Novruzəli Aslanov: “Azərbaycan-Konqo dostluq və əməkdaşlıq münasibətləri möhkəm təməl üzərində qurulur”

“Bu gün Azərbaycan dövləti sözün əsl mənasında çoxqütblü xarici siyasət həyata keçirir. O cümlədən Afrika ölkələri ilə əməkdaşlıq əlaqələrinin qurulması və genişləndirilməsi istiqamətində atılan məqsədyönlü addımlar bunu bir daha təsdiqləyir. Bu baxımdan cari ilin 3 aprel tarixində Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana rəsmi səfəri də mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev Konqo Prezidentinin ölkəmizə səfəri ilə əlaqədar 4 aprel tarixində mətbuata verdiyi bəyanatında bunun tarixi səfər olduğunu qeyd etmişdir. Həm də məsələ təkcə Konqo Prezidentinin Azərbaycana ilk dəfə səfər etməsində deyil. Cənab Prezident İlham Əliyev bu səfəri məhz məzmun dolğunluğu və mahiyyət dərinliyi baxımından tarixi səfər kimi dəyərləndirmişdir. Bu səfər ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin inkişafı baxımından yeni bir səhifə açmış olacaq. Diqqətəlayiq haldır ki, hər iki ölkənin dövlət başçıları Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələrinin yaradılacağına əminliklərini bildiriblər. Həmçinin cənab Prezident İlham Əliyev ölkələrimiz arasında imzalanmış Əməkdaşlıq haqqında Bəyannamənin əhəmiyyətini vurğulamış və bildirmişdir ki, bu sənəd Azərbaycan-Konqo dostluq və əməkdaşlıq münasibətləri üçün gözəl təməldir və gələcək əməkdaşlığın perspektiv istiqamətlərini müəyyən edəcək.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Fikirlərini davam etdirən deputat Azərbaycan ilə Konqo arasında iqtisadi əməkdaşlıqdan başqa siyasi əlaqələrin də mühüm əhəmiyyət kəsb edən istiqamət olduğunu vurğulayıb: “Məlumdur ki, Azərbaycan və Konqo indiyədək BMT və Qoşulmama Hərəkatı çərçivəsində xüsusilə səmərəli şəkildə əməkdaşlıq ediblər. Təbii ki, bundan sonra hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində münasibətlərini qarşılıqlı dəstək xəttini daha da dərinləşdirmək əsasında inkişaf etdirəcəklər. Cənab Prezident İlham Əliyev öz bəyanatında Azərbaycanın Qoşulmama Hərəkatına rəhbərlik etdiyi 4 il ərzində bu təşkilatın əldə etdiyi nailiyyətləri bir daha diqqət mərkəzinə gətirdi və qeyd etdi ki, bu uğurların qazanılmasında ölkəmizin təşəbbüslərinə hər zaman dəstək verən Konqonun da payı vardır. O cümlədən Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının institusional inkişafı da təmin edilmişdir. Təşkilatın Parlament Şəbəkəsi, Gənclər və Qadınlar platformaları məhz Azərbaycanın sədrliyi dönəmində yaradılmışdır. Əgər bu gün Qoşulmama Hərəkatı əvvəlki dövrlərə nisbətən daha güclü bir təşkilata çevrilmişdirsə, sözsüz ki, bu dəyişmədə Azərbaycanın bilavasitə rolu danılmazdır. Təbii ki, ölkəmiz özünün xarici siyasətində müəyyən etdiyi bəlli istiqamətləri Qoşulmama Hərəkatına sədrliyi təhvil verdikdən sonra da qoruyub saxlamaqdadır və bu prioritetlərin içərisində Azərbaycanın neokolonializmə qarşı mübarizə istiqamətini xüsusi qeyd etmək olar. Əlbəttə ki, Azərbaycan-Konqo münasibətlərinin formalaşmasında bütün bu məqamlar öz əksini tapacaq və ölkələrimizin gələcək əməkdaşlıq istiqamətləri qarşılıqlı faydalı əsaslar üzərində müəyyən ediləcək” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.