“2022-cil 27 iyun tarixində Ölkə Prezidenti cənab İlham Əliyev Kəlbəcər rayonunda komando hərbi hissəsinin açılışında demişdi: “Bu gün dünyada güc amili ön plandadır, beynəlxalq hüququn norma və prinsipləri işləmir.” 13 sentyabr tarixində yaşanmış insident, Ermənistanın Azərbaycana qarşı törətdiyi növbəti hərbi təxribat bir daha dövlət başçımızın haqlı olduğunu sübuta yetirdi. Həqiqətən də bu gün bütün dünyada güc amili öz aktuallığını qoruyub saxlayır. Məhz bu baxımdan da Azərbaycan Prezidentinin hərbi quruculuq istiqamətində atdığı məqsədyönlü addımlar, ölkənin hərbi qüdrətinin artırılması məqsədilə həyata keçirilən zəruri tədbirlər müstəsna əhəmiyyət daşıyır. Mühüm bir məqamı da nəzərə almaq lazımdır ki, Ermənistanın revanşist siyasəti bu gün təkcə Azərbaycan üçün deyil, bütün Cənubi Qafqaz regionu üçün real təhdiddir. Bu təhdidin qarşısını almaq və lazım gələrsə onu tamamilə aradan qaldırmaq iqtidarında olan yeganə regional qüvvə isə Azərbaycandır.”
Bu sözləri 13 sentyabr hadisələrini şərh edərkən mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.
Deputat qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin törətdiyi son təxribatları planlaşdıran qüvvələr regionda destabilliyin dərinləşməsinə və böhran həddinə çatmasına nail olmaqla qarşılarına qoyduqları bir neçə məqsədə çatmaq istəyirlər: “İlk növbədə rəsmi İrəvan belə təxribatlarla revanşist niyyətlərini həyata keçirmək üçün zəmin yaratmağa çalışır. Aydındır ki, indiyədək hələ də Azərbaycana mina xəritələrinin verilməməsi və üstəlik bizim ərazilərdə yeni minalama cəhdləri Ermənistanın mümkün hərbi hücumlarını asanlaşdırmağa və eyni zamanda da Azərbaycan üçün müdafiənin təşkilini əsaslı şəkildə çətinləşdirməyə hesablanıb. Bu isə açıq-aşkar rəsmi İrəvanın hələ də ölkəmizə qarşı məkrli planlarından xəbər verir. İkinci bir tərəfdən, ölkəmizin getdikcə artan beynəlxalq nüfuzu, möhkəmlənən mövqeləri dünyadakı antiazərbaycan qüvvələrini ən çox narahat edən amillərdəndir. Bu amilin bariz göstəricilərdən biri isə əlbəttə ki, Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyi məsələlərində getdikcə artan roludur. Əlbəttə ki, enerji təhlükəsizliyinin təminatı regionda sülhün və stabilliyin mövcudluğu ilə birbaşa əlaqəlidir. Deməli, Ermənistanın hərbi-siyasi rəhbərliyinin rəvac verdiyi hərbi təxribatların bir məqsədi də məhz Avropanın enerji təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunun azaldılmasıdır. Nəhayət, məlumdur ki, Vətən müharibəsinin nəticələrindən biri də ATƏT-in Minsk Qrupunun mövcudluğunun faktiki başa çatması oldu. Təbii ki, bu təsisatın uzun illər ərzində Cənubi Qafqazda təmsil etdiyi və maraqlarına xidmət göstərdiyi qüvvələr də bu vəziyyətlə barışmaq istəmirlər. Buna görə də 13 sentyabr insidenti eyni zamanda həm də məhz Minsk Qrupunun reanimasiyasına bir cəhd kimi qiymətləndirilə bilər. Bu halda həmin qüvvələr böyük ehtimalla 15-16 sentyabr tarixində Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının növbəti samitində Azərbaycana qarşı təzyiqlərini artırmaq üçün özlərinin planladıqları bu təxribatdan yararlanmağa çalışacaqlar. Bütün bunlar isə Ermənistanın Cənubi Qafqazda forpost ölkə, rəsmi İrəvanın isə sadəcə marionet rejim olduğunu bir daha təsdiq edir” – deyə N.Aslanov bildirib.
Daha sonra deputat bildirib ki, yeni müharibə təhlükəsi qarşısında bu gün ölkəmizdə milli birlik və həmrəylik mühitinin qorunması və daha da möhkəmləndirilməsi zərurəti həyati əhəmiyyət kəsb edən bir məqamdır: “Birmənalı olaraq qəbul etməliyik ki, 13 sentyabr təxribatı qətiyyən təsadüfi epizod hesab oluna bilməz. Əksinə son vaxtlar erməni təxribatları davamlı olaraq təkrarlanır və onların əhatə dairəsi də genişlənir. Həmçinin təxribatlara cəlb olunan silahlı qüvvələrin kəmiyyətcə artımı da göz önündədir. Azərbaycan bütün bu təhdidlərə dərhal cavab verməyə hər zaman hazır olmalıdır. Bu hazırlıq isə ilk öncə iki məsələdə - ölkənin hərbi qüdrətinin artırılmasında və milli həmrəylik mühitinin gücləndirilməsində özünü göstərməlidir. Xüsusi olaraq nəzərə almaq lazımdır ki, bu gün Azərbaycana qarşı edilən həmlələr sadəcə silahlı dəstələr, hərbi təxribatlarla həyata keçirilmir. Düşmən xalqımızın mənəvi-siyasi birliyini sarsıtmaq üçün də ciddi səylət göstərir, ideoloji diversiyalar hazırlayır. Çox təəssüflər olsun ki, bu ideoloji müharibədə özünü azərbaycanlı adlandırıb faktiki olaraq düşmən sırasında duaranlar da var. Özlərini alim, siyasətçi, ziyalı adlandıran bu insanlar öz ambisiyalarını təmin etmək məqsədilə nə əldə olunan qələbələrimizin əhəmiyyətini şübhə altına almaqdan, nə də bu qələbələr uğrunda canlarını fəda etmiş Şəhidlərimizin ruhlarına xəyanət etməkdən çəkinmirlər. Anlamaq istəmirlər ki, Azərbaycan azad edilmiş torpaqlarda yenidən şəhərlər, kəndlər salır ki, 30 il yurd həsrətilə yaşamış insanlarımız yenidən öz dədə-baba torpaqlarına qayıtsınlar. Belə olan halda isə həmin insanların təhlükəsizliyini təmin etmək dövlətin bir nömrəli vəzifəsidir. Bu məqsədlə biz ilk növbədə Ermənistanla sərhəd boyunca mövqelərimizi möhkəmlətməliyik. Azərbaycan ordusu ərazilərimizi gələcəkdə məruz qoyula biləcəyi təcavüzlərdən qorumaq üçün möhkəm istehkamlar qurmalıdır. Elə son antiterror əməliyyatlarının gedişində ələ keçirilmiş strateji yüksəkliklər də ilk növbədə bu məqsədlərə xidmət edir. Bu gün bütün dünyaya bu həqiqətlərdən bəhs etməkdənsə, Azərbaycanı özünü müdafiə üçün əl atdığı tədbirlərə görə az qala haqsız çıxarmağa çalışanları isə yalnız xəyanətkar adlandırmaq olar.
Düşmən təxribatlar törədə bilər, düşmən milyonlarla azərbaycanlının içərisindən bir-iki nəfər iradəsiz, əqidəsiz xain tapıb onları öz dəyirmanına su tökməyə məcbur edə bilər. Amma düşmən heç zaman bizdən güclü ola bilməz. İlk növbədə ona görə ki, Prezident İlham Əliyevin yürütdüyü xarici və daxili siyasət sayəsində Azərbaycanda bütün məsələlərə pərakəndə deyil, məhz sistemli yanaşma var. Bizim gücümüz də bu sistemli yanaşmada, müdrik siyasətdə və milli birlikdədir. Unutmaq lazım deyil ki, yalnız ölkəmizdə ictimai-siyasi sabitliyin qorunması sadəcə Azərbaycanın deyil, həm də bütün regionun davamlı inkişafının zəmanəti olacaq.” – deyə Novruzəli Aslanov öz fikirlərini tamamlayıb.