25 dekabr tarixində Bakı–Qroznı reysini yerinə yetirərkən Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Embraer-190 tipli təyyarənin qəzaya uğraması nəticəsində 39 nəfər həyatını itirib, 29 nəfər isə pilotların peşəkarlığı nəticəsində həyatda qalmışdı. Bu bədbəxt hadisə ilin sonlarında yeni ili doğmaları ilə keçirməyə yola düşən onlarla insanın son ili oldu. İlk öncə qəza olaraq bilinən, lakin ekspertlərin rəyi, şahidlərin ifadələri və ilkin qiymətləndirmə nəticəsində məlum olmuşdur ki, təyyarənin qəza enişi etməsinə texniki nasazlıq yox, fiziki, kənar müdaxilə səbəb olmuşdur. Peşəkar təyyarə ekipajının təcrübəsi və düzgün qərarların verilməsi sayəsində təyyarə suya düşməmiş və beləliklə dəlillər əlçatan olmuşdur.
Prezident İlham Əliyevin göstərişi ilə məsələnin araşdırılması məqsədilə Dövlət Komissiyası yaradılmış, aidiyyəti rəsmilər Aktauya ezam edilmişdir. Komissiyanın bir qrup üzvləri hadisə yerinə baxış keçirərək şahidlərlə görüşmüşdür. Həmçinin, dost Qazaxıstan dövlətinin xilasedicilərinin səyi sayəsində yaralılar evakuasiya edilmiş, onlara lazımi tibbi yardım göstərilmişdi.
Dekabrın 29-da Prezident İlham Əliyev və vitse-Prezident Mehriban xanım Əliyeva həlak olan ekipaj üzvləri ilə vida mərasimində iştirak edib, onların ailə üzvləri ilə görüşmüşdür. Prezident Azərbaycan dövlət televiziyasına verdiyi müsahibədə bir çox məsələlərə aydınlıq gətirmiş və cinayət işinin ilkin araşdırmasının nəticələrini Azərbaycan xalqına çatdırılmışdır.
Pilotların və bütün ekipaj üzvlərinin fəaliyyəti Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilib. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə iki pilot və bir bələdçi “Milli Qəhrəman” adına layiq görülüb, iki bələdçi isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib. Yanvarın 6-da Prezident sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşüb. Həlak olanların ailə üzvlərinə bir daha baş sağlığı verib, həmçinin təyyarə bələdçilərinə ordenləri təqdim olunub, hadisə ilə bağlı Prezident son məlumatları ictimaiyyətlə bölüşüb.
Azərbaycan hadisənin Dövlətlərarası Aviasiya Komitəsində araşdırılmasına razılıq verməyərək obyektivlik və şəffaflıq tələbi ilə "Qara qutu"ların Braziliyaya göndərilməsinə nail oldu.
Qəza baş verdiyi ilk anlardan Rusiya tərəfindən obyektiv və şəffaf araşdırma təşəbbüsləri müşahidə edilmədi, əksinə, hadisə ətrafında spekulasiyalara başlanıldı. Qəzanın səbəblərinin ört-basdır edilməsinə, hadisənin "quşların" və ya digər təsadüfi faktorların üzərinə atılmasına dair cəhdlər mövcud idi. Lakin həqiqət gün kimi aydındır.
Prezident: “Əminliklə deyə bilərəm ki, Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmasının günahı Rusiya Federasiyası nümayəndələrinin üzərindədir. Biz ədalət tələb edirik, günahkarların cəzalandırılmasını tələb edirik, tam şəffaflıq və insani davranış tələb edirik”. Bunu bugün Prezident İlham Əliyev həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşdə deyib.
Bəli, günahkar olan öz günahını boynuna almalı, geniş miqyaslı istintaq işi aparmalı, cinayəti törətmiş şəxslər müəyyən edilərək qanun çərçivəsində cəzalandırılmalı və Azərbaycan dövlətinə kompensasiya ödənilməlidir. Rusiya belə böyük məsuliyyətdən boyun qaçıra bilməz.
Rusiya hava sahəsinin təhlükəsiz olmadığı artıq aşkardır, ona görə də bu ölkə bunu etiraf etməlidir. AZAL Rusiyanın 10 şəhərinə uçuşlarını dayandırmışdır.
Braziliyada aparılan "qara qutu"ların şifrəsinin açılması prosesi, hadisənin texniki və faktiki səbəblərinin aydınlaşdırılması üçün əsas rol oynayacaqdır. Azərbaycan rəhbərliyi və ictimaiyyəti bu prosesin nəticələrinin qısa zamanda elan olunacağını və hadisənin bütün detallarının məlum olacağını gözləyir. Bu araşdırmanın nəticələri faciənin səbəblərini tam olaraq müəyyənləşdirmək və günahkarların məsuliyyətə cəlb olunması üçün həlledici əhəmiyyət daşıyır. Azərbaycan ədalətin bərqərar olmasını tələb edir və bu məsələdə hər hansı subyektiv mövqeyə dözmək mümkün deyil. Bu yanaşma həm Azərbaycan ictimaiyyəti, həm də beynəlxalq ictimaiyyət qarşısına ölkəmizin obyektiv və prinsipial mövqeyini ortaya qoyur.
Pərvanə Vəliyeva
Milli Məclisin deputatı