“Nensi Pelosinin bu səfəri ABŞ-Azərbaycan münasibətlərinə zərər versə də, ABŞ və Azərbaycan müttəfiq dövlətlərdir”. "Azerforum" xəbər verir ki, bu fikirləri SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev bildirib. Onun sözlərinə görə, ABŞ-la Azərbaycan arasında elə bir dərin əlaqələr var ki, Nensinin Ermənistana bu səfəri iki ölkənin münasibətlərinə o qədər də ciddi təsir etməyəcək: “Çünki ABŞ dövləti buna imkan verməz. Ancaq Nensi Pelosinin Ermənistana səfəri erməni lobbisinin və Amerikadakı erməni milli komitəsinin tələbi ilə gerçəkləşib. Qeyd edim ki, noyabr ayında Amerikada seçkilər keçiriləcək. Nensi Pelosi də bu seçkilərdə erməni lobbisinin dəstəyini almaq üçün bu səfəri həyata keçirdi. Pelosinin İrəvana səfər zamanı qondarma erməni soyqırımı abidəsini ziyarət etməsi və orada göz yaşları axıtması da riyakarlıqdan başqa bir şey deyil. Bu cür siyasətçilərin olmayan bir faciə üçün göz yaşı axıtması həqiqətən də gülüncdür. Onu da qeyd edim ki, bu səfər həm də ATƏT-in Minsk qrupunun yenidən fəaliyyətə başlamlasını istəyir. Hazırda Amerikanın nüfuzu zəifləməyə başlayıb. Regionda artıq dövlətlər müstəqil fəaliyyət göstərirlər. Hansı ki, vaxtılə ABŞ-ın təsir dairəsində idilər. Bu günlərdə İrəvanda aksiyalar da keçirilir və Pelosinin bura səfərini pisləyən də var. Ermənistan hakimiyyəti bəyan edir ki, biz Rusiya ilə müttəfiqik. Amma bunlardan asılı olmayaraq Ermənistan nə qərbdə, nə də Rusiyada bir mövqe tuta bilmir. Bu da Ermənistanın mövqesizliyini göstərir. Pelosi yanlız öz maraqlarına görə Ermənistana səfər etmişdir. Hesab edirəm ki, səfər Ermənistana dəstək olmadı, əksinə bu səfər Rusiyanı daha da qıcıqlandırdı. Rusiyanın Paşinyana qarşı antipatiyasını daha da gücləndirdi.
Azərbaycan müstəqil siyasət yürüdür, her bir ölkəyə qarşı tərəf tutmur. Nə Rusiya ilə, nə də Amerika ilə birtərəfli münasibət qurmur. Azərbaycan bütün dövlətlərlə yaxşı münasibətlərini qoruyub saxlayır. Düşünürəm ki, Amerikanın müəyyən qüvvələri ikili standartlarla hərəkət etsə də Pelosinin bu səfəri ABŞ siyasətinin nümunəsi kimi sayılmamalıdır. Çünki Amerika istəsə də, istəməsə də Azərbaycanla münasibətləri yaxşı saxlamalıdır”.