Yadıma İstanbul düşür, iş səfərinə getmişdik. Taksi sürücüsünə "Şeratona sür", dedik. Bir adi, işgüzar geyimimizə baxdı, bir də sifarişimizə. Sən demə, Türkiyədəki "Sheraton" ən bahalı otellərdən biriymiş. Sözümün canı odur ki, səyahətə çıxanda harada qalacağınız əsas məqamlardan biridir. Əlbəttə, deyə bilərsiniz ki, oteldən çox otel var. Ancaq seçimdə bəzi xüsusi şərtlər, qaydalar var ki, onu bilməyiniz sayəsində daha rahat gəzərsiz.
Yerləşdiyi ərazi
Otelin yerləşdiyi ərazi çox vacibdir. Əgər işgüzar səfərə gedirsinizsə, görüşləri keçirəcəyiniz yerə yaxın olsun, inanın ki, tıxacda itirdiyiniz vaxtda qazana biləcəyiniz fürsət, qiymət fərqindən daha qiymətli ola bilər. Əgər otel həm dənizə, həm də gəzmək üçün seçdiyiniz ünvanlara da yaxın olsa, bəxtiniz çaldı, taksi xərclərindən azadsız.
Şəhərin səs-küyündən uzaq, sakit bir yerə beyninizin dincəlməyi üçün başınızı götürüb gedirsinizsə, yenə də otelin yerləşdiyi əraziyə qarşı diqqətli olun. Bir sözlə, elə seçim edin ki, həm başınız ağrımasın, həm də cibinizə yük düşməsin.
Diqqətinizdə olsun! Xərcləri minimuma endirmək üçün otelin ictimai nəqliyyata yaxın yerləşməsinə, hava limanına transferlərinin olub olmadığını fikir verin.
Parkinq xidməti
Şəxsi avtomobiliniz ilə səyahətə çıxsanız və ya avtomobil kirayələmək fikriniz olsa, otelin parkinq xidmətinin olub olmadığını, ödənişi varmı-yoxmu əvvəlcədən mütləq öyrənin.
Əlavə ödənişlər
Otel seçəndə əlavə ödənişlərə mütləq diqqət yetirin. Çünki bəzi xidmətlər pulludur, bəziləri yox. Hansı xidmətlərə ehtiyacınız varsa, onun qiymətini öyrənin. Məsələn, internetə ehtiyacınız varsa, otelin sizin üçün davamlı və limitsiz internet verib-verməyəcəyini soruşun. Sizi təəccübləndirə biləcək digər əlavə ödənişlərə; erkən check-in, mini soyuducuların istifadəsi, idman salonu, spa, hamam, saunadan istifadə xərcləri daxildir. Və ya məsələn, oteldə fərqli ləzzətlər təklif edən bir restoran varsa, həmin restorandakı yemək haqqının qeydiyyat zamanı ödədiyiniz qiymətə daxil olub-olmadığını bilməyiniz vacibdir. Ümumiyyətlə, otellərdə bəzi xidmətlər çox bahalıdır, bəziləri isə ucuz, bu səbəbdən əvvəlcədən araşdırma aparmaq sizin xeyrinizədir.
Otelin ulduz sayı
Otel seçərkən ulduz sayına baxmaq ən çox yayılmış üsullardan biridir. Otellərə ulduz sayı əbəs yerə verilmir. Ulduzların sayı nə qədər çox olsa, demək daha çox xidmət təklif edir, həm də üzərinə daha çox məsuliyyət götürür. Bu səbəbdən otel axtararkən ulduz sayına diqqət yetirin. Düzdür, ulduzların sayı həmişə keyfiyyətlə mütənasib olmaya bilər. Ancaq yenə də vacib bir meyardır. Ulduz sayı otelləri bir-biri ilə müqayisə etmək üçün ən yaxşı yollardan biridir, həm də ulduz reytinqini müqayisə edərək büdcənizə uyğun oteli daha asan müəyyənləşdirə bilərsiniz.
Əlavə xidmətlər, rahatlıq
İstirahəti harda, hansı abı-havada keçirmək istəyirsinizsə, otelin konseptini ona uyğun seçin. Təbiət qoynunda və ya dəniz kənarında çimərliyi olan otellər arasında fərqlər var. Məsələn, maşınsız getdiyiniz bir oteldə avtomobil kirayə vermə xidməti sizin üçün böyük rahatlıq təmin edə bilər. Bundan başqa otelin sauna, spa, hamam, idman zalı, pulsuz internet və dayanacaq təklif etməsi sizin üçün rahatlıq deməkdir. Digər tərəfdən önəmsiz kimi görünsə də otaqda iş stolu, minibar, soyuducu, mikrodalğalı soba, seyf, çaydan, əlavə dəsmal, saç feni, ütü masası, kondisioner, şəxsi qulluq ləvazimatları varmı? Peyk televiziya, limitsiz, yüksək sürətli internet və s. xidmətlər təklif olunurmu? Bütün bu sualların cavablarını öyrənməyiniz rahatlığınız üçün çox önəmlidir.
Otelin təklif etdiyi imkanlar arasında səhər yeməyi və ya nahar olmaya bilər. Bu büdcəniz üçün əlavə yükdür. Ayrıca, hər axşam yemək üçün oteli tərk etmək istəmirsinizsə, otelin daxilindəki restoran seçimlərini araşdırın.
Səyahətə ailənizlə çıxsanız, otelin təkliflərinə daha ciddi yanaşın. Böyük ailələr üçün otaq tipi çox vacibdir. Bir neçə otaqdan ibarət və ya mətbəxi olan otaqlı otelləri seçmək isə üstünlükdür. Sizin və uşağınızın rahatlığı üçün otağa əlavə yataq qoymaq imkanı işinizi asanlaşdıracaq. Uşağın vaxt keçirə biləcəyi əyləncə bölmələrinin olması da uşaqlı ailələr üçün son dərəcə vacibdir.
Əgər dostlarla birlikdə tətilə çıxırsınızsa, əyləncə mərkəzi olan otel seçin. Çünki yaxın dostlarla belə bir yerdə qalanda 2-3 gündən sonra darıxmağa başlayacaqsız.
Heyvanlara qulluq yeri
Ayrıla bilmədiyiniz pişiyiniz və ya itiniz varsa, otelinizi buna görə seçməlisiniz. Unutmayın ki, bəzi otellər onları qəbul edir, bəziləri isə yox. Heyvanlar üçün xüsusi qayğı bölməsinin olub olmadığını, hətta qalacağınız otağa ev heyvanı ilə girə biləcəksinizmi, bunu dəqiqləşdirin. Nəzərinizdə olsun ki, bəzi otellərdə əlavə ödəniş müqabilində heyvanlara qayğı göstərilir.
Otel haqqındakı şərhləri oxuyun
Otelin sosial media hesablarındakı və veb səhifəsindəki şərhləri oxuyaraq işə başlaya bilərsiniz. Eyni zamanda agentliklərin veb saytlarındakı fotoşəkilləri müqayisə edib, otel haqqındakı şərhlərə də nəzər salsanız işiniz asanlaşacaq.
Ancaq yenə də yalnız rəylərə əsaslanaraq otel seçmək düzgün deyil. Gerçəklikdən uzaq olsa da, müsbət şərhləri elə otellər özü yazır, mənfi rəyləri isə onların rəqibləri yazır.
Etibarlılıq
Məlumdur ki, tanınmış otel brendləri daha çox etibarlıdır. Amma necə deyərlər, baxır sizin cibinizə. Hər birinin öz üstünlükləri və mənfi cəhətləri var. Buna görə də qərarınızı verərkən yuxarıda sadaladığımız amilləri nəzərə almağınız məsləhətdir. Ümid edirik ki, qərarınızı asanlaşdırmaq üçün məsləhətlərimiz faydalı olacaq.
Xoş istirahətlər! Həmişə gəzməkdə!