“Dövlətimiz, xalqımız və ordumuz düşmənin bütün təxribatlarını dəf etməyə, düşməni yerində oturtmağa, onun başını “dəmir yumruq”la əzməyə daim hazırdır. 44 günlük müharibə Azərbaycan xalqının birliyini, ordumuzun şücaətini, Prezidentimizin mahir sərkərdəlik qabiliyyətini bird aha ortaya qoydu. 30 ilə yaxın işğal altında qalan torpaqlarımız qısa müddət ərzində Ermənistan silahlı qüvvələrinin caynağından, istilasından qurtuldu. Bu gün həmin ərazilər yenidən qurulur. Ermənistan isə hələ də təxribata meyllidir, torpaqlarımızda hələ də gözünün olduğunu zaman-zaman büruzə verir. Avqust ayının 1-dən başlayaraq Rusiya sülhməramlılarının müvəqqəti səlahiyyət zonasından ordumuza qarşı təxribatlar törətməsi, bir əsgərimizi şəhid etməsi bunu deməyə əsas verir ki, düşmənin başı deyəsən tam olaraq əzilməyib, yeni zərbələrə ehtiyac var”. Bu fikirləri Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat qeyd edib ki, Azərbaycan 10 noyabr üçtərəfli Bəyanata uyğun olaraq müharibənin bitdiyini, Ermənistanın kapitultyasiya etdiyini və işğaldan azad edilmiş bütün ərazilərdə - Qarabağda və Şərqi Zəngəzurda suveren hüquqlarımızın bərpa olunduğunu desə də qarşı tərəf – Ermənistan hələ də məsələyə revanşist mövqedən yanaşır, Azərbaycanın daxili işlərinə qarışmaqda davam edir, Bəyanatən müddəalarını təhrif edir, məğlub durumdaykən qaliblərin tövrü kimi mövqe sərgiləyir, prosesin sonrakı davamının necə olacağını diqtə etməyə çalışır: “Paşinyan Vətən müharibəsinin bitdiyi vaxtdan indiyə qədər bir neçə dəfə fikrini dəyişib. Dünən bir, bu gün başqa mövqeyini yeritməyə çalışır. Laçın dəhlizinin Azərbaycanın suveren ərazilərində olduğunu unudur, yeni yolun da bizim iradəmiz altında inşa edilməsinə irad bildirməyə cəsarət edir, guya Azərbaycanın Ermənistanla razılaşdırmadan alternativ yolun tikintisini qanunsuz adlandırır. Belə görünür ki, ya Paşinyanın Bəyanatın müddəalarından xəbəri yoxdur, ya da son bəhanələrini tirajıamaqla vaxtı uzatmağa çalışır. Amma anlaması lazımdır ki, Azərbaycanın məqsəd və hədəfləri bəllidir və üçtərəfli Bəyanatın ayrı-ayrı bəndlərinə də sadiqdir. Ermənistan nə qədər tez qanunsuz silahlı birləşmələrini ərazilərimizdən çıxarsa, separatçı ünsürlərə dəstəyini dayandırsa, Naxçıvanla Azərbaycanın qərb rayonlarını birləşdirəcək Zəngəzur dəhlizinin inşasını sürətləndirsə, kommunikasiya xətlərini açsa, nəqliyyatın maneəsiz hərəkətini bərpa etsə bir o qədər yaxşı olar”.