Prokurorluq Yevlaxdakı qətllə bağlı məlumat yaydı

Yevlaxda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.

Yevlax rayon prokurorluğundan Sabahinfo.az-a verilən məlumata görə, mayın 19-da Yevlax rayon sakini 1984-cü il təvəllüdlü Ləman Şükürovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1964-cü il təvəllüdlü Mətləb Şükürovun ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Ləman Şükürovaya bıçaqla xəsarət yetirərək qəsdən öldürməsi, daha sonra isə özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Mətləb Şükürov Yevlax rayon mərkəzi xəstəxanasında tibbi müayinədən keçirilərək müalicə edilib və vəziyyəti stabil olduğundan prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.