Pərvanə Vəliyeva 100 ölkədən 500-dən çox üzvü olan COP29 QHT Koalisiyasının 27 dekabr tarixində keçirilən iclasında çıxış edib.  

Görüşdə “İtki və Zərər” Fondunun mexanizmləri müzakirə olunub. O, bildirib ki, Azərbaycanın COP29-a sədrliyi çərçivəsində fondun tam fəaliyyət göstərməsi üçün mühüm addımlar atılıb. Fondun İdarə Heyəti və Dünya Bankı ilə birgə səylər nəticəsində bu ilin sentyabrında Bakıda keçirilən İdarə Heyətinin 3-cü iclası zamanı Fondun İcraçı Direktoru təyin edilib. Bu iclas zamanı fondun fəaliyyətini asanlaşdırmaq üçün bir sıra mühüm sazişlər imzalanıb: Fondun İdarə Heyəti ilə Dünya Bankı arasında “Qəyyumluq Müqaviləsi” və “Katiblik Müqaviləsi” və Fondun İdarə Heyəti ilə Fondun evsahibi ölkəsi kimi müəyyən edilmiş Filippin Respublikası arasında “Ev sahibi ölkə Sazişi” də imzalanmışdır.   Bakıda keçirilən COP29-da İtki və Zərər Fondunun tam fəaliyyətə başlaması ilə əhəmiyyətli bir mərhələ əldə edildi. Bu fond iqlim dəyişikliyinin mənfi təsirlərinə ən həssas olan ölkələrə, o cümlədən inkişaf etməkdə olan kiçik ada dövlətlərinə, ən az inkişaf etmiş ölkələrə və Afrika dövlətlərinə maliyyə yardımı göstərmək üçün nəzərdə tutulub. Fondun 2025-ci ildən başlayaraq layihələri maliyyələşdirməyə başlaması gözlənilir.   Bu inkişaf beynəlxalq ictimaiyyətin iqlim dəyişikliyinin təsirləri ilə mübarizədə həssas dövlətlərə dəstək vermək öhdəliyini vurğulayır. Lakin burada əsas ideya fondun əlçatanlığı və ən çox təsirlənən və həssas qruplara vaxtında çatmasıdır. O, heç bir yazılı təklifə əsaslanmamalı, fövqəladə hallarda, insanlar ehtiyac duyduqda, vaxtında təmin edilməlidir. İtki və Zərər Fondu həssas inkişaf etməkdə olan ölkələrə, xüsusən də ən az İnkişaf Etmiş Ölkələr, İnkişaf etməkdə Olan Kiçik Ada Dövlətləri (SIDS) və iqlim dəyişikliyinin qeyri-mütənasib təsirləri ilə üzləşən digər ölkələrə yardım etmək üçün nəzərdə tutulmuşdur.   Məsələn, bu yaxınlarda, dekabrın 14-də Fransanın Hind okeanı dənizaşırı ərazisi Mayot adasında Çido siklonu nəticəsində onlarla insan həyatını itirdi. Siklon arxipelaqda geniş dağıntılara səbəb oldu, ən azı 14 nəfərin dünyasını dəyişmiş və təxminən 250 nəfər insan yaralanmışdı. İnfrastrukturun zədələnməsi, elektrik və su təchizatının dayandırılması minlərlə insanı işıqsız qoyub.  Mayotun sözügedən Fonddan yardım almaqda çətinlikləri onun unikal siyasi və inzibati statusundan və fondun uyğunluq meyarlarından irəli gəlir. Mayot Fransanın dənizaşırı bölgəsidir. Bu ada Fransanın bir hissəsi kimi inkişaf etmiş ölkənin bir hissəsi hesab olunur (UNFCCC çərçivəsində Əlavə I). Buna görə də Mayot beynəlxalq meyarlara görə, ayrıca inkişaf etməkdə olan ölkə kimi təsnif olunmur.   Müstəqil dövlətlərdən fərqli olaraq, Mayot İtki və Zərər Fondu kimi beynəlxalq maliyyələşdirmə mexanizmlərinə birbaşa müraciət etmək üçün suverenliyə malik deyil. Hər hansı yardım tələbləri inkişaf etmiş bir ölkə kimi Fransadan keçməlidir.  Bu kontekstdə İtki və Zərər Fondunun yaradılması təkcə maddi zərurət deyil, mənəvi tələbatdır. Bu, iqlim böhranına ən az töhfə vermiş, lakin ən böyük təsirlərə məruz qalan ölkələrdə dayanıqlığın yaradılması və bərpanın dəstəklənməsi istiqamətində mühüm addımdır.  İtki və Zərər Fondu təkcə maliyyə aləti deyil; bu, ortaq iqlim böhran qarşısında qlobal həmrəyliyimizin təzahürüdür.  Görüşdə, həmçinin, 25 dekabr tarixində Aktau yaxınlığında Azərbaycan hava yollarına məxsus təyyarə qəzası ilə bağlı həlak olanlanların xatirəsi 1 dəqiqəlik sükutla anılıb.