Bu gecə Vaşinqtonda milyonlarla insanın onilliklərlə gözlədiyi tarixi hadisə baş tutdu. ABŞ prezidentinin şahidliyi ilə, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında memorandum imzalandı.
Memorandum, 300 il bundan əvvəl Cənubi Qafqaza səpilmiş separatizm toxumlarının təmizlənməsini rəsmiləşdirdi. Bununla da, bütöv bir regionu idarəolunan konflikt vasitəsilə əsarətdə saxlayan imperiyapərəstlərin siyasəti iflasa uğradı.
Azərbaycanın sülh müqaviləsinin imzalanması üçün tələbləri rəsmiləşdirildi. Naxçıvana maneəsiz keçidlə bağlı maddə əksini tapdı.
33 il bundan əvvəl ABŞ konqresi tərəfindən ədalətsizcəsinə qəbul efilmiş, Azərbaycana dövlət yardımını qadağan edən 907-ci düzəliş birdəfəlik aradan götürüldü.
Ən çox diqqət çəkən məqamlardan biri də Azərbaycanın Amerika Birləşmiş Ştatlarının strateji müttəfiqinə çevrilməsidir. Səmimi etiraf etmək istərdim ki, mövcud geosiyasi şərtlər daxilində bu fantastik bir göstəricidir. ABŞ ilə strateji müttəfiqlik, sivil dünyanın bir parçası olmaq, dünyanın ən güclü, hərtərəfli inkişaf etmiş ölkəsinin iqtisadi, elmi, texnoloji, mədəni imkanlarından yararlanmaq deməkdir.
Burada, Prezident İlham Əliyevin “Nəyi, necə, nə vaxt etməyin lazım olduğunu mən yaxşı bilirəm” sözləri yada düşür. Donald Trampın, cənab Prezidenti “Zəki və güclü Lider” adlandırması, dövlət Başçımızın beynəlxalq nüfuzunun ən yüksək səviyyədə etirafıdır.
2020-ci il 8 noyabrı Azərbaycanın döyüş meydanlarında qələbəsi kimi tarixə düşdü.
2025-ci ilin 8 avqustunda isə, sülhün rəsmiləşdirilməsi üçün rəsmi zəmin yarandı.
Azərbaycan xalqı son beş ildə ancaq Zəfərlər qazandı. Yeni Dünya nizamında yeni reallıqlar yaratdı. Bütün bunların memarı, beyni şübhəsiz, Prezident, Ali Baş Komandan İlham Əliyevdir.
Təbriklər, cənab Prezident!
Təbriklər, Azərbaycan xalqı!
Nəsib Məhəməliyev. Milli Məclisin deputatı