Novruzəli Aslanov: “Azərbaycanda insan amili və milli maraqlar dövlət siyasətinin strateji prioritetləri kimi müəyyən edilib”

2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkilərində Azərbaycan Respublikası Prezidenti postuna 8 namizəd iştirak etmişdi. Ölkənin səsvermə hüququna malik olan vətəndaşlarının 74.3%-nin iştirak etdiyi, şəffaf, azad, demokratik şəraitdə keçirilən bu seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi, partiyanın Sədri cənab İlham Əliyev seçicilərin 86,02 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Birmənalı olaraq növbəti dəfə xalqın iradəsini əks etdirən bu seçkilərdə Azərbaycan vətəndaşları ölkədə görülən işlərə yüksək qiymət verdiklərini bir daha nümayiş etdirmiş oldular. Danılmaz bir həqiqətdir ki, cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadi gücü daha da artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənib. İnsan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetləri kimi müəyyən edilib.

Bunu mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Novruzəli Aslanov deyib.

Millət vəkili qeyd edib ki, 2003-cü ildən sonra keçən dövr ərzində Azərbaycan özünün dinamik inkişaf dövrünü yaşayıb: “Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illər ərzində imzaladığı əfv fərmanları və amnistiya aktları, insan hüquqlarının daha geniş şəkildə qorunması, seçki təcrübəsinin təkmilləşdirilməsi və digər addımlar dövlət başçımızın siyasi fəaliyyətinin əsas qayəsini təşkil etmiş oldu. Azərbaycan Prezidenti İlham Əliyev imzaladığı bir sıra fərman və sərəncamlarla sübut etdi ki, bu istiqamətdə aydın, geniş və ölçülüb-biçilmiş fəaliyyət proqramına malikdir. Bu proqrama uyğun olaraq ilk növbədə əhalinin sosial durumu diqqət mərkəzində saxlanıldı, minimum əmək haqqı və pensiyalar artırıldı, ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun yüksəldilməsi, mövqelərinin möhkəmləndirilməsi, əlaqələrinin daha da genişləndirilməsi istiqamətində qətiyyətli addımlar atıldı. Azərbaycanın sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin əsası məhz 2003-cü ildən qoyuldu. İqtisadi strategiyanın yeni prioritetləri və inkişaf perspektivləri müəyyən edildi. Ölkədə sosial-iqtisadi tərəqqinin davamlı dinamikasını təmin etmək üçün qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi, infrastruktur obyektlərinin beynəlxalq standartlara uyğun şəkildə yenidən qurulması əsas vəzifə kimi qarşıya qoyuldu. Azərbaycan zəngin neft resurslarından daxil olan valyuta ehtiyatlarını səmərəli şəkildə xərcləməklə, iqtisadiyyatın bütün sektorlarının dinamik inkişafı üçün əlverişli baza yaratmağa nail oldu və qeyri-neft sektorunu valyuta gətirə biləcək strateji bölməyə çevirdi. Dünyanın aparıcı iqtisadi və maliyyə qurumları tərəfindən Azərbaycanın uğurları qeyd edilir, bütün hesabatlarda ölkəmiz inamla öncül mövqelərə çıxırdı. Həmin dövrdə Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatında Azərbaycan iqtisadiyyatı artıq dünyada 35-ci, MDB məkanında isə 1-ci yerə sahib ola bilmişdi”, - deyə N.Aslanov bildirib.

Həmçinin Milli Məclisin deputatı vurğulayıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət Azərbaycanın beynəlxalq nüfuzunun artmasını təmin etmişdir: “Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici siyasət Azərbaycanın bütün nüfuzlu beynəlxalq təşkilatların yüksək kürsülərindən daha qətiyyətlə çıxış etməsi və bir çox məsələlərdə beynəlxalq aləmin onun rəyinə hörmətlə yanaşması üçün münbit şərait yaratdı. 2011-ci il oktyabrın 24-də Azərbaycan 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə BMT-yə üzv olan 193 dövlətdən 155-nin dəstəyini qazanaraq inamlı qələbə qazandı. BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük nailiyyətlərdən biri olmaqla ölkəmizin son illər dünya miqyasında artan siyasi nüfuzunun bariz sübutu olaraq qəbul edilməlidir. Belə ki, Azərbaycan son illər ərzində stabil inkişaf edən, yüksək iqtisadi göstəricilərə nail olan və beynəlxalq siyasətdəki fəaliyyəti ilə dünya ictimaiyyətinin rəğbətini qazanan dövlət olaraq bütün bu müvəffəqiyyətlərin nəticəsində beynəlxalq səviyyədə ən mötəbər qurumun üzvlüyünə seçilmişdir. Azərbaycan BMT Təhlükəsizlik Şurasında təmsil olunmaqla yanaşı, 2011-ci ilin may ayında 120 dövlətin daxil olduğu Qoşulmama Hərəkatına üzv qəbul edildi. 2015-ci il noyabrın 15-16-da Türkiyənin Antalya şəhərində “G-20” sammitində Azərbaycanın “Böyük İyirmilik” tədbirlərində iştirakı mühüm əhəmiyyət kəsb edir kəsb edir və Sammit həm regional, həm də beynəlxalq problemlərin həlli üçün zəruri tədbir kimi yadda qalmışdır. “Böyük İyirmiliy”in hər il keçirilən Zirvə toplantısı ilin əsas iqtisadi hadisəsi hesab edilir və dünyanın aparıcı iqtisadi, hərbi, siyasi gücə malik dövlətləri bu toplantıda təmsil olunurlar. Belə bir Sammitdə Azərbaycanın da təmsil olunması dövlətimizin beynəlxalq imici, siyasi-iqtisadi qüdrətinin son dövrlər artmasının göstəricisidir. Türkiyənin xüsusi dəvəti əsasında Azərbaycanın iştirak etdiyi Sammit ölkəmizin gələcək inkişafı üçün də mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın dövlət başçısının “G-20 Liderlər Sammiti”ndə iştirakı və diqqəti cəlb edən çıxışı artıq ölkəmizin regionda, eləcə də dünyada əsas aktorlardan birinə çevrildiyini göstərir. Əlbəttə ki, bütün bu amillər 2018-ci ildə keçirilmiş prezident seçkilərinin nəticələrinə öz təsirini göstərməyə bilməzdi. Azərbaycan xalqı bir daha müdrik seçim edərək Prezident İlham Əliyevə etimad göstərdi. Bir vacib məqamı da xüsusi qeyd etmək lazımdır ki, həmin seçkilərdə vətəndaşların böyük əksəriyyətinin Prezident İlham Əliyevə səs verməsi, həm də xalqın bütün destruktiv və xain qüvvələrə yox deməyinin bariz təzahürü oldu. Bununla da xarici qrantlar, ianələr hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxışlar edən radikalların Azərbaycanın siyasi səhnəsinə yolu birdəfəlik bağlandı”, - deyə Novruzəli Aslanov öz fikirlərini tamamlayıb.