Novruzəli Aslanov: "Faşizm üzərində qələbə tarixə qızıl hərflərlə yazılmış hadisədir"

“Elə hadisələr var ki, tarixə qızıl hərflərlə yazılır. Minilliklər keçsə belə bu tarix dəyişilməz olaraq qalır. Belə hadisələr əsasən qələbə ilə bağlı olur. Biz də fəxr edirik ki, keçmiş və indiki tariximizdə belə hadisələr çoxluq təşkil edir. Bizim üçün Azərbaycan xalqı zəfər simvoludur, çünki xalqımızın qələbə əzmi tarixin dərin qatlarında kök salmış və qəhrəmanlıqlarını hər zaman dünyaya sübut etmişdir.

Tarixdə itkisiz müharibəyə rast gəlinməmişdir. Müharibənin dəhşətini göstərən isə itkilərin sayıdır. İkinci Dünya müharibəsi isə 50 milyonluq itki ilə qanlı səhifənin ilk sıralarında dayanır.  XX əsrin ən dəhşətli səhifəsi olan İkinci dünya müharibəsi bizim üçün çoxlu qurbanlar hesabına başa çatdı. Eyni zamanda bu müharibə dünyada misli görünməmiş qələbə ilə yaddaşlarda qaldı. Alman faşizminə qarşı müharibəyə qalxmış xalqlar 1945-ci ildə tarixi bir qələbə qazandı. Bu tarix Rusiya ilə yanaşı, bir çox ölkə üçün də önəmlidir. Belə ki, 9 May Qələbə Gününü qeyd edən ölkələr sırasında Azərbaycanla yanaşı, Belarus, Moldova, Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkmənistan Serbiya və digər ölkələr də var.

Zaman keçdikcə, illər ötdükcə bu qələbənin mənası, mahiyyəti və tarixi əhəmiyyəti daha da aydın olur və bütün dünya üçün yeni bir baxış yaranır. Azərbaycan xalqı İkinci Dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümayiş etdirmişdir”.
Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov söyləmişdir.

Millət vəkili qeyd etmişdir ki, “Tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının böyük rolu olmuşdur. Cəbhəyə 600 mindən çox oğul və qızını yola salmış xalqımız həm ön cəbhədə, həm də arxa cəbhədə böyük fədakarlıq göstərmişdir.. Müharibə meydanlarında misilsiz qəhrəmanlıqlar göstərmiş 42 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına, 30 nəfər isə “Şöhrət” ordeninin hər üç dərəcəsinə layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. 77-ci, 223-cü, 271-ci, 396-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər. Qəhrəman azərbaycanlılar Polşa, Çexiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak ediblər. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Mehdi Hüseynzadə, Gəray Əsədov, Şəmsəddin Əsədullayev, Qafur Məmmədov kimi igid Azərbaycan oğullarının qəhrəmanlıq nümunələri illər keçsə də unudulmur, Vətən uğrunda mübarizənin simvolu kimi daim xatırlanır. Qərbi Avropanın faşizm bəlasından azad olunmasında qəhrəmancasına döyüşmüş 3 mindən çox azərbaycanlının, o cümlədən Fransanın Milli Qəhrəmanı adına layiq görülmüş Əhmədiyyə Cəbrayılovun, Yuqoslaviyanın azad edilməsində missilsiz qəhrəmanlıq nümunələri göstərmiş Mehdi Hüseynzadənin xatirəsi nəsillərin qəlbində yaşayır.

Bu tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının ən böyük payı cəbhəni neftlə təmin etmək olmuşdur. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb. Sovet İttifaqı Marşalı F.İ.Tolbuxin: yazırdı ki, “Qızıl Ordu qazandığı çoxlu qələbələrinə, hücum edən hissələrə vaxtlı-vaxtında keyfiyyətli yanacaq göndərdiyinə görə Azərbaycan xalqı və cəsur Bakı neftçiləri qarşısında borcludur”

Ulu Öndər Heydər Əliyev deyirdi ki, “Bu qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur. Həmin dövrdə Sovetlər İttifaqında çıxarılan neftin 70 faizi Azərbaycanda hasil edilirdi. Bu qədər neft Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində istehsal olunurdu. Şübhəsiz, nəticə çıxarmaq çətin deyil ki, əgər Azərbaycan nefti olmasaydı, motorlar müharibəsi, texnika müharibəsi o qədər uğurlu və müvəffəqiyyətli ola bilməzdi. O vaxtlar Azərbaycan alimləri tərəfindən yüksək keyfiyyətli benzin, kerosin və başqa neft məhsulları ixtira olunaraq, respublikamızda istehsal edilirdi”.

Prezident İlham Əliyev Böyük Vətən müharibəsinin ağır və çətin sınaqlarından keçmiş veteranların qayğılarına həssaslıqla yanaşır. Azərbaycan Prezidentinin 2022-ci il 19 aprel tarixli Sərəncamı ilə 1941–1945-ci illər müharibəsində iştirak etmiş şəxslərə, onların dul qalmış arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif olunmuş şəxslərə birdəfəlik yardım verilməsi. Onların sosial problemlərinin daim diqqət ərkəzində saxlanaraq həll edilməsi bu qayğının bariz nümunəsidir”.

Millət vəkili qeyd etmişdir ki, “ bu qələbənin əsas mahiyyəti odur ki, bəşəriyyət faşizm adlanan bəladan xilas oldu. Hitler və onun nasist cəlladları qalib gəlsəydi insanlıq məhv ola bilərdi. Zaman keçdikcə bu qələbənin tarixi əhəmiyyəti daha dərindən başa düşülür və bu yolda canından keçən 50 milyon insanın xatirəsi ehtiramla yad edilir. Faşizm üzərində qələbə tarixə qızıl hərflərlə yazılmış hadisədir.

Faşizm üzərində qələbə Azərbaycan xalqının da fəxr etdiyi, qürurlandığı unudulmaz tarixdir. Biz bu Qələbədən çox şey götürmüşük. Xüsusən, torpaqlarımızın işğaldan azad olunmasında, erməni faşizminin məğlub edilməsində babalarımızın qəhrəmanlıq örnəyi, mübarizə əzmi bizi Vətən uğrunda ölüm-dirim savaşına səslədi. Xalqımızın İkinci dünya müharibəsindəki qəhrəmanlığı, oğul və qızlarımızın rəşadəti, bizi Böyük Qələbəyə - torpaqlarımızı işğaldan azad edilməsi uğrunda mübarizənin şəhidləri və şahidləri olmağa aparan yolun başlanğıcı oldu. . 44 günlük Vətən savaşında şanlı Azərbaycan əsgəri və onun müzəffər Ali Baş Komandanı yeni bir tarix yazdı. Tarixə Zəfər salnaməsi kimi düşən bu Qələbə nəticəsində həm torpaqlarımız işğaldan azad edildi, həm də erməni faşizminə ağır bir zərbə vurulmuş oldu. Azərbaycan xalqı bütün dünyaya sübut etdi ki, bu xalq nə işğalla, nə də faşist erməni ideologiyası ilə barışmaq niyyətində olmamış və olmayacaqdır”.