının bayramıdır, sabahların gözəlliyinə həm mənəvi, həm də işgüzar borcödəmə bayramıdır: 2007-ci il Novruz bayramı ərəfəsində Mehriban xanımın təşəbbüsü ilə başlanan “Hərəyə bir ağac əkək” kampaniyası Novruzun həm də kütləvilik bayramı olduğunu bir daha təsdiqlədi.

İkinci Qarabağ müharibəsi başa çatdı, Azərbaycan Ordusu tarixi Zəfər qazandı, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu. 2024-cü ilin ilaxır çərşənbəsi, Novruz bayramı Azərbaycanın ərazi bütövlüyü miqyasında qeyd olunur. İşğaldan azad olunmuş ərazilərə qayıdanlarımız da ilaxır çərşənbənin, Novruz bayramının tonqallarını alışdıracaq. On illər sonra bu ərazilərdə də bayram əhval-ruhiyyəsi tonqalların şöləsi ilə nurlanacaq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2021-ci il martın 20-də Şuşada, Cıdır düzündə dedi: “Bilirəm, hər birimiz, xüsusilə keçmiş məcburi köçkünlər hər dəfə bayram ərəfəsində və bayram günlərində deyirdik ki, İnşallah, gələn il azad edilmiş torpaqlarda, Qarabağda Novruz bayramını qeyd edəcəyik və artıq bu, reallıqdır... Bu gözəl bahar bayramını biz işğaldan azad edilmiş torpaqlarda qeyd edirik... Şadam və xoşbəxtəm ki, artıq bu, bir ənənəyə çevrilib və Novruz bayramını biz burada, doğma Qarabağ diyarında qeyd edirik”.

Novruz bayramı xalqımızın ruhunun bayramıdır. 2024-cü ilin Novruz bayramı təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif dövlətlərində, əsasən türkdilli dövlətlərdə də könül bayramı kimi qeyd olunur. Bu, bəşəriliyə çağırışdır. Novruz bayramı bəşəriliyə sevgi aşılayan bayramdır. Bayramın mübarək, Azərbaycanım! Bayramınız mübarək, əziz həmvətənlərim!..

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı