Professor Əkbər Bayramovun 95 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı keçirilib -Fotolar

Bakı Dövlət Universitetində (BDU) professor Əkbər Bayramovun 95 illik yubileyinə həsr olunmuş “Nəzəriyyədən praktikaya” mövzusunda respublika elmi konfransı keçirilib.

aia.az xəbər verir ki, konfransda çıxış edən BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov professor Əkbər Bayramovun həm elmi, həm də pedaqoji fəaliyyəti ilə Azərbaycan psixologiya elminə mühüm töhfələr vermiş görkəmli alim olduğunu deyib. Bildirib ki, onun tədqiqatları hüquqi psixologiya, etnik psixologiya, pedaqoji və sosial psixologiya sahələrini əhatə edib, çoxsaylı monoqrafiya və elmi əsərləri ilə ölkəmizdə elmi fikrin inkişafına xidmət göstərib: “Əkbər müəllimin tədqiqatları, xüsusilə hüquqi və etnik psixologiya sahəsində aparılmış araşdırmaları bu gün də aktualdır. Hüquqi psixologiya sahəsində kadr potensialının zəif olduğu bir vaxtda, o bu sahədə tədqiqatlar aparmaqla gələcək nəsillər üçün möhkəm təməl yaradıb. Professor Əkbər Bayramovun zəngin irsi gələcək nəsillər üçün yol göstərici olacaq. Bu gün keçirilən konfransın əsas məqsədi də yalnız xatırlamaq deyil, yeni nəsli bu dəyərli ziyalı ilə tanış etmək, onun ideyalarının davamçılarını formalaşdırmaqdır. Qoy bu böyük alimin xatirəsi daim yaşasın”.

Sonra professor Əkbər Bayramovun həyat yolunu əks etdirən videoçarx nümayiş etdirilib.

BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin dekanı Rövşən Cavadov qeyd edib ki, professor Əkbər Bayramovun elmi irsi psixoloji tədqiqatlarda fundamental əhəmiyyətə malikdir. Onun apardığı araşdırmalar xüsusilə təfəkkür müstəqilliyinin, tənqidiliyin və iradi müstəqilliyin insan inkişafında rolu ilə bağlı aktual yanaşmalar təqdim edir. Bu baxımdan onun yaratdığı elmi məktəb sistemli və çoxşaxəli tədqiqat istiqamətləri ilə seçilir. Əkbər müəllimin rəhbərliyi altında aparılan elmi işlərdə təfəkkür müstəqilliyi təkcə biliyin sərbəst şəkildə tətbiqi deyil, eyni zamanda, iradi və tənqidi bacarıqların vəhdəti kimi qiymətləndirilib. Onun monoqrafiyaları, məqalələri, rəhbərlik etdiyi dissertasiya işləri yalnız elmi dəyəri ilə deyil, həm də pedaqoji praktikaya yönəlməsi ilə mühüm əhəmiyyət daşıyır. Bu tədqiqatlarda “təfəkkür müstəqilliyinin genetik kodları” ifadəsi məhz təsadüfi deyil - bu, dərin elmi baxışın nəticəsidir. Əkbər Bayramov həm də böyük şəxsiyyət idi. O, yalnız bir alim deyil, həm də insan yetişdirən müdrik bir pedaqoq idi”.

Daha sonra Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, deputat Mehriban Vəliyeva, Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü professor Misir Mərdanov, BDU-nun Psixologiya kafedrasının müdiri professor Səxavət Əliyeva, Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri professor Rəbiyyət Aslanova, Pedaqogika kafedrasının müdiri professor Ləzifə Qasımova, professor Hikmət Əlizadə və professor Əkbər Bayramovun ailəsi adından kafedranın müəllimi Nigar Nəsirova alimlə bağlı xatirələrindən söz açıblar, onun sosial elmlər istiqamətində verdiyi töhfələrin daim tədqiq ediləcəyini bildiriblər.