Qanunsuzluqlar barədə məlumat verənlər necə qorunur?

Bu ilin 8 avqust tarixində “Siyasi və Hüquqi Araşdırmalar Mərkəzi” İctimai Birliyi tərəfindən Xaçmaz rayonunda “Hüquqpozmalar barədə məlumatvermə və belə məlumat verən şəxslərin müdafiəsi” adlı layihə çərçivəsində ilk tədbir baş tutub. Xaçmaz rayonu Heydər Əliyev Mərkəzində baş tutan tədbir Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilib.

Tədbiri giriş nitqi ilə açan layihə rəhbəri Xəyal Bəşirov iştirakçılara layihənin mahiyyəti, əhəmiyyəti, tətbiqi xüsusiyyətləri və əldə oluna biləcək müsbət nəticələri barədə ətraflı məlumat verib. O, layihə barədə məlumat verərkən bununla bağlı dünya ölkələrininin təcrübəsi, qəbul edilmiş beynəlxalq sənədlərin tələblərini iştirakçıların diqqətinə çatdırıb.

Daha sonra tədbirdə layihənin icrasına cəlb edilmiş ekspertlər ayrı-ayrılıqda çıxış edərək “Hüquqpozmalar barədə məlumatvermə və belə məlumat verən şəxslərin müdafiəsi” mövzusu üzrə əhəmiyyətli məqamlardan bəhs ediblər.

Ekspert Ramal Ağayev dövlət və özəl sektordakı təşkilatlar tərəfindən məlumatvermə sisteminin tətbiqinin ictimai maraqların qorunmasında, hüquq və azadlıqların müdafiəsində, sağlam sosial mühitin qurulmasında əhəmiyyəti, həmçinin hüquqpozmalar barədə məlumat verən şəxslərin müdafiəsi, onun təmin olunmasının zəruriliyi, hüquqi və praktiki müdafiə mexanizmləri barədə geniş məlumat vermiş, mövzu ilə əlaqədar digər məsələlərə toxunub.

Ekspert Şaban Nəsirov isə hüquqpozmalar barədə məlumatvermənin korrupsiya hüquqpozmalarının qarşısının alınmasında rolu barədə məsələləri diqqətə çatdırmış, habelə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Prezidentin sərəncamını diqqətə çatdırmaqla milli fəaliyyət planında dövlət qurumları ilə yanaşı vətəndaş cəmiyyətlərinə də geniş yer ayrıldığını söyləyib. O, həmçinin ölkə Prezidenti tərəfindən 2013-cü il 22 noyabr tarixində imzalanan “İctimai iştirakçılıq haqqında” Qanunun korrupsiyaya qarşı mübarizə üçün effektli yollar açdığını bildirib.

Qeyd etdi ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinə uyğun olaraq, vətəndaşların dövlət idarəetməsinin həyata keçirilməsinə cəlb edilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir. Ekspert eyni zamanda Qanunda bir sıra boşluqların olduğunu, bununla belə ictimai şuranın nüfuzunun artırılması üçün qanuna düzəlişlər edilməsi barədə təkliflərin hazırlandığını diqqətə çatdırıb.

Sonda mövzu ətrafında tədbirin iştirakçıları arasında geniş fikir mübadiləsi aparılmış, əhəmiyyətli fikirlər səsləndirilib.

Tədbirin sonunda layihə rəhbəri Xaçmaz rayon icra hakimyyətinə və tədbirin hazırlanıb keçrilməsində böyük əməyi olan İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin baş məsləhətçisi Tariyel Didarov dərin təşəkkürnü bildirib.