“2020-ci il sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatlarının qarşısını almaq və Vətən torpaqlarını işğaldan azad etmək məqsədilə Ali Baş Komandan cənab İlham Əliyevin əmrinə əsasən Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatları tez bir zamanda geniş miqyas alaraq Vətən müharibəsinə çevrildi. Hərbi əməliyyatların başlandığı ana Azərbaycan istər hərbi potensialına, istər iqtisadi gücünə, istərsə də ölkədə hökm sürən ictimai-siyasi şəraitin əlverişliliyinə görə Ermənistanı qat-qat üstələyirdi. Bu da Azərbaycan Prezidentinin müdrik uzaqgörənliklə həmin ana qədər ötən 17 il ərzində həyata keçirdiyi əhatəli və effektiv hazırlıq işlərinin nəticəsi idi. Erməni işğalçıları bu dəfə də dünyada olan havadarlarının dəstəyinə, Azərbaycana ediləcək təzyiqlərə və hətta əgər mümkün olarsa üçüncü tərəf kimi hansısa digər ölkələri münaqişəyə cəlb edə biləcəklərinə hər nə qədər ümid etsələr də, ölkəmizin hərbi qüdrəti və artıq beynəlxalq aləmdə kifayət qədər möhkəmlənmiş mövqeləri düşmənə heç bir şans buraxmadı. 2003-2020-ci illər arasında cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan möhtəşəm hazırlıq dövrünü keçmiş və artıq nəinki Ermənistanın, istənilən aqressorun qarşısına çıxmaq və onu yerinə oturtmaq gücünə sahib olmuşdu. Bütün bunlar Vətən müharibəsinin gedişində öz təsdiqini bariz şəkildə tapmış oldu.”
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisinin deputatı Novruzəli Aslanov deyib.
Daha sonra öz fikirlərini davam etdirən deputat qeyd edib ki, məhz Şuşanın azad olunması əməliyyatı Vətən müharibəsinin sonluğunun Azərbaycan üçün ən əlverişli şərtlərlə başa çatmasını təmin etdi: “Azərbaycanın Vətən müharibəsində qalib gələcəyi qaçınılmaz idi. Bununla belə məhz Şuşanın azad olunması hərbi əməliyyatların Azərbaycan üçün ən əlverişli şərtlərlə başa çatmasını təmin etdi. 2020-ci ilin 8 noyabrında Şanlı Ordumuzun qəhrəman hərbçiləri alınmaz qala hesab edilən Şuşanı indiyədək hərb tarixində misli görünməmiş əməliyyat keçirməklə düşməndən azad etdilər. Sıldırım qayalarla dırmaşaraq əlbəyaxa döyüşə girən Azərbaycan hərbçiləri Şuşanı erməni işğalçılarından bir günə təmizlədilər. Bu parlaq qələbədən dərhal sonra Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən daha 72 yaşayış məntəqəsi və strateji əhəmiyyətli yüksəkliklə ildırım sürətilə azad olundu. Bu irimiqyaslı həmlələr düşmənin həm fiziki, həm də mənəvi cəhətdən darmadağın olmasına səbəb oldu. Bundan cəmi bir gün sonra Müzəffər Ordumuzun qarşısında duruş gətirə bilməyən Ermənitan təslim oldu. Noyabr ayının 9-dan 10-na keçən gecə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış üçtərəfli bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə birdəfəlik son qoyuldu. Azərbaycanın maraqlarına tam cavab verən bu sənəd faktiki olaraq Ermənistanın kapitulyasiya aktı oldu. Bu sənədin imzalandığı an hələ də işğal altında olan digər rayonlarımız - Ağdam, Laçın, Kəlbəcər rayonları artıq Üçtərəfli bəyannamənin şərtlərinə görə qan tökülmədən özümüzə qaytarıldı. Bu isə bir daha Ölkə Prezidenti cənab İlham Əliyevin insanlarımızın, əsgərlərimizin həyatını hər şeydən daha üstün tutduğunu aydın şəkildə göstərir.”
Sonda N.Aslanov belə bir məqamı da vurğulayıb ki, bu gün Azərbaycanın irəli sürdüyü təşəbbüslər, o cümlədən Ermənistan hökumətinə ünvanlanan mesajlar Cənubi Qafqazda regional sülhün, sabitliyin və davamlı inkişafın bərqərar olması üçün ən optimal təkliflər kimi dəyərləndirilməlidir: “Bu gün artıq Azərbaycanın Vətən müharibəsində qalib gəldiyi gündən üç il ötür. Bu illər ərzində cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz işğaldan azad edilmiş ərazilərin yenidən dirçəldilməsi istiqamətində möhtəşəm işlər görüb. Bu gün Azərbaycan yeni regional geosiyasi və geostrateji reallıqların müəllifi olaraq öz gələcəyini özü qurur. Heç bir şübhə yoxdur ki, bu günə qədər dövlətimiz tərəfindən bəyan edilən bütün hədəflər necə təmin edilmişdisə, növbəti dövr üçün nəzərdə tutulmuş hədəflər də eyni effektivliklə təmin ediləcək. Təbii ki, heç bir kənar dövlətin, xüsusən də Ermənistanın mövqeyi Azərbaycanın planlarına təsir edə bilməz. Buna cari ilin sentyabr ayında bütün dünya bir daha şahid oldu. Ermənistanın özünün silahlı qüvvələrinə aid hərbi birləşmələri son üç il ərzində Azərbaycanın Qarabağ bölgəsində saxlaması, bu birləşmələrin ölkəmizə qarşı ard-arda silahlı diversiya aktları törətmələri, bəzi xarici havadarlarının dəstəyi ilə Ermənistanın bu hərbi birləşmələri insan qüvvəsi və müxtəlif silahlarla daha da gücləndirməyə çalışması, eləcə də Qarabağda yaradılmış qondarma separatçı rejimə loyallıq nümayiş etdirməsi Azərbaycanı növbəti dəfə öz gücünü nümayiş etdirmək məcburiyyətində qoydu. Sentyabrın 19-da Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu lokal xarakterli antiterror tədbirlərinə başladı. Cəmi 23 saat davam edən əməliyyatların nəticəsi olaraq ölkəmiz bütün məqsədlərinə nail oldu. Bütün qanunsuz silahlı birləşmələr tərk-silah olundu, Qarabağdakı separatçı rejim ləğv edildi, cinayətkarlar məsuliyyətə cəlb olundular. Ölkəmiz özünün bütün ərazisində tam suverenliyini bərpa etdi. Ölkə Prezidenti cənab İlham Əliyev 15 oktyabr 2023-cü il tarixində Azərbaycanın Xankəndi şəhərində müqəddəs bayrağımızı qaldırmaqla bütün dünyaya Qarabağ münaqişəsində son nöqtənin qoyulduğuna dair açıq-aşkar mesaj ünvanladı. Bununla belə ölkəmiz Vətən müharibəsinin nəticələri kimi yaranmış yeni regional reallıqlar fonunda ortaya çıxan iqtisadi inkişaf perspektivlərindən bütün qonşu ölkələrin yararlanmasının tərəfdarıdır. Məhz bu səbəbdən də cənab Prezident İlham Əliyev mütəmadi olaraq Ermənistan rəhbərliyinə Azərbaycanla münasibətlərini normallaşdırmaq istiqamətində konkret addımlar atılmasının zəruriliyini vurğulayan çağırışlar edir. Əks halda isə Ermənistanın düşdüyü səfalət və tənəzzül girdabından çıxması qətiyyən mümkün olmayacaq. Azərbaycan isə öz Zəfər yoluna bundan sonra da inamla davam edəcək” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.