“1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı aktı baş verdi. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76 nəfəri uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürüldü. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev Xocalı faciəsini belə xarakterizə etmişdir: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi - Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır - vəhşiliyin görünməmiş təzahürüdür."
Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.
Millət vəkili onu da vurğulayıb ki, ermənilər havadarlarının dəstəyi ilə zaman-zaman azərbaycanlılara və türklərə qarşı soyqırımı, deportasiya siyasəti həyata keçiriblər: “Amma özlərinə saxta tarix yazaraq beynəlxalq aləmdə belə fikir formalaşdırmağa çalışdılar ki, işğala məruz qalan Azərbaycan yox, Ermənistandır. Amma unutdular ki, tarix saxtakarlığı sevmir, faktarı özündə əks etdirir. İşğal etdikləri ərazilərimizdə nə qədər Azərbaycan xalqının izlərini itirmək üçün bütün tarixi və dini abidələri dağıdıb yerlə-yeksan etsələr də tarixi silmək mümkün deyil. Ermənilər hər zaman fakt qarşısında aciz duruma düşüb. 44 günlük İkinci Qarabağ müharibəsi ermənilərin əsil simasını bir daha nümayiş etdirdi. İllərdir yaratdıqları miflər darmadağın edildi.”
Əliabbas Salahzadə qeyd edib ki, 1992-ci il fervralın 26-na keçən gecə yaşanan Xocalı faciəsi təbii ki, əvvəlki cinayətlərinin cəzasızlığından yaranan soyqırımıdır: “Dünyanın ikili standartlara əsaslanan siyasəti Ermənistanı daha da ruhlandıraraq yeni ərazilər uğrunda müharibə planı hazırlamasını şərtləndirdi. Əksər dünya gücləri belə yanaşmalarının hansı problemlərə yol açdığını gördükləri halda yenə də ədaləti, beynəlxalq hüququ maraqlarına qurban verməkdə davam etdilər və bu gün də davam edir. Azərbaycan dövləti bütün səylərini bu faciənin soyqırımı kimi tanıdılmasına yönəldib. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edilməsi ilə nəticələndi. 44 günlük Vətən müharibəsi dövründə Xocalı faciəsinin davamı olaraq Gəncə, Bərdə, Tərtər və sair yaşayış məntəqələrimizdə terror aktları törədildi, dünya yenə də seyrçi mövqeyindən əl çəkmədi. Bunlara göz yummaq, ədalət prinsipini arxa plana keçirib öz maraqlarına uyğun mövqe nümayiş etdirmək beynəlxalq hüququn norma və prinsiplərinə ziddir. Bu prinsipi yenə də təkrarən xatırlatmaq istərdik ki, hər bir ölkənin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı BMT-nın sənədlərində təsbit edilmiş beynəlxalq hüququn sarsılmaz prinsipidir.”
Millət vəkili qeyd edib ki, dövlətimizin düşünülmüş siyasəti nəticəsində Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmışdır: “Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilib. Xocalı soyqırımı ABŞ-ın 30-dan çox ştatının qanunvericilik qurumları və qubernator proklamasiyaları səviyyəsində tanınıb. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılırlar. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən edib. Azərbaycan həqiqətlərinin təbliğində Heydər Əliyev Fondu da mühüm layihələri ilə diqqətdədir. “Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarı və müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır. “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilib. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir.”
Əliabbas Salahzadə vurğulayıb ki, bu gün Xocalı faciəsi qurbanlarının, bütün şəhidlərimizin ruhu şaddır: “Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı. 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Bayrağını ucaltdı. Digər işğaldan azad edilən ərazilərimiz kimi, Xocalı da hazırda bərpa edilir. Bu il Xocalı sakinlərinin də doğma yurd-yuvalarına qayıdışı planlaşdırılıb.”