Önəmli mesajlar

Cari ilin avqust ayının 12-də Prezident İlham Əliyev Şirvan bölgəsinə səfər etmiş və İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına geniş müsahibə vermişdir. Məlumdur ki, Prezidentin rəhbərliyi altında bölgələrdə çoxsaylı infrastrurktur layihələri həyaya keçirilməkdədir. Qazlaşdırma, elektrik enerjisi, su təchizatı, yolların tikintisi və sair ilə bağlı çox böyük layihələr icra edilmişdir və bundan sonra da icra ediləcəkdir. 

Şirvan bölgəsinin İsmayıllı rayonunda qazlaşdırma 80 faizdən çox, Ağsu rayonunda isə 100 faizə yaxındır. Bu iki rayonda son illərdə 10-dan çox elektrik yarımstansiyası inşa olunmuşdur və elektriklə təchizat tam təmin edilmişdir. Bölgədə həm kənd yollarının çəkilişində, həm də, İsmayıllı-Muğanlı yolunun yeni hissəsində işlər icra edilir. Ağsuda və İsmayıllıda 160 çarpayılıq xəstəxana tikilmişdir, 100-ə yaxın məktəb inşa edilmiş, ya da əsaslı şəkildə təmir olunmuşdur. İş yerlərinin yaradılması ilə bağlı böyük layihələr icra edilmiş və bu proses hələ də davam edir.
Şirvanda çoxlu müqəddəs yerlər vardır. Onlardan biri olan “Diri Baba” türbəsi bərpa və konservasiya olunmuşdur. “Diri Baba” türbəsi öz nadirliyi ilə bütün Qafqaz bölgəsində seçilir. Yaşı 500 ildən çox olan bu türbə əsrlər boyu Azərbaycan xalqı tərəfindən müqəddəs yer kimi tanınmışdır və turistlərin diqqətini cəlb etməkdədir.
Bölgədə qədim kəndlərdən biri də İsmayıllı rayonunun Basqal kəndidir. Bu yerin tarixi siması qorunmalıdır, eyni zamanda, burada yaşayan insanlar üçün daha yaxşı şərait yaradılmalıdır, iş yerlərinin açılması üçün yeni imkanlar olmalıdır. Basqal qəsəbəsində 179 otaqlı müasir otelin açılışı bölgənin turizm potensialını böyük dərəcədə genişləndirəcəkdir. Basqaldakı oteldə 300-ə yaxın iş yeri açılır və orada işləyənlər də əsasən yerli sakinlərdır.
Bölgələrdə yeni iş yerlərinin açılması prosesi daim aparılır. Belə ki, Ağsu rayonunda böyük aqroparkın fəaliyyəti bölgə iqtisadiyyatına töhfə verməyə başlamışdır. Orada da 200-ə yaxın iş yeri açılıb. Əhalinin artması iş yerlərinə tələbatı artırır. Özəl sektor üçün yaradılmış şərait yeni iş yerlərinin açılmasına kömək edir. Kənd təsərrüfatının inkişafı ilə bağlı əvvəlki illərdə qəbul edilmiş qərarlar öz bəhrəsini verməyə başlamışdır.
Azərbaycan dünyaya inteqrasiya etdiyi üçün dünyada baş verən proseslərin də ölkəmizə təsiri vardır. Bildiyiniz kimi ölıkəmizdə Ümumi daxili məhsuluun əksər hissəsini özəl sektor formalaşdırır. Belə olan halda dünyada gedən istənilən iqtisadi proses bizə də təsirsiz ötüşməyəcəkdir. Bu gün Azərbaycan özünü ət məhsulları ilə 90 faiz, quş əti ilə 80 faiz, süd, süd məhsulları ilə 85 faiz səviyyəsində təmin edir. Lakin biz özümüzü taxılla hələ uzun illər tam təmin edə bilməyəcəyik. Özümüzü buğda ilə təminetmə əmsalı Azərbaycanda bu ilin əvvəlinə 62 faiz idi. Məhz bu məqsədlə xüsusi proqram işlənib hazırlandı, yeni növ subsidiyaların tətbiq edilməsinə start verildi. Təqribən 3-4 il ərzində biz özümüzü ərzaqlıq buğda ilə 80 faiz səviyyəsində təmin edə bilsək böyük nəticə olacaqdır.
Azərbaycan özünü bütün problemlərdən tam sığortalamaq üçün praktiki işlər aparırıq və aparacaqdır. Növbəti illərdə həm bu gün mövcud olan əkin sahələrində daha bol məhsul götürmək üçün suvarma layihələri, düzgün aqrotexniki tədbirlərin görülməsi və digər tədbirlər, subsidiyalar nəticəsində biz məhsuldarlığı böyük dərəcədə artıra biləcəyik. Azad edilmiş torpaqlarda da əkin-biçin işləri aparılır. Gələcəkdə Qarabağda və Şərqi Zəngəzurda yetişdiriləcək ərzaq məhsullar, ərzaq təhlükəsizliyimizin tam təmin edilməsində bizə böyük kömək göstərəcəkdir.
İşğaldan azad edilmiş ərazilərdə həm kənd təsərrüfatı, həm maldarlıq, həm bitkiçilik üçün çox münbit iqlim və təbii şərait mövcuddur. Bu il 50 min hektarda taxıl əkilmişdir və artıq məhsul yığımı da sona çatmaq üzrədir. Növbəti illərdə məhsuldarlıq daha da artacaq, əkin sahələri artacaq. Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı rayonlarında taxılçılıq, o cümlədən üzümçülük, meyvəçilik, fındıqçılıq sahələri inkişaf etdiriləcəkdir. Kəlbəcər, Laçın və Zəngilan rayonlarında heyvandarlığın çox böyük perspektivləri vardır. 
Prezident demişdir: “Bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatı cəza tədbiri idi. Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır. Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq və heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz. “Qisas” əməliyyatı Ermənistana bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz, nə kiminsə bəyanatı, nə kiminsə açıqlaması, nə hansısa telefon zəngi. İkinci Qarabağ müharibəsi gücümüzü göstərdi. Dəfələrlə Ermənistana xəbərdarlıq etmişdik ki, odla oynamasınlar, yeni reallıqları qəbul etsinlər və hərbi təxribatlara əl atmasınlar.”
Rəsmi İrəvan başa düşməlidir ki, onların imzaladığı 10 noyabr 2020-ci il Bəyannaməsində açıq-aydın göstərilir ki, yeni yol çəkiləcək və üç il ərzində bu yolun planlaşdırılması və razılaşdırılması təmin edilməlidir. Bu bəndi üçtərəfli Bəyanata saldıran məhz Azərbaycan tərəfi olmuşdur. Ermənistanı Xankəndi ilə birləşdirən yol Laçın şəhərinin içindən keçir. Əgər bu bənd olmasa idi, o zaman Laçın şəhəri beş kilometr enində olan zonaya düşəcəkdi və tez bir zamanda oraya keçmiş köçkünləri qaytarmaq mümkün olmayacaqdı.
Azərbaycan bütün Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı işlər aparır. 32 kilometr uzunluğunda olan yol cəmi bir il ərzində inşa edilmişdir. Rusiya Müdafiə Nazirliyi ən yüksək səviyyədə bu marşrutu bizimlə razılaşdırdı və təsdiqlədi. Həmçinin Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış insanlar çıxarılmalıdır. Onların orada qalması hərbi cinayətdir. Çünki o, Cenevrə konversiyalarının qaydalarına ziddir. Biz bir dövlət olaraq üzərimizə düşən öhdəlikləri yerinə yetiririk və bunu qarşı tərəfdən də tələb edirik.
Prezident Qarabağda yaşayan ermənilərə müraciət edərək bildirmişdir ki, onlar bizim vətəndaşlarımızdır. Nə qədər onlar bunu tez dərk etsələr, bir o qədər də  yaxşı olar. Artıq Ermənistan hakimiyyəti Qarabağda yaşayan ermənilərə öz təsir imkanlarını itirmək ürədir. Qarabağda yaşayan ermənilər açıq-aydın gördülər ki, Ermənistan hakimiyyəti onların problemlərini həll etmək iqtidarında deyildilər.
Ermənistan rəhbərliyi anlamalıdırlar ki, bu gün danışıqlar masasında hər hansı bir statusdan söhbət gedə bilməz. Qarabağda yaşayan ermənilərin hüquqları da, təhlükəsizliyi də Azərbaycan dövləti tərəfindən təmin ediləcəkdir. Odur ki,  Qarabağda yaşayan ermənilər düzgün addım atmalı və başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Qarabağ həm tarixi nöqteyi-nəzərdən, həm də beynəlxalq hüquq nöqteyi-nəzərindən Azərbaycanın ayrılmaz tərkib hissəsidir.
Sonda Möhtərəm Prezident qeyd etmişdir: “Qarabağda yaşayan ermənilərin nə statusu, nə müstəqilliyi, nə də ki, hansısa xüsusi imtiyazı olacaqdır. Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da elə. Ancaq budur yol”.

 

Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent