1918-ci ilmayın 28-də Azərbaycan müstəqilliyini elan etdi, İstiqlal Bəyannaməsi imzalandı, Azərbaycan Demokratik Cümhuriyyəti yarandı. Dünyanın bəzi dövlətləri bu və ya digər səbəbdən Azərbycanın müstəqilliyini istəmirdi, bu niyyət müharibə həddinə çatmışdı. Rus imperiyası da, bəzi xarici dövlətlər də, daxildən bolşevik-daşnaklar da bu vəziyyətdən bəhrələnməyə çalışırdı. Azərbaycanın müstəqilliyini devirməyə cəhd göstərirdi. Bu cəhd, bəzi məqamlarda müttəfiqliyə yaxınlaşırdı.
Azərbaycan müstəqil dövlət olsa da ordusu yox idi. Ordu olmadan müstəqilliyi kənar qüvvələrin müdaxiləsindən müdafiə etmək çətin olacaqdı. Belə bir vəziyyətdə Azərbaycan Türkiyədən kömək istədi. Danışıqlar aparmaq üçün Türkiyəyə Nağı Şeyxzamanov göndərildi.
Türkiyə Azərbaycana kömək etməyə söz verdi. Ənvər paşa qərarını bildirdi: “Azərbaycanda vəziyyət son dərəcə gərgindir. Qan qardaşlarımıza kömək eləmək bizim borcumuzdur. Orda eserlərin, daşnakların dinc əhaliyə divan tutması, siyasi şəxslərə qarşı terror törətməsi bizi də narahat edir. Türkiyə də əmniyyətdə deyil, bizim də düşmənlərimiz var, bizim də torpaqlarımıza göz dikənlər var. Buna baxmayaraq Azərbaycana ordu göndəriləcək”.
Nuru paşanın komandanlığı ilə Qazqaz İslam Ordusu Azərbaycana göndərildi.
Qafqaz İslam Ordusu Gəncədə böyük coşqu ilə qarşılandı. Xalq könüllü olaraq bu ordunun sıralarına daxil olurdu, ordu güclənirdi. Sıraları genişlənən, müəyyən mənada, ilkin təlimlər keçən Qafqaz İslam Ordusunun başlıca vəzifəsi Bakını azad etmək idi...
Bolşevik və daşnak qoşunları Gəncəyə doğru hücuma başlamışdı. Onlar qısa bir zamanda Gəncəni və bütün Azərbaycan ərazisini nəzarət altına götürərək Azərbaycanın milli qüvvələrini məhv etmək niyyətindəydi. Azərbaycanda güclü ordunun təşkilatlanması üçün kifayət qədər vaxt yox idi. Qarşıya qoyulan vəzifələri həll etmək üçün Azərbaycana təcili hərbi qüvvə göndərilməli idi. Nuru paşa bu mümkünsüzün də mümkünlüyünə nail olmuşdu...
Nuru paşa Şimal qrupu ilə Bakıya doğru irəliləyirdi. Həmin vaxtlarda Bakıdakı düşmən qüvvələri siyasi vahimə içindəydi. Biçeraxov ingilis pulu və ermənilərin mövcud qüvvəsi ilə Bakıya, deməli, Azərbaycana nəzarətə yiyələnməyə niyyətli idi...
Ordu hissələri düşməni Göyçaydan Bakıya kimi sıxışdıra bildi. Komandanlıq Bakı uğrunda döyüşlərdə də qələbə qazanılacağına inanırdı, buna ordunun da inandırmışdı. Şimal qüvvəsi az olsa da ümumi əməliyyatda yaxından iştirak edirdi. Qafqaz İslam Ordusunun hücumlarını dayandırmağı bacarmayan qüvvələr Bakı istiqamətində geri çəkildikdən sonra Sentrokaspi Diktaturası Bakını əldə saxlamağa çalışırdı. Bu məqsədlə İrandakı ingilis qoşunları komandanlığı ilə görüşmüşdü. İngilis qoşunları komandanlığı Sentrokaspi Diktaturasının erməni emissarlarına kömək edəcəklərinə söz vermişdi. Denstervilin komandanlığı ilə ingilis qoşunları Bakıya gəlirdi. Sentrokaspinin qüvvələri artacaqdı. Belə olsa da Qafqaz İslam Ordusu güclü idi, həm də böyük qüvvə kimi xalqa arxalanırdı...
Sentyabr ayının 14-ü üçün qarşıya qoyulan tapşırığı yerinə yetirən Qafqaz İslam Ordusu qüvvələri həmin günün gecəsini istirahət etməklə bərabər, həm də son döyüşə hazırlıq da keçirdilər. Sentyabrın 15-də Qafqaz İslam Ordusu qüvvələri uğurlu hücumu davam etdirdilər və qarşıya qoyulmuş vəzifənin həllinə daha da yaxınlaşdılar. Beləliklə, Nuru paşa ilə Əlağa Şıxlinskinin birlikdə hazırladıqları hücum planı ilə Bakı şəhəri sentyabrın 15-də bütünlüklə Qafqaz İslam Ordusu tərəfindən azad edildi.
Sentrokaspi Diktaturasının şəhərdəki dayaqları olan qüvvələr gəmilər vasitəsilə qaçıb canlarını qurtardılar. Qaçmaq imkanı olmayanlar isə təslim oldular.
Ənvər paşa Nuru paşaya göndərdiyi teleqramında yazırdı: "Böyük Turan imperatorluğunun Xəzər kənarındakı zəngin bir qonaq yeri olan Bakı şəhərinin zəbti xəbərini ən böyük müsərrətlə qarşılarım. Türk və İslam tarixi sizin bu xidmətinizi unutmayacaqdır. Qazilərimizin gözlərindən öpər, şəhidlərimizə fatihələr ithaf edərim".
Azərbaycan hökumətinin başçısı Fətəli xan Xoyski Bakının azad edilməsi münasibətilə Nuru paşaya yazırdı:" Cəsur türk əsgərlərinin Azərbaycanın baş kəndi olan Bakının düşməndən təmizlənməsi münasibətilə millətimin adından dünyanın ən cəsur və soylu əsgəri olan türkün oğullarına minnətdar olduğumuzu ərz etməklə iftixar edirəm.Millət sizə minnətdardır".
Sentyabrın 16-da səhər tezdən parlaq qələbə münasibətilə Qafqaz İslam Ordusunun Bakının asayişində dayanan hissələrindən başqa qalan qüvvələrinin rəsmi keçidi keçirildi. Bu rəsmi keçid Qırmızı Qışla adlanan məntəqədə (İndiki Bakı Dövlət Universiteti ilə Bakı-Quba yolu arasında yerləşirdi) təşkil edildi. Şəhər əhalisi küçələrə çıxaraq Qafqaz İslam Ordusunun qalib döyüşçülərini salamladılar. Möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncədən Bakıya köçürüldü. Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verildi.
105 il əvvəlin döyüşləri bu gün də mənbələrə, tarixi faktlara əsaslanılıb qürurla xatırlanılır...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı