Macarıstan Avropa İttifaqının (Aİ) Ukraynaya əlavə yardım ayırmasının əleyhinə çıxıb.
Sabahinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Qranadada keçirilən Aİ-nın sammitində bildirib.
Onun sözlərinə görə, 7 illik Avropa büdcəsinin istifadə edilməsindən artıq 3 il keçib və Brüssel üzv dövlətləri Ukraynada müharibə və miqrantlara daha çox pul ayırmağa məcbur edir:
“Macarıstan 2024-2027-ci illər üzrə Avropa İttifaqı büdcəsinə Ukraynaya ayrılan maddi yardımın artırılması üçün düzəlişləri dəstəkləyə bilməz. Macarıstan cənub sərhədlərində qanunsuz miqrasiya ilə mübarizə aparır və bu, daha ciddi xarakter alıb. Brüssel isə “Miqrasiya haqqında” pakt qəbul edilməsini təklif edir və Ukraynada müharibənin davam etdirilməsi üçün daha 4 il pul verməyə hazırlaşır. Atəşkəsin qəbul edilməsi əvəzinə onlar silah tədarükünü təmin edir. Sülh əvəzinə, bu pullarla hərbi əməliyyatların davam etdirilməsi təmin olunacaq”.
Hökumət başçısı deyib ki, Macarıstan Ukraynaya silah vermir: “Biz atəşkəs əldə edilməsini istəyirik. Belə halda Macarıstan Aİ büdcəsinə düzəlişlər edilməsini dəstəkləyə bilməz”.
Qeyd edək ki, Aİ-da büdcə ancaq bütün üzv dövlətlərin razılığı ilə təsdiqlənə bilər.