“Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan İƏT-ə üzv ölkələrlə əməkdaşlığa açıqdır” -Tahir Mirkişili

Mayın 17-də Azərbaycanın evsahibliyi ilə Milli Məclisdə İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA-nın) komitə iclasları keçirilib.

Sabahinfo.az  xəbər verir ki, quruma üzv ölkələrin parlamentarilərinin iştirakı ilə komitə iclaslarında təşkilati məsələlərə baxılıb, komitələrin sədrləri, müavinləri və məruzəçiləri müəyyən edilib. İclaslarda “Post-pandemiya dövründə əməkdaşlıq: çağırışlar və bərpa imkanları” mövzusunda çıxışlar edilib, müzakirələr keçirilib. 

İƏT PA-nın Ticarət və İqtisadi Əməkdaşlıq Təşkilatı Ticarət Sazişi üzrə Komitəsinin iclası Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin sədrliyi ilə keçib.

Tahir Mirkişili iclası açaraq iştirakçıları salamlayıb. Bildirib ki, bu il Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olmasının 30 ili tamam olur. İƏT-ə üzv olduqdan sonra ölkəmiz regionda iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsinə yönəlmiş müxtəlif təşəbbüslərdə konstruktiv şəkildə iştirak edib.

Milli Məclisin komitə sədri Azərbaycanın ticarət əlaqələri haqqında danışaraq bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan hər bir ölkə, xüsusən də İƏT-ə üzv ölkələrlə əməkdaşlığa açıqdır. Tahir Mirkişili, eyni zamanda, Azərbaycanın 44 günlük Vətən müharibəsində torpaqlarını erməni işğalından azad etməklə bölgədə yeni reallıqlar yaratdığını qeyd edib, əməkdaşlıq imkanları barədə danışıb.

Gündəliyin “Postpandemiya dövründə əməkdaşlıq: çağırışlar və bərpa imkanları” mövzusu ilə bağlı Milli Məclisin deputatı Elnur Allahverdiyev çıxış edib. O, pandemiya dövründə ölkəmizdə görülən işlərdən danışıb, qeyd edib ki, Azərbaycan dünyada vaksini qəbul edən ilk ölkələrdən olub. Milli Məclisin deputatı dünyanın bir daha belə bir bəla ilə üzləşməyəcəyinə ümidvar olduğunu söyləyib.

İclasda mövzu ətrafında fikir mübadiləsi aparılıb, parlamentarilər postpandemiya dövründə görüləcək işlər barədə düşüncələrini səsləndiriblər.