“Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyində getdikcə artan rolu ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin inkişaf dinamikasına da öz müsbət təsirini göstərir. Bu baxımdan cənub-şərqi Avropa ölkələri ilə son bir neçə ildə formalaşmış dostluq münasibətləri xüsusilə diqqəti cəlb edir. O cümlədən ölkəmizin Serbiya və Bolqarıstanla əlaqələri hazırda strateji əməkdaşlıq səviyyəsinə yüksəlməklə ümumilikdə Azərbaycan-Avropa münasibətlərinə böyük töhfə verir. Qeyd etmək lazımdır ki, bu əlaqələrin Azərbaycan, Serbiya və Bolqarıstan Prezidentlərinin şəxsi dostluq münasibətləri əsasında formalaşması ölkələrimiz arasında əməkdaşlıq perspektivlərini daha da genişləndirir. Azərbaycan ilə həm Serbiya, həm də Bolqarıstan arasınada imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamələr isə əməkdaşlıq əlaqələrinin yüksək statusundan xəbər verir.”
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.
Deputat daha sonra cari ilin 10 dekabr tarixində Serbiyanın Niş şəhərində açılış mərasimi keçirilmiş Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun əhəmiyyətini qeyd edərək bunları deyib: “Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılışı ölkələrimiz arasında münasibətləri daha da dərinləşdirən mühüm iqtisadi amildir. İnterkonnektorun fəaliyyəti bu ölkələrin sənaye inkişafına böyük töhfə verəcəkdir. Eyni zamanda da bu layihə sayəsində Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişlənəcək. Açılış mərasimində çıxış edən cənab Prezident İlham Əliyev hazırda Azərbaycan qazının doqquz ölkəyə ixrac edildiyini və bunlardan yeddisinin Avropa ölkəsi olduğunu qeyd etdi. Bu əlbəttə ki, ciddi göstəricidir. Lakin Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfələrini gələcəkdə daha da artıracaq. Keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu bu gün effektiv şəkildə icra edilir. Bu memoranduma görə, Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalıdır. Ümumiyyətlə Azərbaycanın enerji strategiyası hazırda uğurla icra edilir və möhtərəm dövlət başçımızın dediyi kimi, ölkəmizin irəli sürdüyü və icra etdiyi layihələr Avrasiyanın enerji xəritəsinin yenidən tərtib edilməsinə səbəb olmuşdur.”
Həmçinin N.Aslanov Bolqarıstan Prezidenti Rumen Radevinin çıxışında Azərbaycan ilə əlaqədar səsləndirilmiş vacib mesajların ölkəmizin getdikcə artan nüfuzunun daha bir təsdiqi olduğunu vurğulayıb: “Bolqarıstan Prezidenti Rumen Radev açılış mərasimində çıxış edərək ölkəmizin getdikcə möhkəmlənən beynəlxalq mövqelərini və artan nüfuzunu təsdiq edən önəmli mesajlar səsləndirmişdir. O cümlədən Prezident Radev bildirmişdir ki, Bolqarıstan-Serbiya interkonnektoru yalnız təbii qaz şəbəkələrini birləşdirən infrastruktur layihəsi deyil. Bu layihə həm də ölkələrimizin artan texnoloji imkanlarının, həmçinin Bolqarıstan-Serbiya-Azərbaycan arasındakı uğurlu və faydalı əməkdaşlığın rəmzidir. Daha sonra Bolqarıstan Prezidenti yeni İnterkorrektorun Avropanın enerji xəritəsini dəyişdirərək bütün region üçün şaxələndirməyə və təhlükəsizliyə zəmanət verən layihə olduğunu diqqət mərkəzinə çəkmişdir. Məhz bu İnterkonnektor sayəsində Bolqarıstan nəhayət ki, Azərbaycan qazını qəbul etməyə başlayıb. Prezident Radev Azərbaycan Prezidenti cənab İlham Əliyevə təşəkkürünü bildirərək, Azərbaycan hökumətinin bütün anlaşma və razılıqlara ciddi yanaşmasını xüsusi qeyd etmiş və bütün avropalı həmkarları ilə görüşlərində hər dəfə Azərbaycanın etibarlı tərəfdaş olduğunu bildirdiyini vurğulamışdır. Bütün bunlar bir daha sübut edir ki, Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən Azərbaycanın enerji strategiyası ölkənin iqtisadi qüdrətinin artmasına xidmət edən ən effektiv və önəmli amillərdən biridir” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.