Novruzəli Aslanov: “Fəaliyyətimizə verdiyi yüksək dəyərə görə dövlət başçımıza minnətdarıq”

Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəxri üzvü cənab İlham Əliyevin 7 aprel 2008-ci il tarixli sərəncamı ilə hər ilin 10 mart tarixi Azərbaycan Respublikasında Qızıl Aypara Günü kimi qeyd olunur. Məlum olduğu kimi, Azərbaycan Qızıl Aypara Cəmiyyəti 1920-ci il mart ayının 10-da təsis edilmişdir. Milli Cəmiyyət müsəlman şərqində ilk Demokratik Respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin varislərindən sayılır. Bu gün iə bu mötəbər qurum özünün 102-ci ildönümünü böyük fərəh hissi ilə qeyd edir.

Bizim hər birimiz üçün qürurverici və şərəfli haldır ki, Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyətini hər zaman yüksək qiymətləndirib. Möhtərəm dövlət başçımızın təşkilatın 100 illik yubileyi münasibətilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin üzvlərinə ünvanladığı 06 mart 2020-ci il tarixli məktubunda deyilir: “Könüllülük prinsipi əsasında yaradılmış Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bu yubileyinin ölkəmizdə “Könüllülər ili” ilə eyni vaxta təsadüf etməsinin rəmzi mənası vardır. Azərbaycan Xalq Cümhuriyyəti dövrünün yadigarlarından olan və əsası 1920-ci ilin mart ayında qoyulan Qızıl Aypara Cəmiyyəti ilk günlərdən xalqa təmənnasız xidməti özünün amalına çevirmişdir. Sosial məsələlərin həllinə yaxından köməklik göstərməsi və fəaliyyətinin başlıca qayəsini könüllülük, insanpərvərlik və xeyirxahlıq kimi nəcib keyfiyyətlərin təşkil etməsi Cəmiyyətə nüfuz qazandırmışdır. Qızıl Aypara Cəmiyyəti müharibədən, təbii və texnogen fəlakətlərdən zərər çəkənlərə, əhalinin sosial cəhətdən qayğıya möhtac təbəqələrinə yardımını əsirgəməmiş, eyni zamanda, insanlara mənəvi dəstək vermiş və inam hissi aşılamışdır.” Daha sonra məktubda deyilir: “Bu gün Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tərkib hissəsi olaraq bir sıra sosial-tibbi və humanitar layihələri uğurla gerçəkləşdirən Azərbaycan Qızıl Aypara Cəmiyyəti ölkə miqyasında mühüm vəzifələrin yerinə yetirilməsinin fəal iştirakçılarındandır.”

Ölkə Prezidenti cənab İlham Əliyevin təşkilatımızın fəaliyyətinə verdiyi yüksək dəyərin daha bir göstəricisi də budur ki, dövlət başçısının 04.03.2010-cu il tarixli və 04.03.2015-ci il tarixli sərəncamları ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 31 nəfər əməkdaşı “Tərəqqi” nedalı ilə təltif olunublar. Həmçinin bu sətirlərin müəllifi də Prezident İlham Əliyevin 4 mart 2010-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və Qızıl Aypara hərəkatının inkişafında xüsusi xidmətlərinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə və 4 mart 2015-ci il tarixli sərəncamı ilə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Bütün bu deyilənlər əlbəttə ki, Prezident İlham Əliyevin ölkənin ictimai-siyasi həyatını təşkil edən bütün sahələrə hər zaman böyük diqqət yetirdiyinin bir göstəricisidir.

Biz də Azərbaycan Qızıl Aypara Cəmiyyəti ailəsi olaraq möhtərəm dövlət başçımıza fəaliyyətimizə verdiyi yüksək dəyərə, təşkilatımıza ayırdığı xüsusi diqqət və qayğıya görə dərin minnətdarlığımızı bildiririk. Biz hamımız əminik ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra daha böyük qələbələrə imza atacaq və hər zaman dünyünın ən güclü, inkişaf etmiş ölkələri sırasında olacaq!

Novruzəli Aslanov
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Prezidenti,
Azərbaycan Respublikası Milli Məclisinin deputatı