Prokurorluqdan vətəndaşın müstəntiqə rüşvət verməsi iddialarına CAVAB

Bəzi kütləvi informasiya vasitələrində vətəndaş Kamal Kamilovun Binəqədi rayon Polis İdarəsinin sabiq müstəntiqi Tural Aslanova rüşvət verməsi barədə müraciətinin prokurorluq orqanları tərəfindən araşdırılmaması barədə məlumatlar yayılıb.

Baş Prokurorluqdan verilən məlumata görə, bu məlumat təkzib olunmaqla bildirilir ki, Kamal Kamilovun qeyd edilən müraciəti üzrə Bakı şəhəri, Binəqədi rayon prokurorluğu tərəfindən araşdırma aparılıb və müraciətdə göstərilən xüsusatlar öz təsdiqini tapmadığından 4 iyul 2020-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilib.

Həmin qərar barədə Kamal Kamilov məlumatlandırılmaqla ona qərardan şikayət vermək hüquqları izah edilib.

Bununla yanaşı bildirilir ki, Kamil Kamilovun oğlu İsmət Kamilovun təqsirləndirildiyi cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və məhkəmə tərəfindən ittiham hökmü çıxarılıb.

Qeyd edək ki, Kamal Kamilovun 16 yaşlı oğlu İsmət Kamilov 2019-cu ildə mübahisə zamanı bir nəfərə bıçaqla yüngül xəsarət yetirib. Faktla bağlı başlanılan cinayət işi Binəqədi Rayon Polis İdarəsinin müstəntiqi Tural Aslanovun icraatına verilib.

K.Kamilov iddia edib ki, T.Aslanov bu işlə bağlı ittihamı yüngülləşdirmək üçün ondan 2000 manat pul tələb edib.