Prezident İlham Əliyevin diqqət mərkəzində olan strateji məsələ

Prezident İlham Əliyevin birbaşa iştirakı və rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə xidmət edir. Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərdə müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası istiqamətində mühüm işlər görülür.

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasının təmin edilməsi məqsədilə Nazirlər Kabinetinin sərəncamı imzalanıb.

Yadda qalan tarixi hadisələrdən biri işğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinə başlanılmasıdır. Prezident İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi həyata keçirildi. Birinci mərhələdə 66 ailənin (326 nəfər), indiyə qədər isə 86 ailənin (420 nəfər) Ağalıya köçürülməsi təmin olundu.

Baş nazir Əli Əsədov Milli Məclisdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zaman deyib ki, bu ilin sonuna qədər isə laçınlıların birinci qrupunun yerləşdirilməsi planlaşdırılır. Zabux və Sus kəndlərində 296 ailənin məskunlaşacağı nəzərdə tutulur.

Martın 16-da isə Böyük Qayıdış proqramı çərçivəsində Tərtər rayonunun Talış kəndinə ilkin mərhələdə 20 məcburi köçkün ailəsi köçürülüb.

Qeyd edək ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 3-də bu strateji ərazini düşməndən təmizləyib. İşğaldan azad edildikdən sonra dövlətimizin başçısının tapşırıqları əsasında Talış kəndində tikinti-bərpa işləri aparılıb, yeni evlər inşa olunub, zəruri infrastruktur yaradılıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Repatriasiya departamenti ilk mərhələdə Talış kəndində məskunlaşdırılacaq 20 ailə arasında şəffaflıq və ədalətlilik prinsipləri əsasında ev bölgüsü aparılması məqsədilə püşkatma keçirib. Püşkatma nəticəsində ailələrin hər birinə veriləcək evin ünvanı müəyyənləşdirilib. Onlardan 15-i üçotaqlı, 1-i ikiotaqlı, 4-ü dördotaqlı fərdi evlə təmin olunub.

Beləliklə, Talış kəndinin sakinləri uzun illərdən sonra Novruzu doğma torpaqlarında qeyd edəcəklər. Evlərin daxilində kommunikasiya sistemi çəkilib, bütün evlər mətbəx mebeli ilə təchiz edilib.

Talış kəndi Qarabağ iqtisadi rayonunda ilk bərpa olunan kənddir. Kənddə 4 yol-kommunikasiya şəbəkəsi tam olaraq qurulub.

Bundan başqa, kənddə 9 qeyri-yaşayış binası, fəaliyyət göstərir. Kəndin su-kanalizasiya xətti çəkilib. Məktəb və uşaq bağçasında son tamamlanma işləri aparılır. Kənd tamamilə qazlaşdırılıb. Hazırda Talışda bərpa-quruculuq işləri davam edir. Növbəti mərhələdə kəndə 158 ailənin köçürülməsi nəzərədə tutulur.
Nəsib Məhəməliyev: “Böyük Qayıdış” proqramı prezidentin diqqət mərkəzində olan strateji məsələdir

Millət vəkili Nəsib Məhəməliyev Bakıvaxtı.az-a bildirib ki, “Böyük Qayıdış” proqramı Prezident İlham Əliyevin gündəlik diqqət mərkəzində olan strateji məsələdir: “Ən müasir standartlara uyğun Zəngilanın Ağalı kəndinin yenidən inşa olunması və artıq ilk sakinlərinin köçürülməsi ilə bu prosesə başlanıb. İşğaldan azad olunmuş digər rayon və şəhərlərimizin baş planları tutulub, hər birisində infrastruktur layihələrinin, inzibati və yaşayış binalarının tikintisinə başlanıb. Rayonlararası magistral yolların, körpülərin, tunellərin tikintisi sürətlə davam etdirilir”.

Əhalinin hansı ərazilərə daha sürətlə köçürülməsinin mümkünlüyünə gəldikdə isə, deputatın sözlərinə görə, Şuşa şəhərində aparılan tikinti-bərpa işlərinin miqyası imkan verir ki, yaxın zamanlarda müəyyən məskunlaşma aparılsın. N.Məhəməliyev qeyd edib ki, ermənilərin xaotik şəkildə basdırdıqları minalanmış ərazilər olmasaydı, proses daha sürətli aparıla bilərdi: “Eyni zamanda düşünürəm ki, hal-hazırda yaranmış vəziyyət Kəlbəcər və Laçın kimi strateji əhəmiyyət daşıyan rayonların məskunlaşdırılmasının sürətləndirilməsi zamanın tələbidir”.