Novruzəli Aslanov: “Azərbaycan-Rusiya əlaqələri tarixi köklərə malikdir”

“Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” bəyannamənin imzalanması ilk növbədə Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən və çox incə siyasətin nəticəsidir. Hesab edirəm ki, bugünkü gündə istər dünyada, istərsə də Azərbaycanın mövcud olduğu regionda kifayət qədər mürəkkəb bir vəziyyətin formalaşdığı, dünyanın ən böyük güc mərkəzlərinin maraqlarının bir-birilə ziddiyətə girdiyi bir dövrdə dövlət başçımızın atdığı bu addım bütün xırdalıqlarına qədər ölçülüb-biçilmiş və ən əsası vaxtında atılmış bir addımdır. Bu sənədin imzalanmasını Azərbaycana hansısa kənar qüvvələrin göstərdiyi təzyiqin nəticəsi kimi təqdim etməyə çalışanlar unudurlar ki, Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövr ərzində, xüsusən də Vətən müharibəsinin gedişində belə bir yanaşmanın tamamilə mümkünsüz olduğunu dəfələrlə isbat edib. Azərbaycan tamamilə müstəqil xarici siyasət yürüdür və siyasətin əsasında milli maraqlarımız durur.

Bunu mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Novruzəli Aslanov deyib.

Millət vəkili qeyd edib ki, Azərbaycanla Rusiya arasında münasibətlərin kifayət qədər qədim tarixi kökləri mövcuddur və bu münasibətlərdə Azərbaycan şimal qonşusuna qarşı loyallığını hər zaman nümayiş etdirib: “Əgər biz təkcə ikinci dünya müharibəsinin tarixinə nəzər salsaq görərik ki, Azərbaycan faşizm üzərində qələbənin əldə olunması üçün 200 000-ə yaxın şəhid və yaralı verib. Həmçinin Azərbaycanın təbii resursları, Bakı nefti bu qələbənin əldə olunmasında müstəsna rol oynayıb. Bu gün də Azərbaycan rus xalqına, ölkəmizdə yaşayan rus millətinin on minlərlə nümayəndəsinə qarşı dostluq münasibətlərini qoruyub saxlayır. Bu insanlar Azərbaycanda tam təhlükəsiz şəraitdə, bütün hüquq və imtiyazlradan digər millətlərin nümayəndələri ilə eyni dərəcədə yararlanaraq, azad yaşayırlar. Bir millət vəkili olaraq təmsil etdiyim İsmayıllı rayonunda olan İvanovka kəndi buna ən gözəl örnəkdir. Bu gün Azərbaycanda üç yüzdən artıq rus məktəbi var və bu məktəblərdə 140 mindən çox şagird təhsil alır. Həmçin ölkəmizdə 15 mindən çox tələbə ali məktəblərdə rus dili bölmələrində oxuyur. Əlbəttə ki, bu faktlar ilk növbədə Azərbaycanda mövcud olan həqiqi tolerantlığın və multikulturalizmin nümayişidir. Ölkəmizdə bu gün ruslarla yanaşı bir çox digər millətlərin nümayəndələri – ləzgilər, tatlar, talışlar, avarlar və başqaları eyni hüquq və imtiyazlara malikdirlər. Bu insanlar bilirlər ki, Azərbaycan onların da vətənidir. Əgər belə olmasaydı, Vətən müharibəsində bütün bu xalqların nümayəndələri azərbaycanlılarla çiyin-çiyinə ümumi düşmənə qarşı vuruşmazdılar. Lakin bu gün biz Ermənistana baxsaq, orada Azərbaycandan kəskin şəkildə fərqlənən bir mənzərəni müşahidə etmiş olarıq. Tamamilə monoetnik dövlət olan Ermənistanın əhalisinin 99,5%-i ermənilərdən və yalnız 0,5%-i digər millətlərin nümayəndələrindən ibarətdir. Ölkədə tədrisin rus dilində aparıldığı bir dənə belə olsun məktəb və ya fakültə yoxdur. Bütün bunları Rusiya dövləti və ictimaiyyəti də görür və qiymətləndirir. Əlbəttə ki, bizim bu gün Rusiya ilə yüksək səviyyədə əməkdaşlığımız mövcuddur və bu əməkdaşlığın formalaşmasında iki ölkə lideri arasındakı qarşılıqlı hörmət və etimada əsaslanan dostluq münasibətləri də mühüm rol oynayıb.”

Həmçinin N.Aslanov Azərbaycanın Türkiyə ilə münasibətlərə xüsusi önəm verdiyini vurğulayaraq bildirib ki, istənilən halda qardaş ölkə bizim əsas müttəfiqimiz olaraq qalır: “Azərbaycanın əsas müttəfiqi əlbəttə ki, qardaş Türkiyədir. 2021-ci ilin 15 iyun tarixində Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğann imzaladığı “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” bu müttəfiqliyi daha yüksək səviyyəyə daşıdı. Sənəd hər iki ölkənin parlamentində ratifikasiya olunub, dövlət rəhbərləri tərəfindən təsdiqlənib. Türkiyə ilə

Azərbaycan arasında münasibətləri müttəfiqlik səviyyəsinə yüksəldən bəyannamə ilə Azərbaycan öz təhlükəsizliyi üçün əlavə zəmanət əldə edib. Bu gün isə Moskva Bəyannaməsinin imzalanması ilə artıq Türkiyə-Azərbaycan-Rusiya üçtərəfli əməkdaşlıq əlaqələrinin yeni formatının cizgiləri çəkilir. Nəzərə almaq lazımdır ki, Vətən müharibəsindən sonra Cənubi Qafqazda yeni regional nizam formalaşır və bu nizamın əsas oyunçuları Azərbaycan, Türkiyə və Rusiyadır. Azərbaycan isə həm Türkiyə, həm də Rusiya ilə müttəfiqlik bəyannaməsi imzalamaqla bölgədəki yeni konfiqurasiyanı möhkəmləndirmiş oldu. Bu, həm də müharibədə əldə etdiyimiz qələbənin siyasi-diplomatik cəbhədə daha da möhkəmləndirilməsi, Azərbaycanın regionda yaratdığı yeni reallığın tam olaraq qəbul edilməsi baxımından son dərəcə əhəmiyyətlidir.”

Daha sonra millət vəkili Rusiya ilə müttəfiqlik bəyannaməsinin hazırlanmasının uzun sürən proses olduğunu və bu sənədin bütün müddəaları ilə Azərbaycanın maraqlarına tam cavab verdiyi vurğulayaraq bunları deyib: “Prezident İlham Əliyevin Rusiyaya səfəri uzun müddətdir ki, planlaşdırılırdı. Müttəfiqlik sənədinin hazırlanması və tərəflər arasında razılaşdırılması da təbii ki, kifayət qədər vaxt tələb edən prosesdir. Təkcə bunu xatırlamaq kifayətdir ki, dövlətimizin başçısı Yeni il ilə əlaqədar xalqa müraciətində Rusiya ilə əlaqələrin keyfiyyətcə yeni səviyyəyə qalxacağının anonsunu vermişdi. Bu baxımdan Bəyannamənin imzalanması yeni gündəmə çıxan məsələ deyil. Buna baxmayaraq prezidentlər arasında görüşün beş saata yaxın keçməsi bir daha onu göstərir ki, hətta əldə olunmuş razılaşmaya rəğmən sənədin hər bir bəndi bütün detallarına qədər müzakirə olunub, fikir mübadiləsi aparılıb. Moskva Bəyannaməsi tərəflər arasında bərabərhüquqlu münasibətləri yüksək səviyyədə tənzimləyən sənəddir, hər iki tərəfin, o cümlədən də Rusiyanın üzərinə ciddi öhdəliklər qoyur. Bu öhdəlik Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, separatizmə qarşı mübarizə, bir birinin daxili işlərinə qarışmamaq və digər məsələləri əhatə edir. Ən vacib məqamlardan biri də budur ki, Azərbaycanla Rusiya arasında müttəfiqlik Ermənistana böyük zərbədir. Bəyannamədə keçmiş münaqişəyə son qoymuş 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın, eləcə də 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyi vurğulanır. Bu o deməkdir ki, Rusiya və Azərbaycan münaqişənin bitdiyi reallığını bir daha təsdiq edir və 10 noyabr razılaşmasının icra edilməyən bəndlərinin həyata keçirilməsində, kommunikasiyanın açılmasında, sərhədin delimitasiya və demarkasiya olunmasında və nəhayət yekun sülh sazişinin imzalanmasında səylərin birləşdirilməsi barədə razılığa gəlirlər. Ermənistan isə artıq müttəfiqlik əlaqələri və üçüncü tərəfin mübahisələrə cəlb edilməsi kimi məsələlərdən sui-istifadə edə bilməyəcək” – deyə Novruzəli Aslanov öz fikirlərini tamamlayıb