Prezident Fərman İmzaladı

Qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi üçün nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar icarəçidən tələb edilməyəcək.

Sabahinfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları”na edilən dəyişiklikdə əksini tapıb. Fərmana əsasən, belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi icarəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunur və ya icarəçi tərəfindən təmin ediləcək.

Həmin Fərmanla təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”na da dəyişiklik edilib.

Fərmana əsasən, bu Qaydalarda nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar hərracda iştirak etmək istəyən şəxslərdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi hərracda iştirak etmək istəyən şəxslərin razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunur və ya həmin şəxslər tərəfindən təmin edilir.

Eyni zamanda, hərracda iştirak etmək üçün nəzərdə tutulan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilməsi mümkün olduqda, həmin sənədlər sifarişçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunur və ya sifarişçi tərəfindən təmin ediləcək.