Son bir neçə ayda ölkənin referenduma gedəcəyi ilə bağlı söz-söhbətlər, çeşidli məlumatlar dolaşmaqdadır. Zaman-zaman təkziblər olsa da, bu söz-söhbətlər, məlumatlar son bir neçə gündə daha ciddi xarakter almaqda, daşımaqdadır.
Bunlar da təsadüfi deyil və ya necə deyərlər, od olmayan yerdən tüstü çıxmaz…
Mərkəzi Seçki Komissiyasının (MSK) isti yay günlərində, son 10 gündə və qəfildən iki dəfə içlas keçirməsi də məhz bununla bağlıdır, daha doğrusu, bununla əlaqələndirilir.
Bir müddət öncə hakimiyyətə yaxın olan iki millət vəkili də Etikxeber.az-a MSK-nın iclasının (öncəki iclasın) çağırılmasının təsadüfi xarakter daşımadığını, ölkədə referenduma gedilməsi məsələsinin ortalıqda olduğunu, avqust ayında yerli icra hakimiyyəti başçılarının bir nəfər kimi öz iş yerlərində olması tapşırığı verildiyini bildirmişdilər.
Etikxeber.az-a Prezident Administrasiyasına (PA) yaxın mənbədən daxil olan son məlumata görə isə bu ilin payızında, təxminən oktyabr ayında Azərbaycanda Konstitusiyaya növbəti dəyişikliklərlə bağlı referendurum keçirilə bilər.
Mənbənin məlumatına görə, hətta referendum bağlı PA-nın Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən artıq bir sıra partiyalara tapşırıqlar da verilib.
Daha doğrusu, syiasi partiyalardan referendum, Konstitusiyaya dəyişikliklərlə bağlı öz təkliflərini hazırlanması və şöbəyə təqdim edilməsi istənilib.
Mənbə iddia edib ki, referendum zamanı ölkədə proporsional seçki sisteminin bərpası, deputat yerlərinin sayının artırılması, o cümlədən idarəetmə ilə bağlı Konstitusiyaya dəyişikliklər edilməsi nəzərdə tutulur.
“Yaxın zamanlarda hansısa gözlənilməz hadisə baş verməsə, təxminən oktyabr ayında referenduma gedilməsi, proporsional seçki sisteminin bərpası, deputat yerlərinin sayının artırılması, idarəçilik, idarəetmə ilə bağlı Konstitusiyaya bir sıra dəyişikliklər edilməsi gözlənilir. Əgər 1995-2000-ci illərdə parlamentdə proporsionaldan seçilənlərin faizi 20 faiz, majoritardan seçilənlərin faizi 80 faiz idisə, bu dəfə 25+75 faiz olması, deputatların sayının isə təxminən 150-yə qaldırılması variantı ortadadır. Bunlar hələlik ilkin variantdır. Bununla bağlı müvafiq şöbədən də bəzi siyasi partiyalara öz təkliflərini hazırlaması və təqdim etməsi barədə tapşırıqlar verilib”-deyə, mənbə sözlərinə əlavə edib.
Qeyd edək ki, Azərbaycanda sonuncu dəfə referendum 2016-cı ildə keçirilib.
Referenduma gediləcəyi təqdirdə isə ən azı parlament seçkilərinin, Milli Məclisə (MM) 7-ci çağırış seçkilərin bir qədər önə çəkilməsi, yəni, növbədənkənar seçkilərin keçirilməsi ehtimal olunan və gözləniləndir.
Bu məsələ ilə bağlı mövzunu davam etdirəcəyik.