““Park Bulvar”da blogerlə görüşə gələnlərin belə bir səhnə yaratması həm gülməli, həm də ağlamalıdır”

“Çox təəssüf ki, bir qrup insan nə istədiyini belə bilmədən xoşagəlməz hərəkətlərə yol verirlər. “Park Bulvar”da blogerlə görüşə gələnlərin belə bir səhnə yaratması həm gülməli, həm də ağlamalıdır. İnsanlar üçün öz ağılı və məntiqi hər şeydən üstün olmalıdır. “İphone”a, konfetə və şirin sözlərə aldanmamalıyıq...”

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

 

Deputat qeyd edib ki, belə düşünülməmiş hərəkətlərlə sosial şəbəkələrdə çox rast gəlinir: “Məsələn, bir nəfər sosial şəbəkədə kimisə təhqir edirsə,  digərləri də məsələnin mahiyyətini bilmədən, düşünmədən təhqirlərə qoşulurlar. Yəni, barəsində təhqir yazılanın məqsədi heç kimə maraqlı deyul. Sosial şəbəkə istifadəçiləri, sadəcə olaraq, şərh yazmaq üçün növbəyə düzülürlər. “Park Bulvar”da baş verən hadisəni də bunun  oxşarı hesab edirəm. Bəlkə də həmin izdihama qoşulanların çoxu heç özləri də nə üçün orda olduqlarını bilmirdilər.  Sonra da ya yıxılaraq ayaq altında qalıb, ya da videodan göründüyü kimi, kəmərlə döyülüblər. Həmin izdihamda öz həyatlarını təhlükəyə atan şəxslərə istənilən addım atmamışdan qabaq ciddi düşünmələrini tövsiyə edirəm. Düşünmədən hərəkət edənlər, adətən, gülməli vəziyyətə düşürlər. Bunun isə fəsadları ağır ola bilər”.