Ölümü ilə adını tarixə yazdırdı - Yaşasaydı 63 yaşı olacaqdı

Bu gün ölümü ilə adını tarixə yazdıran Milli Qəhrəman İqor Kşnyakinin doğum günüdür.

Sabahinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, İ.Kşnyakin adını 24 dekabr 2025-ci ildə öz həyatı bahasına onlarla sərnişini xilas edərkən yazdırdı.

Həmin gün səhər saatlarında Azərbaycan və dünya mediasında “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı-Qroznı reysini yerinə yetirərkən Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı məlumat yayıldı.  Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən (62 sərnişin və 5 ekipaj üzvü) 29 nəfər sağ qaldı. Bu isə pilotların səriştəsi və peşəkarlığı sayəsində mümkün oldu. İqor Kşnyakin və ikinci pilot Aleksandr Kalyaninov idarəetmə sistemlərinin sıradan çıxmasına baxmayaraq, təyyarəni Xəzər dənizi üzərindən Aktau Beynəlxalq Hava Limanına yaxın əraziyə yönləndirməyi bacarmışdılar. Həm də öz həyatları bahasına. İqor Kşnyakin, təyyarənin ikinci pilotu və bir ekipaj üzvü, habelə 35 sərnişin qəza zamanı həyatını itirdi.

Sonradan təyyarənin Rusiya hava hücumundan müdafiə qüvvələrinə məxsus “Pantsir-S1” zenit raket kompleksi ilə vurulduğu məlum oldu...

Qəhrəman İ.Kşnyakin yaşasaydı, 63 yaşını qeyd edəcəkdi. O, 1962-ci ildə mayın 19-da Bakıda anadan olub. Pilot ixtisası üzrə ilk təhsilini 1982-ci ildə Ryazan vilayətində Sovet İttifaqı Qəhrəmanı Qriqori Taran adına Sasovo Mülki Aviasiya uçuş məktəbində alıb. Həmçinin, 1992-ci ildə Rusiya Dövlət Hidrometeoroloji İnstitutunun Meteorologiya ixtisasını bitirib. 1982-ci ildə Yevlax Birləşmiş Aviasiya Dəstəsinin An-2 təyyarəsinin 2-ci pilotu vəzifəsində əmək fəaliyyətinə başlayıb. 

1997-ci ildə “Azal” Milli Aviasiya Şirkətinin Yak-40 Hava Gəmisinin kapitanı vəzifəsinə təyin edilib. 2013-cü dekabrın 11-dən etibarən “Azərbaycan Hava Yolları” QSC-nin Uçuşların İstehsalı İdarəsinin Uçuş Xidmətində Embrare-170/190 hava gəmisinin kapitanı vəzifəsinə təyinat alıb.

Kşnyakinin 15 159 saatlıq uçuş təcrübəsi var idi ki, bunun 11 180 saatını kapitan kimi həyata keçmişdi. 

O, qəzadan 4 gün sonra dekabrın 29-da II Fəxri xiyabanda dəfn olunub. 

Azərbaycan Prezidentinin Sərəncamı ilə Kşnyakin İqor İvanoviç ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. 

62 yaşlı mərhum pilot ailəli idi. Bir oğlu və üç qız övladı var.