Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur

Birləşmiş Millətlər Təşkilatının 1994-cü ildə Qahirədə keçirilən Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransı (ICPD) əhali, inkişaf, fərdi hüquqlar və rifah arasında əlaqələrə dair cəsarətli yeni baxışı müəyyən etdi. Burada müzakirə məsələsi əsasən reproduktiv sağlamlıq, eləcə də insan haqlarının müdafiəsi, qadın və uşaq istismarına qarşı mübarizəni özündə ehtiva edirdi. Təşkil olunmuş tədbirin yekununda insan hüquqları, o cümlədən reproduktiv sağlamlığın fərdi rifahın və davamlı inkişafın əsasını təşkil etdiyinə dair universal Qahirə sənədi, və yaxud ICPD Fəaliyyət Proqramı qəbul edildi.

Artıq 30 ildir ki, ICPD Fəaliyyət Proqramı müxtəlif səviyyələrdə müzakirə olunur və bu sahədə əldə olunan irəliləyişlər, nailiyyətlər dünya dövlətləri, vətəndaş cəmiyyəti nümayəndələri, beynəlxalq ekspertlər, habelə qanunvericilik bazasının formalaşdırılması üçün parlamentarilər tərəfindən qiymətləndirilir.

Parlamentarilərin bu sahədə qanunvericilik təşəbbüsləri, habelə reallıqların bərpasına yönəlik yeni çağırışların müzakirəsini aparmaları formalaşdırılan qanunvericilik bazasına müsbət təsir göstərir və fundamental hüquqların pozulmasının qarşısını almağa dəstək ola bilir.

1994-cü ildə Qahirədə sənəd qəbul olunan zaman ümumbəşəri dəyərlərə, eləcə də insan hüquq və azadlıqlarının tam çılpaq formasında müzakirələrində iştirak edən çox az sayda parlament təmsilçiləri var idi. Lakin, elmi tədqiqatlara əsaslanan, həmçinin müxtəlif beyin mərkəzləri tərəfindən dəstəklənən insan hüquq və azadlıqlarının təmin olunması məsələsi parlamentarilərin müzakirələrinin təşkil olunmasının vacibliyini diktə edirdi.

Bu baxımdan, 2002-ci ildən başlayaraq Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA) və Cinsi və Reproduktiv Sağlamlıq və Hüquqlarının (SRHR) müdafiəsi ilə məşğul olan parlament şəbəkələri mövcud resursların səfərbərliyini müzakirə etmək, reproduktiv hüquqların həyata keçirilməsi ilə bağlı məsələlərin həlli üçün əlverişli mühit yaratmaq məqsədilə müntəzəm olaraq parlamentarilərin beynəlxalq konfranslarını çağırırlar.

Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransın (ICPD) Fəaliyyət Proqramının icrası üzrə Beynəlxalq Parlamentarilər Konfransı (IPCI/ICPD) parlamentarilər arasında qlobal siyasi konsensusun yaradılmasına və bunu siyasət, maliyyələşdirmə, hesabatlılıqda milli səviyyədə real nəticələrə çevirməyə yönəlmiş unikal vasitədir.

ICPD Fəaliyyət Proqramının icrası üzrə Parlamentarilərin Birinci Beynəlxalq Konfransı 2002-ci ilin noyabrında Ottavada (Kanada) keçirildi, daha sonra isə Fransa (2004), Tayland (2006), Efiopiya (2009), Türkiyə (2012), İsveç (2014), yeddinci isə 2018-ci ilin oktyabrında Ottavada (Kanada) çağırıldı.

Qeyd edim ki, Birləşmiş Millətlər Təşkilatının Əhali və İnkişaf Komissiyasının 2024-cü ildə keçiriləcək 57-ci sessiyasında Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransın (ICPD) 30-cu ildönümü qeyd olunacaq. 2023-cü ilin 19-20 oktyabr tarixlərində Cenevrə şəhərində keçirilmiş Konfransda isə 2014-cü ildən ICPD Fəaliyyət Proqramı üzrə əldə olunmuş nailiyyətlərin müzakirəsi ilə yanaşı, ICPD-nin 30 illiyi ərəfəsində 10-12 aprel 2024-cü il tarixlərində Norveçdə ICPD Fəaliyyət Proqramının icrası üzrə növbəti – 8-ci Beynəlxalq Parlamentarilər Konfransının keçirilməsinə dair qərar qəbul olundu.

Azərbaycan Parlamentinin də təmsil olunduğu bu ilki Konfransın uğurlarından biri də 120 ölkədən 300-dən çox insanın, o cümlədən 200-dən çox parlamantarilərin, nazirlərin, BMT rəsmilərinin, eləcə də vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak etməsi idi.

Son 30 ili nəzərdən keçirdikdə görürük ki, reproduktiv sağlamlıq, gigiyena, planetimizin demoqrafik dinamikası, düzgün ailə planlaşdırılması, hər bir insanın səhiyyəyə əlçatanlığının təmin olunması, qadın, uşaq hüquqlarının pozulmasına qarşı xüsusi diqqət tələb edən yanaşmalar öz aktuallığını hələ də qorumaqdadır.

Bu gün, dördüncü sənaye inqilabının baş verdiyi bir dönəmdə insan hüquqlarının, reproduktiv sağlamlığın qorunması və sair bu kimi azadlıqları özündə ehtiva edən qəbul olunmuş qərar və sənədlərin icrası Norveçdə baş tutan 8-ci Beynəlxalq Parlamentarilər Konfransının əsas gündəliyini təşkil etdi. Bu Konfransın xüsusi istiqamətlərindən biri də məhz 1994-cü ildə Qahirədə qəbul olunmuş sənəddə öz əksini tapan məsələlərin icrası ilə bağlı idi.

Azərbaycan Respublikası 30 il müddətində BMT-nin Əhali Fondu ilə sıx əməkdaşlıq etməklə milli kontekstdə Azərbaycan xalqının xüsusiyyətlərini nəzərə alaraq, təşkil olunmuş bütün Konfranslarda fəal iştirak edir, istər demoqrafik inkişaf, istərsə də insan inkişafı sahəsində məsələlərə öz münasibətini bildirir.

Heç kəsə sirr deyil ki, 1990-cı ilin əvvəllərində yenicə müstəqilliyini əldə etmiş Azərbaycanda Birinci Qarabağ Müharibəsində Ermənistanın hərbi təcavüzü nəticəsində minlərlə insan həlak olub, yaralanıb yaxud əsir götürülüb, bir milyona yaxın insan öz yurd-yuvasından qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Beləliklə, 1990-cı ildən başlayan 10 illik periodda orta illik artım daha da azalaraq 1,3% təşkil edib.

1994-cü ildə Qahirə sənədi qəbul olunan zaman Azərbaycan əhalisinin sayı 6 milyon 400 min nəfər təşkil edirdi. Bu gün isə 30 illik ICPD Fəaliyyət Proqramını nəzərdən keçirərkən, 2024-cü ildə Azərbaycan əhalisinin sayının təqribən 11 milyon nəfərə çatdığını görürük.

Şübhəsiz ki, bu Azərbaycanın ümumbəşəri dəyərlərə, habelə 2000-ci ildə Minilliyin İnkişaf Məqsədləri, eləcə də 2015-ci ildə BMT Baş Assambleyası tərəfindən yekdilliklə qəbul olunan Dayanqlı İnkişaf Məqsədləri universal sənədlərinə göstərdiyi ehtiram və həmin beynəlxalq sənədlərin milli səviyyədə icrasına düzgün yanaşmasıdır. Ölkəmizdə həmin universal sənədlərdə nəzərdə tutulmuş məqsədlərin icrasına yönəlik xüsusi dövlət komissiyası formalaşdırıldı, qarşıya qoyulmuş hədəflərə nail olmaq üçün mexanizmlər qəbul edildi.

Dünya dövlətləri, hökumətlər tərəfindən ICPD-nin 30 illiyinin qeyd olunduğu bir zamanda əldə olunmuş nailiyyətlərə dair hesabatların təqdim olunması, ICPD-nin Fəaliyyət Proqramının əhatə dairəsinin genişləndiyinin bariz göstəricisidir. Lakin, görülmüş işlərdə qeyd olunan müsbət məqamlara baxmayaraq, təəssüf ki, hələ də bərabərlilik, qadın və uşaq hüquqlarının istismarı, insanların düzgün təhsil və məlumat alma imkanlarının olmaması ilə bağlı problemlər mövcuddur.

Bu, eyni zamanda, 8-ci Beynəlxalq Parlamentarilər Konfransının işində də özünü göstərirdi. Belə ki, Yaponiya, İrlandiya Parlamentlərinin üzvlərinin təcrübələrinin xüsusi maraqla qarşılanması, eləcə də üçüncü dünya dövlətləri, xüsusilə Afrika ölkələrinin hal-hazırki çətin vəziyyəti, habelə müsəlman dövlətlərinin Parlamentlərində bərabərlilik, qadın hüquq və azadlıqları, müasirləşən səhiyyəyə hər kəsin əlçatanlığının təmin olunmasına dair müzakirələr bir daha onu deməyə əsas verir ki, növbəti mərhələ üçün yol xəritəsinin hazırlanması vacibdir.

Bu baxımdan, ICPD Fəaliyyət Proqramının icrası üzrə 8-ci Beynəlxalq Parlamentarilər Konfransında Oslo Bəyannaməsinin (https://ipciconference.org/wp-content/uploads/2024/04/Oslo-Statement-of-Commitment_12-April-2024-12_00-pm-with-logo.pdf) bütün iştirakçılar tərəfindən qəbul olunması yeni dünya düzəninin əsas hədəfləri və məqsədlərindən olacaqdır.

Məzahir Əfəndiyev

Azərbaycan Respublikası

Milli Məclisinin deputatı