“PAŞİNYAN TARİXİ REALLIĞI QƏBUL EDİR”

“Ermənistanın baş nazirinin son açıqlamaları belə düşünməyə imkan verir ki, İrəvanın Azərbaycanla sülh müqaviləsi imzalamaq, bizim ərazi bütövlüyümüzü nəhayət tanımaqdan savayı seçimi qalmayıb. Paşinyan ümid edirdi ki, Brüssel görüşündən hansısa nəticələr əldə edəcək, amma Soçi görüşü kimi Avropadan da ümidsiz qayıtdı. Artıq anlayır və öz xalqına da son bəyanatlarında izah etməyə çalışır ki, Azərbaycan və Türkiyə ilə münasibətləri qurmaq, Bakı ilə sülh müqaviləsi imzalamaq qaçılmazdır”.

Bu fikirləri millət vəkili Məşhur Məmmədov TİA.Az-a bildirib. Deputat Ermənistan hökumətinin başçısının son çıxışlarını şərh edərkən deyib ki, sülh müqaviləsinə qədər sərhədlərin dəqiqləşdirilməsi prosesi gedəcək. M. Məmmədov hesab edir ki, Paşinyan Qarabağın Azərbaycana aid olduğunu etiraf edib və erməni xalqını da bu tarixi həqiqəti qəbul etməyə çağırıb: “Onun KTMT əleyhinə ittihamları, qondarma rejim haqda söylədikləri belə qənaət formalaşdırır ki, Paşinyan reallığı artıq qəbul edir və qarşıdakı mərhələ erməni ictimai rəyini sülhə hazırlamaqdır. Əgər bunu bacararsa, bölgədə yeni bir era başlanacaq və erməni xalqı da sülh içində yaşayacaq. Azərbaycan 5 bəndlik sülh təkliflərini təqdim edib, Ermənistan müsbət yanaşıb, cənab Prezident də qeyd etdi ki, artıq bizim ərazi bütövlüyümüzü tanımağa razıdırlar.

Hesab edirəm ki, Ermənistan nə Qərb platformasından, nə Rusiyadan dəstək ala bilmədiyi üçün şərtləri qəbul etməyə məcburdur. Həmçinin Avropaya inteqrasiya istəyirlərsə, Türkiyə ilə əlaqələri yaxşılaşmalıdır. Bütün bunlar 44 günlük Vətən müharibəsindən sonra diplomatiya masasında da cənab İlham Əliyevin növbəti uğurudur və “Dəmir yumruq” diplomatiyada da öz sözünü deməkdədir”.