ABŞ Konqresinin Nümayəndələr Palatasının rəhbəri xanım Nensi Pelosinin İrəvana səfəri özü tərəfindən humanitar akt kimi təqdim edilsə də elə ABŞ-ın özündə də bir sıra siyasətçilər tərəfindən bu səfərin təşkilində bir sıra qeyri-adiliklərin olduğu iddia olunur. ABŞ-ın özündə və bu səfərə maraq göstərən digər ölkələrin sosial şəbəkələrində və informasiya mənbələrində bu səfər tezliklə ABŞ-da keçiriləcək aralıq seçkilərində Kaliforniya ştatında yaşayan çoxsaylı erməni icmasının səslərini qazanmaq cəhdi kimi qiymətləndirilir. Amma bu aysberqin yalnız görünən tərəfidir. Onun görünməyən tərəfində isə Amerika ermənilərinin lobbi təşkilatları və bu səfərin baş tutması üçün onların xanım Pelosiyə xərclədikləri külli miqdarda pul vəsaiti dayanır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev söyləyib.
O qeyd edib ki, xarici informasiya mənbələrində N.Pelosinin Ermənistan səfərinin erməni diasporuna 120 milyon dollara başa gəlməsi iddia olunur və bunun da 75 milyon dollarının hazırda Azərbaycanın Qarabağ bölgəsində gizlənən Ruben Vardanyan tərəfindən ianə edildiyi göstərilir. Bununla bağlı beynəlxalq KİV-lərdə yer alan məlumatların həqiqətə uyğun olması qətiyyən şübhə doğurmur. İlk növbədə, ona görə ki, açıq mənbələrdə ABŞ administrasiyası tərəfindən Pelosinin bu səfərini maliyyələşdirməkdən imtina etməsi təsdiqlənir. Bu halda onun Ermənistana səfər etməsində maraqlı və israrlı olan yeganə tərəf yalnız Amerikanın erməni lobbi təşkilatları olur ki, bütün xərclər də onların üzərinə düşür.
“Hamıya yaxşı məlumdur ki, son 100 ildə “erməni məsələsi”ni daim gündəmdə saxlamaq və uydurma soyqırımı iddiasını qəbul etdirmək üçün dünya erməniləri daim öz maliyyə imkanlarını səfərbər ediblər və dəstək üçün lobbiçilik edən qruplara - siyasətçilərə, dünyada yaxşı tanınan ictimai-siyasi və hətta incəsənət xadimlərinə külli miqdarda qonorar ödəyiblər. Hamı da yaxşı anlayır ki, bu, korrupsiya əməlidir və bununla bağlı təkzibolunmaz sübutlar dəfələrlə beynəlxalq mətbuatda öz əksini tapıb. Lakin erməni gündəliyini təbliğ edən bütün siyasətçilər Qərb dövlətlərində çoxdan qanuniləşdirilmiş “lobbiçilik fəaliyyəti” adı altında bu kimi əməllərini məharətlə pərdələyə bilirlər. Bütün bunlar on illərlə davam edən siyasi korrupsiya əməllərinə legitimlik donu geyindirən Qərb siyasətinin görünməyən tərəfidir.
N.Pelosinin səfəri üçün 75 milyon dollarından keçən Ruben Vardanyanın da məqsədi aydındır. Hələlik Azərbaycanın Qarabağ bölgəsində özünü təcrid etmiş bir qrup separatçıların yuvasına sığınmış Vardanyanın əsl məqsədi özünün dediyi kimi, Qarabağı inkişaf etdirmək yox, Ermənistanda siyasi hakimiyyətə yiyələnmək və bununla da “Rusiya oliqarxı” damğasını öz üzərindən silməkdir. Bu məqsədlə də istənilən maliyyə xərclərinə getməyi Vardanyan rasional çıxış yolu kimi görür. Bu inamın isə onu hara qədər aparacağı hələlik qaranlıq görünür”, - deyə Cavanşir Feyziyev vurğulayıb.
Onun sözlərinə görə, bu səfərdə xanım Pelosini müşayiət edən Amerika siyasətçilərinin kimliyi də səfərin məhz erməni lobbiçiləri tərəfindən təşkil olunduğunu göstərir. Nümayəndə heyətində yer alan konqresmen Frenk Pallone uzun illər ərzində erməni diasporunun konqresdəki nümayəndəsi kimi tanınıb və bütün siyasi karyerasının da məhz erməni lobbisi tərəfindən maliyyələşdirildiyi heç kimdə şübhə doğurmur. Digər iki deputat – Ceki Speyer və Anna Eşu isə erməni mənşəli amerikanlardır və məhz erməni lobbisinin dəstəyi sayəsində “erməni məsələsi”ni dəstəkləmək üçün Konqresə seçiliblər. Beləliklə, Nensi Pelosini müşayiət edən nümayəndə heyətində bir nəfər də olsa neytral adamın olmaması da onu göstərir ki, bu səfər məhz Amerika erməni təşkilatlarının tədbiridir.