“Prezident müsahibəsində Azərbaycanda bərpa olunan enerji sektorunun geniş inkişafının anonsunu verdi”

Prezident İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına verdiyi 3 saat davam edən geniş müsahibə ölkənin ötən dövrdə daxili həyatında baş verənlərin və beynəlxalq müstəvidə oynadığı rolun yekun qiymətləndirilməsi kimi səciyyələndirilə bilər. Müsahibə zamanı Prezident İlham Əliyev Azərbaycanın 2022-ci il və ümumiyyətlə gələcək dövr üçün həm daxili, həm də xarici siyasət mövzusunda baxışını, qarşıda duran məqsəd, prioritet və çağırışları aydın və dəqiq şəkildə ifadə edib və bu istiqamətlərdə dövlətin aparacağı siyasəti və görüləcək tədbirləri ictimaiyyətin diqqətinə çatdırıb. Müsahibə zamanı Azərbaycanda həyatın müxtəlif sahələri əhatə olunub və geniş spektrdə mövzular haqqında bəhs edilib. Onlar arasında enerji xüsusən də bərpa olunan enerji mövzusu ayrıca diqqətə layiqdir.

Prezident çıxışında 240 meqavat gücündə böyük külək elektrik stansiyasının təməlinin qoyulacağını bəyan etdi. Həmin “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməl qoyma mərasimi bir gün sonra 13 yanvarda keçirildi. Bu elektrik stansiyası 100 faiz xarici sərmayə hesabına inşa olunacaq. Sərmayəni yatıran və stansiyanı inşa edən şirkət Səudiyyə Ərəbistanının ACWA Power şirkətidir. ACWA Power bu sahədə dünyada ən böyük şirkətdir. Bu sərmayənin yatırılması Azərbaycanda olan biznes mühitinə, xarici sərmayələrin qorunmasına və ölkəmizin gələcəyinə olan beynəlxalq inamın nəticəsidir. Eləcə də, layihənin icrası enerji sektorunun daxili şaxələndirilməsi, neftdən asılılığın azaldılması və qeyri-neft sektorunun inkişafına töhfədir. Xarici sərmayələrin ölkəyə gəlməsi bir tərəfdən milli valyutaya olan inamın yüksək olmasından xəbər verir, digər tərəfdən isə milli valyutanın mövqeyinin daha möhkəmlənmisinə kömək edir.

“Xızı-Abşeron” Külək Elektrik Stansiyası yeni iş yerlərinin açılması deməkdir. Azərbaycanın sosial yönlü siyasət yürüdür və bu öz əksini hər il dövlət büdcəsində tapır. Sosial yönlü siyasətin davamlılığını qoruyub saxlamaq baxımından da bu tip layihələr önəmlidir. Çünki o, ölkə iqtisadiyyatı üçün yeni gəlir mənbəyidir ki, bu gəlirlər də əhalinin sosial rifahının yaxşılaşdırıılmasına yönəldilir. Digər tərəfdən, belə layihələr orada çalışan işçilərin maddi və sosial durumunu yaxşılaşdırmaqla dövlətin üzərinə düşən yükün yüngülləşməsinə səbəb olur. Nəticədə dövlət əhalinin aztəminatlı təbəqələrinə sərf etmək üçün əlavə vəsait və resurslar əldə edir.

Qeyd olunan layihə sosial-iqtisadi faydalarından əlavə, xarici siyasət perspektivindən də maraqlıdır. Layihəni həyat keçirən və sərmayə edən şirkətin mənsub olduğu Səudiyyə Ərəbistan Krallığı Ermənistan ilə ümumiyyətlə diplomatik münasibətlər qurmayıb. Səbəb isə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti olmuşdur. Səudiyyə Ərəbistanı kimi zəngin, beynəlxalq təsirə malik və Yaxın Şərqdə əsas regional güclərdən biri olan ölkənın bu cür yanaşması xarici siyasətimizin nailiyyətidir və həmin layihəyə yatırılan sərmayə həm də bu nailiyyətin iqtisadi formada təzahürüdür.

Layihənin Vətən müharibəsindən sonrakı dövrdə həyata keçirilməsi Azərbaycanın qələbəsinin nəticələrinin günü-gündən möhkəmləndiyini göstərir. Prezident qeyd etdi ki, işğaldan azad edilmiş ərazilərimiz də bərpa olunan enerji mənbələri baxımından böyük potensiala malikdir. Orada da günəş, su və külək enerji stansiyalarının inşası nəzərdə tutulur. Qarabağın və Şərqi Zəngəzurun bərpa olunan enerji potensialı nəinki həmin bölgələrin tələbatını ödəməyə qadirdir, hətta gələcəkdə Zəngəzur dəhlizi boyunca Naxçıvan Muxtar Respublikasına çəkiləcək elektrik xətti vasitəsilə oranın da enerji təchizatında mühüm rol oynaya bilər. Ümumilikdə isə Azərbaycanın bərpa olunan enerji potensialı reallaşarsa, ölkənin xaricə elektrik enerjisi ixracı artacaq. Bu da öz növbəsində ölkəyə xarici valyutanın gəlməsi, milli valyutanın mövqeyinin qorunması və ümumən iqtisadiyyatımız üçün arzu olunandır.

İqtisadi, sosial və siyasi aspektləri ilə yanaşı, bərpa olunan enerji ətraf mühitin qorunması və ekoloji baxımdan xüsusi önəm daşıyır. Əslində dünyada bərpa olunan enerjiyə keçidin aktuallığında əsas motiv ətraf mühit faktoru ilə bağlıdır. Kömür, neft və qaz kimi ənənəvi enerji növləri ətraf mühitə qlobal istiləşmənı və iqlim dəyişikliyini doğuran və sürətləndirən zərərli tullantı və qazların, xüsusən karbon di-oksidin atmosferə buraxılmasına səbəb olur. Digər tərəfdən, bərpa olunan enerjiyə keçid hazırda dünyada baş verən 4-cü Sənaye İnqilabını başlıca istiqamətlərindən biridir. Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi təsdiqlədi ki, Azərbaycanda 4-cü Sənaye İnqilabı kortəbii şəkildə getmir, dövlət bu istiqamətdə sistemli yanaşma tətbiq edir. Ölkədə bərpa olunan enerji sektorunun inkişafi bu yanaşmanın tərkib hissəsi olaraq həyata keçirilir. Prezidentin 12 yanvar müsahibəsində verdiyi açıqlamalar növbəti illərdə Azərbaycanda bərpa olunan enerji sektorunun geniş vüsətli inkişafının anonsu hesab oluna bilər.

Adil Əliyev
Milli Məclis sədrinin müavini