Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər bir müsahibəsi ölkədə və dünyada baş verən hadisələr, onlara Azərbaycan dövlətinin münasibəti barədə məlumatların daha dolğun şəkildə əldə olunmasında zəngin mənbədir. Bu baxımdan Ölkə başçısı cənab İlham Əliyevin dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsi də xüsusi əhəmiyyət kəsb edir. Ölkə Prezidentinin verdiyi müsahibə həm də Azərbaycanın qəti mövqeyinin əks olunduğu böyük bir yol xəritəsidir.
Prezident İlham Əliyev müsahibə zamanı hazırkı dövrün reallıqları fonunda diqqəti tarixi Zəfərimizdən sonra regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün təklif edilən sülh müqaviləsinin imzalanması ilə bağlı hazırkı vəziyyətdən, Azərbaycanın müstəqil xarici siyasətindən, Ermənistanın silahlandırılması ilə sülh müqaviləsinin imzalanması prosesinin yanaşı qoyulmasının mümkünsüzlüyündən, Azərbaycan-Rusiya münasibətlərinin Müttəfiqlik Bəyannaməsinin imzalanmasından sonrakı dövrdə inkişafından, Qarabağın və Şərqi Zəngəzurun bərpasından, bu prosesdə Rusiya şirkətlərinin iştirakından və sair kimi mühüm məsələlərdən geniş bəhs etdi.
İlk öncə, Rusiya-Azərbaycan, Rusiya-NATO münasibərləri, Rusiya-Ukrayna müharibəsi, Azərbaycan-Türkiyə hərbi müttəfiqliyi və s. məsələlərlə bağlı sualları cavablandıran Ölkə başçısı cənab İlham Əliyev getdikcə aktivləşən Ermənistan-Fransa əlaqələri, Azərbaycanla Ermənistan arasında bağlanmalı olan Sülh müqaviləsinin şərtləri haqqında danışaraq regionumuzda və bütövlükdə dünyada vəziyyətin əhəmiyyətli dərəcədə dəyişdiyini, lakin bütün bunların, Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın xarakterinə və formasına təsir etmədiyini vurğulayaraq bildirmişdir: “Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə 2022-ci il fevralın 22-də imzalanıb. Hesab edirəm ki, belə bir Bəyannamənin imzalanması bizim 30 ildən artıq bir müddətdə birlikdə keçdiyimiz, fəal işlədiyimiz, həm iqtisadi-ticari, həm də siyasi sahələrdə əməkdaşlıq potensialını artırdığımız və müxtəlif çətin vəziyyətlərdə bir-birimizi sınadığımız həmin böyük yolun nümayiş etdirilməsidir. Bu, qarşılıqlı fəaliyyətin və əməkdaşlığın ən yüksək formasıdır, xüsusən nəzərə alsaq ki, biz həm Qafqazda, həm də Xəzər regionunda qonşu dövlətlərik, qonşuyuq və bir çox cəhətdən ölkələrimizin xarici siyasət prioritetləri üst-üstə düşür, o zaman, əlbəttə, deyərdim ki, belə bir sənəd tarixi hadisədir. Əlbəttə ki, biz müttəfiqlər olaraq dərhal müxtəlif, hətta ikitərəfli formatımızın hansısa kölgədə qalan istiqamətləri üzrə də fəal işə başladıq”.
Müsahibə zamanı Ermənistan tərəfinin İkinci Qarabağ müharibəsinin və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatının nəticələrini unutmamalı olduğunu və sülh sazişinin imzalanmasının ana şərtləri haqqında danışan Dövlət başçısı cənab İlham Əliyev qeyd etmişdir: “Erməni tərəfinin həyata keçirməli olduğu daha iki məqam var. Birincisi, öz Konstitusiyasını dəyişməkdir. Çünki konstitusiyada Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik Bəyannaməsinə istinad var, burada keçmiş Dağlıq Qarabağ muxtar vilayəti Ermənistanın bir hissəsi elan olunur. Ona görə də Konstitusiyanın dəyişdirilməsi bizim istəyimiz deyil, sadəcə obyektiv şərtdir. Bizim ikinci şərtimiz ATƏT-in Minsk qrupunun ləğvidir. Bu məsələ konsensusla həll edildiyinə görə, formal olaraq bunu Ermənistanın razılığı olmadan etmək mümkün deyil. Hərçənd ATƏT-in Minsk qrupu artıq çoxdandır fəaliyyətsizdir, amma formal olaraq mövcuddur və bizim məsələmiz ondan ibarətdir ki, əgər Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyıbsa, Minsk qrupu isə Qarabağ məsələsinin həlli üçün yaradılıbsa, onda o nəyə lazımdır? Yəni, Ermənistanın onun ləğv edilməsini, ATƏT-in Minsk qrupunun ləğv edilməsi üçün bizimlə birlikdə ATƏT-ə müraciət etməyi istəməməsi onu göstərir ki, revanşistlərin planları kifayət qədər ciddidir”.
Ümumiyyətlə, müsahibədə yer alan hər bir məsələ müasir dövrün çağırışlarını özündə əks etdirərək Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən mövqeyinin təqdimatı kimi qiymətləndirilməlidir. Bütövlükdə, Ölkə Prezidenti cənab İlham Əliyevin tutarlı cavabları və rasional məntiqi regionun gələcək inkişafı ilə bağlı nikbin əhval-ruhiyyə doğurur. Şübhəsiz ki, Azərbaycan dövləti Cənubi Qafqazda davamlı sülhün əldə olunmasında maraqlı tərəfdir və bu prosesdə ölkəmizin milli maraqlarını qətiyyətlə qorumaqdan çəkinməyəcək.
Eldar ASLANOV,
ADPU-nun tədris işləri üzrə prorektoru, s.e.f.d., dosent