Qalib xalqın Zəfər Qurultayı perspektiv uğurların təməl daşına çevriləcək

“44 günlük müharibədə qazanılmış tarixi Zəfərdən sonra Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsinin tarixi əhəmiyyəti və rəmzi mənası var. Çünki Azərbaycan xalqı Şuşanı özünə milli simvol seçib. Şuşa Azərbaycanın mənəvi mədəniyyət mərkəzi, onun döyünən qəlbidir. Təsadüfi deyildir ki, Ümummilli Lider Heydər Əliyev Şuşaya adi bir şəhər deyil, zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi baxırdı. Əbəs yerə demirdi ki, Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur. Elə müzəffər Ali Baş Komandan İlham Əliyev də Vətən müharibəsi zamanı səbəbsiz demirdi ki, Şuşasız işimiz yarımçıq qalar. Ona görə də, Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsinin böyük tarixi əhəmiyyəti və rəmzi mənası var”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, Liderinə etibar edən Azərbaycan xalqı Zəfər hədəfinə addım-addım gedib, hər gün hazırlaşıb: “Hər kəs xatırlayır ki, 2001-ci ildə keçirilmiş Dünya Azərbaycanlılarının birinci Qurultayında Ulu Öndər Heydər Əliyev Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edəcəyini, torpaqlarının işğaldan azad olunacağını və insanların öz torpaqlarına qayıdacağını demişdi. Sonrakı müddətdə keçirilmiş qurultaylar dünya azərbaycanlılarını bu vahid ideya ətrafında birləşdirdi və nəhayət, Ümummilli Lider Heydər Əliyevin fikirlərinin davamçıları Prezident İlham Əliyevin rəhbərliyi ilə söylənilənləri gerçəyə çevirdi, müzəffər, qalib xalq adını qazandı. Dünya Azərbaycanlılarının öncəki qurultaylarında və digər çıxışlarında Prezident İlham Əliyev də Azərbaycan xalqının heç vaxt işğalla barışmayacağını bildirirdi. Prezident İlham Əliyev bütün vədləri kimi bu sözünü də yerinə yetirdi və Qarabağı işğaldan azad etdi, xalqa qələbə hissini yaşatdı. Elə bu səbəbdən də, Dünya Azərbaycanlılarının V Qurultayı əvvəlki 4 Qurultayın məntiqi yekunu, qələbə, zəfər toplantısı oldu. Burada diqqət çəkən məqam da xalqın etimadını doğrultmuş Lider, vahid ideya ətrafında birləşmiş Xalq və qazanılmış Zəfər oldu. Müharibədə Zəfər əldə olundu, Şuşaya aparan yol Zəfər yolu adlandırıldı, ölkəmizin müxtəlif guşələrində Zəfər Muzeylərinin yaradıldı, Dünya Azərbaycanlılarının toplantısı da Zəfər qurultayı kimi tarixə düşdü. Məhz buna görə də, Dünya Azərbaycanlılarının V Qurultayında çıxış edən Prezident İlham Əliyev dedi ki, Zəfər adı xalqımıza çox yaraşır”.

“Hazırda Azərbaycanın ərazi bütövlüyünün bərpası və postmünaqişə dövründə proseslərin Azərbaycanın maraqlarına uyğun inkişaf etməsi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin başlıca vəzifəsidir” – deyən Ramil Vəlibəyov əlavə edib ki, müharibə başa çatsa da, hələ də Ermənistanda faşizmin təzahürləri baş qaldırır, Azərbaycana qarşı olan ərazi iddiaları yenə də var və dünya erməniliyi Azərbaycanı hədələməyə çalışır: “Ona görə də, xaricdə yaşayan milyonlarla azərbaycanlı Azərbaycan dövlətinin haqq səsini yaşadıqları ölkələrin ictimaiyyətinə bundan sonra da çatdırmalıdır. Diaspor təşkilatları yeni reallıqları təbliğ etməli, azərbaycanlılar yaşadıqları ölkələrin ictimaiyyətini maarifləndirməli, Qarabağın, Zəngəzurun tarixi barədə həqiqətləri, postmünaqişə dövrünün gerçəkliklərini onlara çatdırmalıdır. Unutmamalıyıq ki, Azərbaycan xalqı otuz il işğal edilmiş ölkənin vətəndaşları kimi yaşayıb. Lakin bu gün vəziyyət tam başqadır. Azərbaycan xalqı bu gün müzəffər xalq kimi qəbul edilir və bundan sonra da Azərbaycan dövləti qalib dövlət olaraq yaşayacaq. Bu mənada, qalib xalqın Zəfər Qurultayı da perspektiv uğurların təməl daşına çevriləcək və postmünaqişə dövrü də yeni uğurlar, nailiyyətlərlə yadda qalacaq”.