Parlament diplomatiyası həmrəyliyimizin daha da gücləndirilməsində öz sözünü deyəcək

Milli Məclisin deputatı Əliabbas Salahzadə iyunun 30-da Heydər Əliyev Mərkəzində keçirilən Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusunda Bakı konfransının əhəmiyyətindən geniş bəhs edərək bildirib ki, Azərbaycan  Qoşulmama Hərəkatı ailəsinə 2011-ci ildə qoşuldu və fəaliyyətinin ilk  günlərindən  həmrəyliyin, qarşılıqlı dəstəyin təşviqinə töhfələr verməyə səy göstərdi: “Dövlət başçısı İlham Əliyevin beynəlxalq konfransda nitqi Qoşulmama Hərəkatının qarşısına qoyduğu məqsədlərə yüksək səviyyədə nail olmasına, həmçinin Azərbaycanın irəli sürdüyü təşəbbüslərə qurum üzvləri tərəfindən göstərilən dəstəyin yol açdığı uğurlara bir daha işıq saldı. Keçirilən hər bir beynəlxalq tədbir iştirakçı dövlətlərin gündəmə gətirilən məsələlərin həllinə verə biləcəkləri töhfələrlə yanaşı, konfransa ev sahibliyi edən dövlətin beynəlxalq münasibətlər sistemində hazırkı yeri və roluna da aydınlıq gətirir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik müddətinin üzv dövlətlərin yekdil qərarı ilə bir il uzadılması da deyilənlərin təsdiqidir. Azərbaycan hər zaman ədaləti, beynəlxalq hüququ həyata keçirdiyi xarici siyasətin əsas prinsipi kimi qəbul edib, ən yüksək tribunalardan dünya güclərinə bununla bağlı çağırışlarını səsləndirib. Dövlət başçısı İlham Əliyev Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransında  bu reallığı bir daha diqqətə çatırdı ki, ərazi bütövlüyü, suverenlik, müstəqillik, bir-birinin işlərinə müdaxilə etməmə - bu prinsiplər bütün ölkələr tərəfindən qorunub saxlanılsaydı, heç bir müharibə, münaqişə və ədalətsizlik olmazdı.”

Əliabbas Salahzadə qeyd edib ki, parlament diplomatiyası və parlamentlərarası münasibətlərin inkişafı hazırkı dövrün prioritet məsələlərindəndir: “Cənab İlham Əliyevin böyük əminliklə qeyd etdiyi kimi, Parlament Şəbəkəsi təkcə ölkələrimiz arasında həmrəyliyə töhfə verməyəcək, eyni zamanda, dünyanın müxtəlif parlament təşkilatları ilə sıx iş münasibətləri quracaq. Təbii ki, bu əminliyi şətləndirən məqamlar var. Azərbaycanın hər bir təşəbbüsü quruma üzv dövlətlər tərəfindən dəstəklənir. Parlament, bunun ardınca Gənclər Şəbəkəsinin yaradılması Azərbaycanın qurumun institusional inkişafı üçün atdığı addıımların tərkib hissəsidir. Növbəti ay Bakıda Qoşulmama Hərəkatının Gənclər Sammiti keçiriləcək. Üzv dövlətlərin gənclərinin potensial imkanlarından bəhrələnərək həmrəyliyə, ölkələrarası münasibətlərin inkişafına töhfələr verməsi qürurvericidir. Azərbaycanda gənclərə diqqət və qayğı göz önündədir. Ölkəmizdə gənclərin dövlət idarəçiliyində irəli çəkilməsi, müasir düşüncələrinə əsaslanan ideyalarla çıxış etmələri beynəlxalq səviyyədə təqdir edilir. Düşünürük ki, hər sahədə təcrübəsi nümunə olan Azərbaycan istər Parlament, istərsə də Gənclər Şəbəkəsinin Bakı konfransında gündəmə gətirilən məsələlərin müzakirəsində, həmçinin reallıqda öz əksini tapmasında sözünü deyəcək.”

Millət vəkili onu da vurğulayıb ki, ölkəmizin Qoşulmama Hərəkatında sədrliyi COVİD-19-la mübarizə tədbirləri ilə  üst-üstə düşür: “Azərbaycan qlobal problemə qarşı mübarizədə birgə səylərə çağırışlar edərək bunu atdığı addımları, irəli sürdüyü təşəbbüsləri və onları gerçəkliyə çevirməklə təsdiqlədi. Azərbaycanın təşəbbüsü ilə 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının vieoformatda  Zirvə toplantısının keçirilməsi pandemiya ilə mübarizədə dövlətlərin səfərbər edilməsi üçün ilkin addımlardan biri idi. Azərbaycanın səyləri təkcə həmrəyliyin gücləndirilməsi və dəstəyin təmin edilməsinə yönəlməmişdir. Azərbaycan pandemiya dövründə 80-dən çox ölkəyə maddi yardım və humanitar dəstək göstərdi. Həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində ianə olunub və bu vəsaitin yarısı Qoşulmama Hərəkatının üzv dövlətlərinə birbaşa ayrılmışdır. Azərbaycan “peyvənd millətçiliyi”nə qarşı da açıq şəkildə etirazını bildirən ölkələrdən biridir.  Dövlət başçısı İlham Əliyev Bakı konfransında bir daha bəyan etdi ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri olaraq ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına, ayrıseçkiliyə qarşı mübarizə aparmağa davam edəcək.”

Bu gün Azərbaycan tarixi Zəfərinin  qürurunu yaşayır” söyləyən millət vəkili qeyd edib ki, artıq dünya gücləri postmünaqişə dövrünün reallıqlarını qəbul edib və fəaliyyətlərini bu istiqamətdə qururlar. Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək üçün yaradılan  ATƏT-in Minsk qrupuna ehtiyac yoxdur.

Əliabbas Salahzadə bildirib ki, yeni dövrün  yeni çağırışları vardır. Bu da hər bir ölkədən müasir yanaşma ortaya qoymağı, səyləri birləşdirməyi tələb edir: “Dövlət başçısı İlham Əliyev  Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təsisat  olan Qoşulmama Hərəkatında  səsimizin dünya miqyasında eşidilməsi istəyimizi bir daha ifadə etdi.”