Novruzəli Aslanov: “Antiterror tədbilərinin keçirilməsi Azərbaycanın legitim hüququdur”

“Vətən Müharibəsinin başa çatmasından və 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından artıq 3 il keçsə də Ermənistan Azərbaycanla sülh sazişini imzalamaqdan hələ də boyun qaçırır. Hətta son dövrlərdə Rusiyanın və Avropa İttifaqının vasitəçiliyi ilə keçən danışıqlarda rəsmi İrəvanın nəhayət ki, bəzi konstruktiv qərarlara yaxınlaşması müşahidə olunsa belə, nəticə etibarı ilə Ermənistan tərəfindən bölgədə sülhün və sabitliyin bərqərar olunması üçün konkret addımlar atılmır. Əksinə, Ermənistan özünün silahlı qüvvələrinə aid hərbi birləşmələri Azərbaycanın Qarabağ bölgəsində saxlamaqla gərginliyin artmasına zəmin yaradır. Bu birləşmələrin ölkəmizə qarşı ard-arda törətdikləri silahlı diversiya aktları Azərbaycan tərəfində həm hərbçilər, həm də mülki vətəndaşlar arasında itkilərlə müşayiət olunur. Bununla yanaşı bəzi xarici havadarlarının dəstəyi ilə Ermənistan Azərbaycan ərazilərindəki hərbi birləşmələrini insan qüvvəsi və müxtəlif silahlarla daha da gücləndirməyə çalışır. Ölkəmizə qarşı mina terrorunun miqyası getdikcə artır. Bütün bunların fonunda isə rəsmi Bakının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrinə dəfələrlə ünvanladığı dialoq çağırışları da hər dəfə cavabsız qoyulub. Bütün bu baş verənlər Ermənistanın öz havadarlarının təhriki ilə vəziyyəti dondurulmuş hala gətirmək cəhdlərini açıq-aşkar nümayiş etdirir.”

Bu sözləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Deputat həmçinin qeyd edib ki, Azərbaycanın sentyabr ayının başladığı anti-terror tədbirləri Ermənistanın ölkəmizə qarşı apardığı məqsədyönlü və planlı terror siyasətinin cavabı kimi gözlənilən idi: “Məlum olduğu kimi, Ermənistan silahlı qüvvələrinin Qarabağda yerləşdirilmiş birləşmələri tərəfindən Azərbaycana qarşı törədilən son terror-diversiya aktları da insan itkilərinə səbəb olmuşdur. Belə ki, sentyabrın 19-da erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində mülki şəxslər həlak olub. Yenə də həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsi də ermənilər tərəfindən quraşdırılmış minaya düşərək partlayıb və hərbi qulluqçularımız həlak olub. Təbii ki, Azərbaycan bütün bunları cavabsız qoya bilməzdi. Buna görə də sentyabrın 19-da Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu lokal xarakterli antiterror tədbirlərinə başladı. Bu, Azərbaycanın bütün beynəlxalq konvensiyalarda təsbit olunmuş legitim hüququdur və heç bir beynəlxalq təşkilat bu tədbirlərin keçirilməsinə görə ölkəmizi qınaya bilməz. Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir və bu birləşmələr dərhal, qeyd-şərtsiz zərərsizləşdirilməlidir.”

Fikirlərini davam etdirən N.Aslanov daha sonra vurğulayıb ki, Azərbaycan tərəfinin hətta antiterror əməliyyatlarının gedişində belə qarşı tərəflə danışıqlara başlamağa hazır olduğunu bəyan etməsi ölkəmizin xarici siyasətində humanizm prinsiplərinin və beynəlxalq hüquq normalarının gözlənilməsinin hər zaman prioritet olduğunu nümayiş etdirir: “Antiterror tədbirlər çərçivəsində yalnız Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır, mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır. Həmçinin vacib məqamlardan biri budur ki, keçirilən əməliyyat barədə Rusiya sülhməramlı kontingentinin komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi məlumatlandırılı. Bütün bunlarla yanaşı Azərbaycan Qarabağın erməni əhalisinin nümayəndələrini reinteqrasiya məsələlərini müzakirə etmək üçün dialoqa dəvətini davam edir. Məlumdur ki, bundan əvvəl də rəsmi Bakı bir neçə dəfə bu təklifi irəli sürüb. Lakin qarşı tərəf hər dəfə bundan imtina edib. Ölkəmiz indi də Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə Yevlaxda görüşə hazır olduğunu bildirir. Lakin bunun üçün qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldırmalı, bütün silahlar təhvil verilməli, qanunsuz rejim özünü buraxmalıdır. Yalnız bu halda antiterror tədbirləri dayandırıla bilər” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.