İstənilən dövlətin və xalqın inkişaf tarixini təhlil etsək, o nəticəyə gələrik ki, bu inkişafın əldə olunmasında liderin rolu müstəsna və həlledici olub. Bu baxımdan dövlətimiz və xalqımız xoşbəxtdir ki, ölkəmizə onu parçalanmaq, məhv olmaq, vətəndaş müharibəsi meydanına çevrilmək təhlükəsindən xilas edən, onu inkişaf və tərəqqi yoluna yüksəldən belə bir rəhbər, Heydər Əliyev kimi dahi şəxsiyyət, müdrik siyasətçi, Ümummilli Lider uzun müddət rəhbərlik edib. Xalqımız həm də ona görə xoşbəxtdir ki, Ümummilli Liderimizin güvəndiyi, siyasi kursuna, millət-vətən sevgisinə sadiq, başladığı uğurlu fəaliyyəti layiqincə davam etdirən siyasi varisi olub.
Bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov AZƏRTAC-a açıqlamasında deyib.
O qeyd edib ki, 2003-cü il oktyabrın 1-də Ulu Öndər xalqa müraciət edərək Azərbaycan xalqını prezident seçkilərində siyasi varisi İlham Əliyevi dəstəkləməyə çağırmışdı. Həmin çıxışında Ulu Öndər demişdi: “Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Tarixin sonrakı axarı və zaman göstərdi ki, Ulu Öndər Azərbaycan xalqı qarşısında olan bütün xidmətlərində olduğu kimi, varis seçimində də necə müdrik, uzaqgörən və haqlı olub. “Mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri o başa çatdıracaq”, - dediyi varis – Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi münasibətilə xalqa müraciətində Ulu Öndərin bu vəsiyyətini yerinə yetirməsinin sevincini öz xalqı ilə bölüşmüşdü: “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır”.
Ziyafət Əsgərovun sözlərinə görə, 2003-cü il oktyabrın 15-də prezident seçkilərində Ulu Öndərin siyasi varisi, Heydər Əliyev kursunun mükəmməl bilicisi olması və bu kursa sadiqlik İlham Əliyevin qələbəsində böyük rol oynayıb. Lakin xalqın seçimini İlham Əliyevin xeyrinə müəyyən edən amillər həm də onun şəxsi keyfiyyətləri və siyasi fəaliyyəti ilə bağlı idi. İlham Əliyevin Azərbaycan Respublikası Milli Məclisinin birinci və ikinci çağırışı dövründə deputat kimi fəaliyyəti, xüsusilə AŞPA-da Azərbaycan Parlamenti nümayəndə heyətinin başçısı və AŞPA-nın vitse-spikeri kimi uğurları, YAP-ın I qurultayında partiya sədrinin müavini, II qurultayında isə birinci müavini seçilməsi, 2000-ci ilin parlament seçkilərində YAP-ın seçki kampaniyasına rəhbərliyinin uğurla nəticələnməsi, Azərbaycan Respublikasının Baş naziri vəzifəsində qazandığı təcrübə, bütün bu uğurlu fəaliyyətlərin fonunda onun peşəkar siyasətçi kimi tanınması, idarəetmə qabiliyyəti, intellektual səviyyəsi, bilik və bacarıqları 2003-cü il prezident seçkilərinin nəticələrində böyük rol oynayıb.
“İlham Əliyev prezident seçildikdən sonra ölkəmizdə Heydər Əliyev kursuna sadiq, lakin, eyni zamanda, dövrün müasir tələblərinə, dünyanın mövcud geosiyasi vəziyyətinə, qarşıya qoyulmuş yeni məqsədlərə uyğun inkişaf strategiyasına start verildi. “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” ideologiyasını rəhbər tutan Prezident İlham Əliyev qısa bir vaxtda ölkənin yeni rəhbəri kimi ümumxalq etimadı qazanmağa müvəffəq oldu. Çünki xalq görürdü ki, əhalinin sosial durumu, vətəndaşların rifahı İlham Əliyevin ən diqqət mərkəzində saxladığı məsələlərdən biridir. Yalnız iqtisadi cəhətdən güclü olan dövlətin vətəndaşlarının sosial rifahının yüksək olacağını yaxşı bilən İlham Əliyev ölkəmizdə iqtisadiyyatın, həm neft, həm də qeyri-neft sektorunun inkişafı üçün nəhəng layihələr həyata keçirib. Həmin dövrdə Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə start verildi. Bununla da, Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış edən Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynamağa başladı. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı kimi çox böyük tarixi hadisə baş verdi. Asiyanı Avropa ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Azərbaycan neftini birbaşa dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi kimi nəhəng layihələrin icrasına nail olundu. Ümumiyyətlə, Prezident İlham Əliyevin rəhbərliyi dövründə həmişə ən çox diqqət ayırdığı sahələrdən biri Azərbaycanın nəqliyyat-kommunikasiya sisteminin yenidən qurulması olub. Bu gün də Azərbaycanın Şimal-Cənub, Şərq-Qərb nəqliyyat qovşaqlarında, eləcə də Xəzər nəqliyyat qovşağında yerləşməsindən, həmçinin Vətən müharibəsində qazanılmış Zəfərdən, torpaqlarımızın düşmən işğalından azad olunmasının gətirdiyi imkanlardan məharətlə istifadə edən İlham Əliyev ölkəmizin beynəlxalq nəqliyyat-tranzit mərkəzinə çevrilməsi uğrunda mühüm işlər görür”, - deyə Milli Məclisin komitə sədri vurğulayıb.
O bildirib ki, ilk dəfə prezident seçildiyi dövrdən başlayaraq, İlham Əliyevin atdığı addımların arxasında dayanan əsas məsələlərdən biri, əsas məqsəd həmişə torpaqlarımızın işğaldan azad edilməsi olub. 2003-cü ildən etibarən Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması, Azərbaycanda güclü müdafiə sənayesinin qurulması, Ordunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, eyni zamanda, paralel olaraq güclü, müstəqil, milli və dövlət maraqlarının ön planda tutulduğu xarici diplomatiyanın həyata keçirilməsi, BMT, Avropa Şurası, ATƏT, NATO və bütün digər nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunasından edilən qətiyyətli çıxışlar, dost və müttəfiq ölkələrlə qurulan uğurlu əməkdaşlıq elə həmin vaxtdan Qarabağ Zəfərimizin bünövrəsini qoyub.
Komitə sədrinin sözlərinə görə Azərbaycanı bu gün regionun və Avropanın ən etibarlı enerji tərəfdaşlarından birinə çevirən, ölkəmizin gələcəyinə xidmət edən çoxşaxəli enerji siyasəti də Prezident seçildiyi ilk vaxtlardan İlham Əliyevin xüsusi diqqət ayırdığı sahələrdən biri olub. Bu gün artıq Azərbaycan nəinki neft-qaz mənbələrindən ən səmərəli şəkildə istifadə edir, ölkənin enerji potensialının düzgün qiymətləndirilməsi nəticəsində, biz həm də bərpaolunan enerji mənbələrindən istifadəni enerji sahəsində əsas hədəflərimizdən birinə çevirmişik. Bu sahədə artıq biri günəş, digəri isə külək olmaqla, iki elektrik stansiyası inşa olunur. Bu gün biz əminliklə deyə bilərik ki, milli təhlükəsizlik siyasətimizin prioritet sahələrindən olan enerji təhlükəsizliyimiz tam təmin olunub.
“Əslində 2003-ci il prezident seçkilərindən sonra ölkədə qazanılmış uğurların hamısını sadalamaq mümkün deyil, regionların sosial-iqtisadi inkişafı konsepsiyasının uğurla həyata keçirilməsi, kənd təsərrüfatının inkişafı, mədəniyyət və idman sahəsində qazanılan uğurlar, ekoloji təhlükəsizliyə böyük diqqət ayrılması, ölkədə ümumi daxili məhsulun, büdcə gəlirlərinin artması, yeni iş yerləri açılması, əhalinin məşğulluq səviyyəsinin artması, ölkədə demokratik-hüquqi, eləcə də milli dəyərlərin yüksəldilməsi, ölkəmizin günü-gündən artan beynəlxalq nüfuzu - bütün bunlar bir-biri ilə sıx qarşılıqlı əlaqədə olan və Prezident İlham Əliyevin sonrakı seçkilərdə də seçicilərin mütləq əksəriyyətinin dəstəyini qoruyub saxlamasına səbəb olan göstəricilərdir.
Bu gün Azərbaycan əksər dünya ölkələrinin bəlasına çevrilmiş etnik, siyasi və ideoloji qarşıdurmaların baş vermədiyi, dağıdıcı ünsürlərin “lidersizləşdirmə, ideologiyasızlaşdırma və dövlətsizləşdirmə” siyasətinin qarşısının məharətlə alındığı, milli mənəviyyat və vətənpərvərlik dəyərlərinin üstün tutulduğu, eyni zamanda, beynəlxalq dəyərlərə də hörmətlə yanaşılan, dayanıqlı, stabil, həmrəylik mühitinin, xalq-iqtidar birliyinin ən böyük təcəssümü olan dövlətlərdən biridir”, - deyə Ziyafət Əsgərov vurğulayıb.
Son dövrlərdə ölkəmizin beynəlxalq nüfuzunun artmasının da inkaredilməz bir fakt olduğunu diqqətə çatdıran Milli Məclisin komitə sədri deyib: “Dövlətin beynəlxalq nüfuzuna birbaşa təsir edən ən mühüm amil isə elə onun rəhbərinin nüfuzudur. Prezident İlham Əliyevin yüksək şəxsi keyfiyyətləri, qəti siyasi iradəsi, yüksək xalq və vətən sevgisinə sahib bir lider kimi tanınması beynəlxalq ictimaiyyət tərəfindən də etiraf olunur. Bu baxımdan, mən Prezident İlham Əliyevin dünyanın BMT-dən sonra ikinci ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına ən yüksək səviyyədə sədrliyini və Türk dünyası dövlətləri arasında artan dostluq və əməkdaşlıq münasibətlərində “qızıl körpü” rolunu oynamasını xüsusi vurğulamaq istəyirəm.
Liderlik zirvəsinə yüksəlmək nə qədər çətindirsə, liderliyi qoruyub saxlamaq daha da çətindir. Otuz illik həsrətə son qoyaraq ərazi bütövlüyümüzü bərpa edən və Azərbaycana tarixinin ən qüdrətli, güvənli, istiqrarlı dövrünü yaşadan Prezident İlham Əliyev məhz bunu bacarıb, dövlətin və xalqın alternativsiz lideri olduğunu sübut edib”.