“2024-cü ilin 7 fevral tarixinə təyin olunmuş növbədənkənar Prezident seçkiləri müstəqil Azərbaycanın tarixində bütün ölkə ərazisində keçiriləcək ilk seçki olacaq. Bu, ölkəmizdə formalaşmış xalq-iqtidar birliyi sayəsində əldə olunmuş tarixi Qələbəmizin təsbitidir, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təsbitidir. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev xalqa verdiyi bütün sözlərə tam əməl edərək üçrəngli bayrağımızı Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalandırdı. Gələn il isə, artıq həmin torpaqların tarixi sakinləri yenidən öz dədə-baba yurdlarında səs verəcək, Prezident seçkilərində iştirak edəcəklər. Əlbəttə ki, bu, böyük bir xoşbəxtlik, sonsuz sevincdir. Bu xoşbəxtliyi isə, öz xalqına Ölkə Prezidenti cənab İlham Əliyev bəxş etmişdir.”
Bu sözləri 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə bağlı aia.az-a verdiyi açıqlamasında Milli Məcliin deputatı Novruzəli Aslanov deyib.
Fikirlərini davam etdirən deputat bildirib ki, Azərbaycan ölkədə mövcud olan xalq-iqtidar birliyi sayəsində bundan sonra da biə qarşı yönələcək bütün təxribatların qarşısını almaq gücünə sahibdir: “Azərbaycan 2020-ci ildə apardığı və 44 günə parlaq tarixi Qələbə ilə başa vurduğu Vətən müharibəsi, növbəti üç il ərzində dövlətimiz tərəfindən atılan məqsədyönlü addımlar və nəhayət bu ilin sentyabr ayında keçirilmiş antiterror tədbirləri nəticəsində özünün ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək, bu gün həm regionda, həm də ölkəmizdə tamamilə fərqli mahiyyətə malik olan yeni reallıqlar yaratdı. Birmənalı olaraq deməliyik ki, bütün bu müstəsna əhəmiyyətli parlaq qələbələr birbaşa Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin uğurla və müdrikcəsinə həyata keçirdiyi, alternativsiz xarici və daxili siyasətin, eləcə də ölkəmizdə formalaşmış xalq-iqtidar birliyinin nəticəsində əldə olunub. Lakin hər zaman xatırlamaq lazımdır ki, Azərbaycanı vahid və güclü ölkə kimi görmək istəyən və buna ürəkdən sevinən dostlarımız kimi, uğurlarımızı gözü götürməyənlərin də sayı kifayət qədərdir. Məhz bu qüvvələr tərəfindən ölkəmizə qarşı hazırlana biləcək növbəti təxribatların qarşısını almaq üçün ölkəmizdə siyasi sistemin gücləndirilməsi strateji əhəmiyyət kəsb edən bir məsələdir. Növbədənkənar Prezident seçkiləri də məhz bu məsələnin daha böyük səmərəliliklə həllinə xidmət edəcək.”
Həmçinin N.Aslanov növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı səsləndirilən qərəzli fikirləri acizliyin və gücsüzlüyün bir təzahürü olduğunu qeyd edərək bunları deyib: “Hətta siyasətdən uzaq olan insanlar da bilirlər ki, növbədənkənar seçkilərin keçirilməsi bütün dünyada qəbul olunmuş siyasi təcrübədir. Nəzərə alınmalıdır ki, bu qərar ölkəmizdə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunub. Yəni, seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Bu yanaşma ölkədə ədalətli rəqabət mühitinin təmin edildiyinin bariz nümunəsidir. Əgər hər hansı bir namizədin potensialı və elektoratı varsa, bu zaman seçkilərin keçirilməsi həmin şəxs üçün real fürsətdir. Bu mənada seçkilərin keçirilməsi ilə bağlı ifadə olunan istənilən narazılıq və iradlar yalnız qərəzli mövqeyin və siyasi acizliyin təcəssümü kimi dəyərləndirilməlidir. Eyni zamanda da növbədənkənar seçkilərin elan olunması Ölkə Prezidenti cənab İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə tam əminliyinin ən bariz göstəricisidir. Əlbəttə ki, iki aydan sonra Azərbaycan xalqı da öz Prezidentinə, öz Ali Baş Komandanına sonsuz inam və etibarını bir daha nümayiş etdirəcək. Fevral ayında keçiriləcək növbədənkənar seçkilər Azərbaycanda formalaşmış milli birlik və həmrəyliyin növbəti böyük təntənəsi olacaq” – deyə Novruzəli Aslanov fikirlərini tamamlayıb.