Prezident İlham Əliyevin fikirləri həm ölkəmizin, həm də regionun gələcəyi ilə bağlı mühüm istiqamətlərdir

Türk dünyasının mədəniyyət paytaxtı Şuşada keçirilən “4-cü sənaye inqilabı dövründə yeni media” Qlobal Media Forumu öz gündəliyi ilə seçildi. İlk növbədə Forumda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirak etməsi və 3 saata yaxın davam edən görüşü xüsusi vurğulamaq lazımdır. Ölkə başçısının çıxışı bir sıra mühüm mesajlarla yadda qaldı. Dövlət başçısı münaqişədən sonrakı dövrdə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa, sosial-iqtisadi və mədəni işlər barədə Forum iştirakçılarına məlumat verməklə, yaxın gələcəkdə görüləcək işlərə münasibət bildirməklə yanaşı, həm də dünyada gedən proseslər və həçminin dəyişən dünyada, Azərbaycanın həm Cəənubi Qafqazda, həm rgionda, həm də dünyada kı yeri və geosiyasi hadisələrin fonunda beynəlxalq nüfuzu haqında səsləndirdiyi fikirlər, qısa şərh və təhlilləri diqqət çəkir. Bu bir siyasi xadimin, dövlət başçısının məharəti, yaranan yeni vəziyyəti və gələcək perspektivləri qiymətləndirməsi baxımından çox mühüm bir nüansdır. Bir sözlə, Prezident İlham Əliyev bir çox liderlərə ustad dərsi verdi.

Dünyada ədalət bə haqqın qorunması məsələsinə toxunan İlham Əliyev bildirdi ki, “Beynəlxalq hüquq işləməyəndə, imza o qədər də əhəmiyyətə malik olmayanda sülhün təminatı yalnız gücdür. BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib ki, Ermənistan qoşunları dərhal və qeyd-şərtsiz Azərbaycanın ərazisindən çıxarılmalıdır. Ancaq o qətnamələrə riayət edilmirdi və bu gün həmin tendensiya davam edir”. Ölkə başçısı Ermənistanla sülh danışıqlarının gedişinə toxunaraq rəsmi İrəvanın ikiüzlü oyunlarına münasibət bildirib: “Biz nəinki Ermənistanı məğlub etdik, erməni faşizminin belini qırdıq, demək olar ki, erməni xalqını xilas etdik. ” Eyni zamanda, dövlət başçısı sülh müqaviləsinin imzalanmasının vacibliyini və bunun üçün Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımalı və onu sözlə deyil, müvafiq sənəd şəklində imzalamalı olduğunu vurğuladı. Həmçinin, İrəvanın Qarabağın erməni əhalisinin təhlükəsizliyi, onların hüquq və azadlıqlarının təmin edilməsi ilə bağlı tələblərinə münasibət bildirən İlham Əliyev bildirib ki, Azərbaycan Konstitusiyasında nəzərdə tutulan bütün hüquq və azadlıqlar ermənilərə də şamil olunacaq. Onlar üçün hər hansı xüsusi status müəyyən etmək yanlış və məntiqsizdir. Prezident İlham Əliyev otuz il ərzində ermənilərin Qarabağın maddi-mədəni irsinə qarşı törətdikləri vandalizm, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan şəhərlərinə və dinc əhaliyə qarşı törətdikləri terror aktları, Ermənistanın müxtəlif siyasi dairələrində hökm sürən revanşist çağırışlar və bunun doğuracağı ağır nəticələr barədə Forum iştirakçılarına öz fikirlərini çatdırdı. Bu həm Ermənistanda, Qarabağda olan revanşist qüvvələrə, hərbi təxribatçılara, həm də onların havadarlarına verilən mühüm mesajdır.

“4-cü sənaye inqilabı dövründə yeni media” mövzusunda çıxışı zamanı Ağdam-Əsgəran yolunun ermənilər tərəfindən bağlanmasına toxunan dövlət başçısı vurğulayıb: "Qarabağ Azərbaycandır? Azərbaycan! Bunu hamı tanıyır? Bəli, hamı tanıyır. O zaman niyə başqa ölkədən mal gətirilməlidir? Bu, məntiqsizdir. Amma bu jesti qəbul etmək əvəzinə ora beton bloklar qoyulur. Kim kimə mane olur? Yəni bütün məsələ budur”.

Doğrudan da, Qarabağ separatçılarının rəhbərlərinin, eləcə də onlara məsləhət verənlərin bütün hərəkətləri gülünc, komikdir. Eyni zamanda, bu hərəkətlər bir daha göstərir ki, onlarda hansısa janr böhranı var. Ancaq yeni reallıqları qəbul etməli olacaqlar. Çünki erməni tərəfinin mövcud duruma müqavimət göstərmək üçün heç bir resursu yoxdur.

Həmişə olduğu kimi, Prezident İlham Əliyevin çıxışı çox geniş idi və dövlətimizin başçısı bir çox məsələlərlə bağlı mövqeyini yerli və xarici jurnalistlərlə bölüşdü. İstər Azərbaycan daxilində, istərsə də onun hüdudlarından kənarda böyük maraq doğuran xüsusi bir sahə dünya siyasətinin qeyri-sabitliyi kontekstində Bakının xarici siyasət kursudur. Prezident İlham Əliyevin jurnalistlərin suallarına verdiyi cavablar onun xarici siyasət strategiyasının səmərəli qurulmasını necə gördüyünü aydın anlamağa imkan verdi.

Dövlət başçısı xüsusilə Şuşa Bəyannaməsinin imzalanması ilə Azərbaycan üçün qardaş ölkə olan Türkiyə ilə müttəfiqlik əlaqələrinin rəsmiləşdiyini qeyd edib: “İkinci Qarabağ Müharibəsindəki qələbədən sonra Azərbaycan və Türkiyə münasibətlərini rəsmiləşdirdi. Bu münasibətlər faktiki olaraq müttəfiqlər arasında münasibətlər idi. Amma biz məşhur Şuşa Bəyannaməsini imzalamaqla onları rəsmiləşdirdik. Bu hadisə bu oteldən bir neçə yüz metr aralıda baş verdi və yüksəklikdə münasibətlərimizi müttəfiqlər səviyyəsinə çatdırırıq”. Bu sənədin imzalanması və əlaqələrimizin bu səviyyəyə çatması həqiqətən də ölkələrimiz, xalqlarımız üçün böyük nailiyyətdir. Prezident İlham Əliyev qardaş xalqlar arasında münasibətlərin inkişafı kontekstində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla şəxsi münasibətlərin də mühüm rolunu vurğuladı."Düşünürəm ki, prezident Ərdoğanla şəxsi dostluğum təkcə regional deyil, bütün dünya ictimaiyyətinə məlumdur. Bu, regional inkişaf və regional sabitlik üçün həqiqətən də mühüm amildir", - dövlət başçısı bildirib.Beləliklə, Ankara ilə qarşılıqlı faydalı və bərabərhüquqlu münasibətlərin qurulması Bakının xarici siyasətinin prioritetlərindən biri olaraq qalır. Azərbaycan və Türkiyə əməkdaşlığın həm qarşılıqlı faydalı olduğu, həm də iki ölkə arasında çox sıx mədəni və tarixi bağlar sayəsində asanlaşdığı unikal vəziyyətdədir.

Müasir reallıqlarda bir çox ölkələr bir ölkə ilə strateji və müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi ilə məhdudlaşır, çünki beynəlxalq münasibətlərin digər iştirakçıları ilə belə müqavilələrin bağlanması əsas müttəfiqlərlə münasibətlərin soyuqlaşmasına səbəb ola bilər. Amma Azərbaycanın timsalında xarici siyasət modeli Moskva bəyannaməsi sayəsində Rusiya ilə münasibətləri yüksək səviyyəyə çatdırmağa imkan verdi. Prezident İlham Əliyevin dediyi kimi, “İmzalanmadan sonrakı dövrə gəlincə, bu dövr sülh üçün, regionumuz üçün, o cümlədən Rusiya və bizim üçün tamamilə yeni dövrdür”. Dövlət başçısı çıxışı çərçivəsində digər ölkələrlə münasibətlərə də toxunub. Məsələn, Afrika və Mərkəzi Asiya ölkələri. Türkiyə və Rusiyada olduğu kimi, Azərbaycan region ölkələri ilə bir-birinin maraqlarına dostluq və qarşılıqlı hörmət prinsipləri əsasında geniş spektrli məsələlər üzrə əməkdaşlıq qurmağa nail olub.

Xarici siyasət strategiyası ölkənin inkişafının əsaslarından biridir. Bunun nəticəsi olaraq görə bilərik ki, Prezident İlham Əliyev üçün ölkənin xarici siyasətində ən mühüm prioritetlərdən biri beynəlxalq əməkdaşlıqdır. Beynəlxalq ticarətin, ölkələr arasında əməkdaşlığa və beynəlxalq təşkilatlar və forumlar çərçivəsində əməkdaşlığa əsaslanan yanaşma milli xarici siyasət strategiyasının əsasını təşkil etmişdir.Bu yanaşma Azərbaycana qonşu dövlətlərlə əlaqələrin sistemli inkişafına zəmanət verməyə imkan vermişdir. Nəticədə bu, əsas 44 gündə Bakının mövqeyinin anlaşılmasına və dəstəklənməsinə səbəb oldu.

Əgər ticarət-iqtisadi əlaqələrin təşviqi rolundan danışırıqsa, onda son onilliklər ərzində Bakı özünü neft və qaz ixracatçısından dünyanın enerji xəritəsində mühüm geosiyasi oyunçuya çevirə bilib. Yaşıl enerjinin gələcək inkişafı artıq bir çox Avropa ölkələrində böyük həvəslə qarşılanır. Bu, bu sənayenin inkişafı ilə Bakının mövqelərinin möhkəmlənəcəyini deməyə ciddi əsas verir.

Amma ölkənin xarici siyasət modelinin transformasiyasındakı rolunu daha yaxşı əks etdirən daha az aşkar sahə də var. Azərbaycan Şimal-Cənub marşrutları və Orta Dəhliz sayəsində beynəlxalq daşımalarda mühüm mərkəzə çevrilib. Regionun maraqlı dövlətləri və digər xarici tərəfdaşlarla əməkdaşlığa yardım etmədən bu layihələrin həyata keçirilməsi qeyri-mümkün olardı. Nəqliyyat-logistika əməkdaşlığının təşviqi istiqamətində artıq ciddi uğurların olmasına baxmayaraq, bu sahənin daha böyük potensiala malik olduğu göz qabağındadır. Bu potensial müsbət münasibətlərin mövcud tarixi və gözlə görünən nəticələr sayəsində reallaşdırıla bilər. Xarici siyasət strategiyasının təhlili kontekstində nəzərə almaq istədiyim son məqam Prezident İlham Əliyevin xarici siyasət strategiyası çərçivəsində beynəlxalq təşkilatlarda və platformalarda əməkdaşlığa münasibətdir.

Bu mövzu çox geniş və maraqlıdır, belə ki, Azərbaycan açıq şəkildə nümayiş etdirdi ki, Bakı hətta böhranda olan böyük platformanı da dirçəltməyə qadirdir. Sirr deyil ki, Qoşulmama Hərəkatı (QHH) 90-cı illərdə dünyada baş verən transformasiyalardan sonra aktuallığını itirməyə başlayan strukturlardan birinə çevrilib. Əhəmiyyətli bir müddət ərzində QMH faktiki olaraq mühüm struktur rolunu oynamağı dayandırdı. Azərbaycanın foruma sədrliyi zamanı Bakı bir sıra təkliflərlə çıxış edərək platformanı yeni səviyyəyə qaldırır. İyulun əvvəlində baş tutan görüş çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev BMT Təhlükəsizlik Şurasında islahatların aparılması və minalardan zərər çəkmiş ölkələrin həmfikirlərindən ibarət Qrupun yaradılması təşəbbüsləri ilə çıxış etmişdi.

Xüsusi ilə qeyd etmək lazımdır ki, İlham Əliyevin hakimiyyətə gəldiyi gündən bu günə kimi apardığı siyasətin təməlində müdaxilə etməmək və bloklara qoşulmamaq prinsipi dayanmışdır. O, öz yolu ilə gedir. Bu da onu sonda qlobalist ekspansionizm dövründə köhnəlmiş, lakin “üçüncü dünya müharibəsi” şəraitində ikinci həyat tapan Qoşulmama Hərəkatının anti-imperialist fəlsəfəsinə gətirib çıxardı. Bakının bu və ya digər geosiyasi qütblə münasibətlərində problemlər ancaq ölkənin daxili işlərinə qarışmaq cəhdləri dövründə yaranmışdı. Ölkə başçısı bununla bağlı aydın qırmızı xətt çəkdi və onun keçilməsinə imkan vermir Bildiyiniz kimi, xarici siyasət daxili siyasətin davamıdır. Cənab Əliyevin dediyi kimi, “Hökumətimizin çox uzaqgörən və proqnozlaşdırıla bilən proqramı var. İnkişafla bağlı, biznes mühitinin yaxşılaşdırılması ilə bağlı proqramımız var. Azərbaycanda yaşayan əcnəbi insanlar təsdiq edə bilərlər ki, ölkəmizdə idarəçilikdə çox müsbət dəyişikliklər var, xüsusilə də bizim maliyyə sistemimizdə. Korporativ menecment baxımından da bizim şirkətlərdə böyük dəyişikliklər var”. Heç bir risk və ya təhlükə yoxdur. Ona görə də Prezident siyasi islahatların dərinləşdirilməsi istiqamətində inamla irəliləyir. O, aşkarlığa, şəffaflığa və səmərəsiz idarəetməyə qarşı mübarizə aparır və hər kəsi buna səfərbər edir.

Beləliklə, yeni dünya düzəni dövrünə qədər dövlətimizin ənənəvi çoxvektorlu diplomatiyaya sadiq qalaraq, onu davam etdirir. Rəsmi Bakının praqmatik yanaşması rəsmi Ankaranın eyni xarici siyasət strategiyası ilə gücləndirilir. Bundan başqa, Azərbaycan üçün neft-qaz sənayesi və energetika ilə yanaşı,bərpa olunan enerjinin inkişafı üçün yeni perspektiv açılır. Siyasi perspektivə gəlincə, Bakı öz ərazi bütövlüyünün ABŞ və Aİ tərəfindən qeyd-şərtsiz tanınmasına nail olmaqla xarici siyasətdə uğurlar əldə etmişdir. Qlobal siyasətdən söz düşəndə, Prezident İlham Əliyev həmişə olduğu kimi yaxınlaşma və barışıq modelini təklif edir. Prezidentin Bakını ABŞ və Rusiya hərbi rəhbərliyi arasında danışıqlar üçün diplomatik platforma kimi xatırlatması səbəbsiz deyildi. Yəni, Bakı düşmənçilik yox, yaxınlaşma və barışıq meydanıdır.

Ümumiyyətlə, Azərbaycan liderinin Forumdakı çıxışı həm Ermənistan rəhbərliyinə, həm də bütün dünyaya ünvanlanmış və ölkəmizin ədalətli mövqeyini bir daha aydın şəkildə ortaya qoyan mühüm beynəlxalq sənəd kimi qəbul edilə bilər.

Milli Məclisin Komitə sədri, professor Hicran Hüseynova