Tanınmış ictimai-siyasi xadim, görkəmli publisist, incə fəhmi və dərin hissiyyatı ilə seçilən dostum Əflatun Amaşovun ad günüdür. Haqqında tərif söylənməsini xoşlamayan, amma ömrü boyu yalnız tərifə layiq əməlləri ilə cəmiyyətə örnək olan təvazökar dostum haqqında yazıla və danışıla biləcək çox mətləblər var. Haqqında çox danışılmasa da bu günədək keçdiyi ömür yolunun özü onun həyat ideallarından, arzularından, mübarizəsindən və uğurlarından danışır. Yeniyetməlik və gənclik illərindən çalışqanlığı və məqsədəyönlüyü ilə fərqlənən Əflatun hələ o zamanlarda Bakıda və Moskvada ölkənin ən məşhur ali məktəblərində təhsil alaraq dilçilik və jurnalistika ixtisaslarına yiyələnib. Müstəqillik uğrunda milli mübarizəmizin lap başlanğıcından aktiv ictimai-siyasi fəaliyyətə başlayıb, bütün səylərini milli dövlət quruculuğuna mane olan sovet stereotiplərinin dağıdılması və milli dövlətçilik düşüncəsinin formalaşdırılması istiqamətində başlanan azadlıq hərəkatına yönəldib. Ölkəmizin başlıca informasiya mənbəyi olan AzərTac-da müxbir vəzifəsindən Baş direktorun 1-ci müavini vəzifəsinədək peşəkar karyera yolu keçib. Müstəqilliyimizin bərpa olunmasından sonra ölkədə mətbuat, söz və fikir azadlığının bərqərar olunması üçün demokratik cəmiyyətlərə xas olan yeni tipli azad mətbuatın təşəkkülü uğrunda yorulmadan çalışıb. "Yeni Nəsil" Jurnalistlər Birliyinin yaradıcılarından biri olub, "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin sədri seçilib, 2003-cü ildən 2022-ci ilədək Azərbaycan Mətbuat Şurasına sədrlik edib. 2015-2020-ci illərdə millət vəkili olub. Bunlar sadəcə quru statistika deyil. Tutduğu vəzifələrin hər birində milli dövlətçilik siyasətinə sadiq qalıb, prinsipial mövqeyi və azadlıq ruhu ilə demokratik cəmiyyət quruculuğuna töhfələrini əsirgəməyib. Bu vəzifələrin hər birinin arxasında Əflatun Amaşovun gərgin və təmənnasız əməyi və Vətənə xidmət entuziazmı dayanır. Çalışdığı hər bir yerdə Əflatun Amaşov öz peşə məsuliyyətini, vəzifə səlahiyyətlərini və vətəndaşlıq borcunu şərəflə və ləyaqətlə yerinə yetirib.
Hələ uşaq yaşlarımda valideynlərimdən eşitdiyim bir nəsihəti heç zaman unutmamışam. Onlar deyirdilər ki, hər bir şüurlu şəxs axşam yatağına uzanarkən özü özünə hesabat verməli, gün ərzində nələrin baş verdiyini, atdığı addımların, etdiyi hərəkətlərin nə dərəcədə doğru və ya yanlış olduğunu öz düşüncələrində yenidən təhlil etməli və özünü sabaha hazırlamalıdır. Əflatun Amaşov məhz hər gecə yuxuya getməzdən əvvəl özü özünə hesabat verən adamlardandır. Bu hesabatda keçən günün hadisələri, onun bu hadisələrə mövqeyi, hadisələrə müsbət yönüm vermək imkanları, ata bildiyi, bilmədiyi və biləcəyi addımlar saf-çürük olunur və sabah üçün Vətənə və cəmiyyətə verilə biləcək faydalı əməllərin ardıcıllığı müəyyənləşdirilir. Onun özü özünə hesabatında doğmaları, dostları, eli-obası da ayrı sətirlərlə düşüncələrində çözələnir və hamıya faydalı olmağın yolları aranır. Arzuları və əməlləri xeyirxahlıqdan, fədakarlıqdan və yorulmazlıqdan yoğrulmuş dostum Əflatun ömrünün çox hissəsini doğulub böyüdüyü el-obasından uzaqda yaşasa da xəyalları həmişə o torpaqlarla bağlı olub. Doğma ev, doğma kənd, doğma insanlar haqqında düşüncələri onun təxəyyülündən qələminə süzülüb və istedadlı bir yazıçı məharəti ilə roman şəklində oxucuların təsəvvüründə canlanıb. Söhbət Əflatun Amaşovun “Qanıq, Hasan, bir də Qaragöz” romanından gedir. Müstəqillik dövrümüzdə ərsəyə gətirilmiş çoxsaylı bədii əsərlər içərisində öz koloriti, mövzu dərinliyi və etno-bədii özəllikləri ilə seçilən bu roman Azərbaycan ədəbiyyatında tamamilə yeni bir yaradıcılıq hadisəsidir. Ana təbiətin həmişəyaşarlığını, zaman və məkanın ayrılmazlığını və davamlılığını, insan cəmiyyətinin təbiət qanunlarından fərqli, özləri tərəfindən bəzən yanlış olaraq uydurulmuş qaydalar əsasında yaşamaq cəhdləri və bu cəhdlərdən irəli gələn faciələri Əflatun Amaşovun bu romanında nadir ustalıqla öz əksini tapıb. Əflatun öz doğma kəndi Qoşa Qarı, bu kəndin adamlarını özünün orada yaşadığı və gördüyü mühitdə təsvir etsə də hadisələrin tarixi dinamizmi və qarşılıqlı bağlılığı oxucunu bəzən ən uzaq keçmişlərə, bəzən də ən uzaq gələcəyə qədər aparıb çıxarır. Hadisələrin süjeti o qədər iti və gözlənilməzdir ki, bəzən oxucu özünü intəhasız bir okeanın ortasında güclü dalğaların həmləsi ilə gah o yana, gah bu yana atılan köməksiz və ümidsiz bir üzgüçü kimi hiss edir. Lakin bu çox çəkmir. Süjet xəttindəki gözlənilməz bir keçid oxucunu bir anda çaşqınlıqdan xilas edir və hadisələrin bir-birinə bağlılığını və ümumi mənzərəsini anlamağa imkan verir. Keçmiş və gələcək nəsillər arasında yaşam və düşüncə tərzindəki ziddiyyətlər romanın dramatizmini kəskinləşdirir və oxucunu bütün zamanların ən şüurlu məxluqu olan İnsan haqqında düşünməyə vadar edir. Romanın hər səhifəsindən, hər sətirindən Əflatun Amaşovun bütün varlığı ilə doğma yurduna – Qoşa Qara bağlılığı hiss olunur. Romanda təsvir olunan personajlar keçən əsrin ortalarından bu yana Qoşa Qarda yaşayanlardır, təsvir olunan hadisələr isə ya onların şahidi olduğu, yaxud da ən uzağı onların da öz ata-babalarından eşitdikləri həyat hekayələridir. Lakin Əflatun Amaşovun bu hekayələr vasitəsilə keçmişlə gələcək arasında yaratdığı körpülər romanın zaman qapsamını təsəvvür edilməyəcək dərəcədə genişləndirir. Nəticədə qısa həcmli bir romanı oxuyarkən tarixin dərinliklərindən gələn mifoloji hadisələrin və inancların ağlasığmaz bədii rənglərdə bu günümüzün adamlarının həyatı ilə qəribə bir tərzdə çulğaşdığını görmək mümkün olur. Əsatirlərdən gələn mifik personajlar bu gün də Qoşa Qarda ayrı-ayrı sadə insanların ruhunda və yaşamında özünü göstərməkdədir. Əflatun Amaşov təkcə keçmişi və onun mifik təsəvvürlərini bu günkü həyata gətirmir, həm də gələcəyin siqnallarını bu günkü insanlığa çatdırır. Ən maraqlısı isə ondan ibarətdir ki, o bunu alleqorik təqdimat üslubunda insanlara sadiq heyvanların dili ilə təqdim edir. Sonrakı həyatında “Gələcək”dən gəlmiş Qanığın insanları tərəqqidən geri qalmasına görə qınaması da elə bu gün insanla təbiət arasında yaşanan uyğunsuzluğun və bu uyğunsuzluğun səbəbkarı olan insanın məsuliyyətini önə çəkir. Bütün bunlarla Əflatun Amaşov Qoşa Qar camaatının timsalında insanlığın keçmişə və gələcəyə münasibətini dəyərləndirir və oxucunu həyat haqqında fəlsəfi düşüncələrə sövq edir. Roman o qədər gözəl yazılıb ki, onu təsvir və təhlil etməklə o dərinliyi və gözəlliyi hiss etmək mümkün deyil. Onu yalnız oxuyanlar biləcək. Yeri gəlmişkən, çox şadam ki, Əflatun Amaşovun roman yaradıcılığı “Qoşa Qarın adamları və şeytanları” adlı ikinci kitabla davam edir. Amma deyəsən, mətləbdən bir qədər uzaqlaşdım. Mənim məqsədim əslində romanı təhlil etmək yox, belə bir şedevrin yaradıcısı, əziz dostum Əflatun Amaşovu ad günü münasibəti ilə təbrik etmək idi. Əflatun Amaşov Vətənə bağlı, dostluğa sadiq, ziyalılara örnək bir şəxsiyyətdir. Belə bir insanla ünsiyyətdə olmaq, düşüncələrini bölüşmək olduqca xoşdur. Əziz dostum Əflatun Amaşovu ad günü münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, yeni-yeni yaradıcılıq uğurları, xoşbəxtlik və səadət arzulayıram.
Cavanşir Feyziyev
Milli Məclisin deputatı