“Birmənalı olaraq deyə bilərik ki, bu gün türkdilli dövlətlərin başçıları arasında tamamilə yeni formatda təmasların mütəmadi xarakter almasında Azərbaycan Prezidenti cənab İlham Əliyevin danılmaz rolu vardır. İlk növbədə bu, ondan irəli gəlir ki, möhtərəm dövlət başçımız özünün xarici siyasətində türkdilli dövlətlərlə əlaqələrin inkişaf etdirilməsini prioritet istiqamət olaraq müəyyən edib və bu ölkələrlə iqtisadi, siyasi, humanitar və bütün digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində ardıcıl məqsədyönlü addımlar atır. Bu baxımdan Azərbaycanın Qazaxıstanla münasibətlərinin bir müddət əvvəl artıq müttəfiqlik səviyyəsinə yüksəlməsi də xüsusilə diqqətəlayiq haldır. Bu münasibətlərin əsasını ölkələrimizin qardaş xalqları arasında çoxəsrlik tarixə malik olan qarşılıqlı əlaqələr, dostluq və əməkdaşlıq təşkil edir. Hər iki ölkənin dövlət başçılarının ortaq səyləri sayəsində son illərdə Qazaxıstan ilə Azərbaycan arasında münasibətlər daha açıq və hərtərəfli xarakter kəsb edib. Siyasi, ticari-iqtisadi, mədəni-humanitar əməkdaşlıq fəallaşıb. Bu baxımdan mart ayının 11-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana növbəti rəsmi dövlət səfəri də əlbəttə ki, ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsinə yeni təkan verəcək.”
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.
Həmçinin deputat qeyd edib ki, Azərbaycan və Qazaxıstan Prezidentlərinin keçirdikləri görüş zamanı müzakirə olunan məsələlərin mövzu genişliyi ölkələrimiz arasnda əməkdaşlıq əlaqələrinin daha da şaxələndirilməsi üçün kifayət qədər böyük potensialın olduğunu deməyə əsas verir: “Dövlət başçılarının görüşü zamanı müzakirə olunan vacib məsələlərdən biri əlbəttə ki, nəqliyyat-logistika sahəsi olub. Məlumdur ki, bu gün dünyada məhz nəqliyyat-logistika imkanlarına çıxış uğrunda mübarizə getdikcə kəskinləşir. Təqdirəlayiq haldır ki, həm Qazaxıstan, həm də Azərbaycan təbii tərəfdaşlar kimi bu strateji sahədə sıx qarşılıqlı fəaliyyət göstərirlər. Elə martın 11-də Çinin Sian limanından Qazaxıstan ərazisindən keçməklə Azərbaycana dəmir yolu marşrutu üzrə gələn konteyner qatarının rəmzi qarşılanması mərasimində hər iki ölkənin dövlət başçılarının iştirakı da bu sahəyə xüsusi önəm verildiyini nümayiş etdirir. Təsadüfi deyil ki, mətbuata bəyanatla etdiyi çıxışında cənab Prezident İlham Əliyev bu hadisənin TransXəzər nəqliyyat dəhlizinin artıq reallığa çevrilməsi demək olduğunu qeyd etdi və onun özlüyündə böyük dərəcədə regional əməkdaşlığın səviyyəsini müəyyən etdiyini diqqətə çatdırdı. Bundan başqa dövlət başçıları neft-qaz sektorunda əməkdaşlıqla bağlı vəziyyəti geniş təhlil etmiş, yeni konkret layihələr müəyyənləşdirmişlər. Əlbəttə ki, bu il Azərbaycanda keçiriləcək COP29 iqlim konfransına hazırlıq məsələlərinin xüsusi müzakirə mövzusu olacağı da gözlənilən idi və demək lazımdır ki, cənab Prezident İlham Əliyev tərəfindən Qazaxıstana bu çox mühüm beynəlxalq konfransa hazırlıq və onun keçirilməsi çərçivəsində əməkdaşlıq təklif olunması da iki ölkə arasında münasibətlərin daha da dərinləşdirilməsi istiqamətində atılmış növbəti mühüm addım kimi dəyərləndirilməlidir.”
Daha sonra N.Aslanov son bir neçə ildə Azərbaycan və Qazaxıtan arasında imzalanmış sənədlərin əhəmiyyətini vurğulayaraq bunları deyib: “2022-ci ilin avqust ayında Azərbaycan və Qazaxıstan prezidentləri strateji tərəfdaşlığın dərinləşdirilməsi və müttəfiqlik münasibətlərinin genişləndirilməsinə dair Bəyannamə, 2022-2026-cı illər üçün əməkdaşlığın inkişafına dair kompleks proqram və bir sıra başqa sənədlər imzalayıblar. Hazırda bütün bu razılaşmalar ardıcıl olaraq uğurla həyata keçirilir. O cümlədən ötən ilin 10 aprel tarixində, cənab Prezident İlham Əliyevin Qazaxıstana növbəti dövlət səfəri zamanı imzalanmış bir sıra yeni sazişlər ölkələrimiz arasında çoxşaxəli tərəfdaşlığa əlavə impuls vermiş oldu. Dövlət başçımızın dediyi kimi, Xəzər regionunda, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda baş verən proseslər bizə regional təhlükəsizliklə bağlı məsələlərdən başlamış nəqliyyat, logistika, energetika, humanitar əməkdaşlıq, ekologiya ilə bağlı məsələlərə qədər bütün istiqamətlər üzrə əməkdaşlığı möhkəmlətməyi diktə edir” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.