“İyulun 5-6 tarixlərində dünyanın diqqəti növbəti dəfə Qarabağın tacı Şuşaya yönəldi. Türk dövlətlərinin birliyinə, həmrəyliyinə şahidlik edən Şuşadan dünyaya çağırışlar edildi. Hər il Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsinin təşəbbüsçüsü dövlətimizin başçısı İlham Əliyevdir. Bu təşəbbüsün bütün türk dövlətləri tərəfindən dəstəklənməsi Azərbaycanın beynəlxalq nüfuzunun, Prezident İlham Əliyevə böyük etimadın göstəricisidir. Qürurvericidir ki, Qarabağın tacı Şuşa 2021-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın, 2023-cü ildə TÜRKSOY tərəfindən türk dünyasının, 2024-cü ildə isə ICESCO tərəfindən İslam dünyasının mədəniyyət paytaxtı elan edildi. 2022-ci il ölkəmizdə “Şuşa İli” elan edilmişdi. Azərbaycanın döyünən ürəyi olan Şuşa bu illər ərzində türk dövlətlərinin liderlərini dəfələrlə ayrı-ayrılıqda qarşılamaq sevincini yaşayıb. İyulun 5-6 tarixlərində isə onların birliyinə, həmrəyliyinə şahidlik etdi. Dövlət başçısı İlham Əliyevin Türk Dövlətlərinin qeyri-rəsmi Zirvə görüşündə çıxışına “Azərbaycana, Qarabağa “Xoş gəlmisiniz!” çağırışı ilə başlaması hər birimizdə böyük qürur hissi yaratdı. Tarixi Zəfərimizdən sonra paytaxt Bakı ilə yanaşı, işğaldan azad edilmiş ərazilərimizin, xüsusilə Şuşanın iqtisadi, siyasi, humanitar, diplomatik mərkəzə çevrilməsi qürurvericidir. Şuşa 2022-ci ildə bütün dünya azərbaycanlılarını, 2024-cü ildə isə türk dövlətlərini bir araya gətirdi, qarşıda dayanan hədəflər bu məkandan səsləndirildi. Azərbaycanın türk dünyasının birliyinə töhfələri bütün türk dövlətləri tərəfindən təqdir edilir. Cənab İlham Əliyev çıxışında bir daha vurğuladı ki, türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Azərbaycan həmişə türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmişdir. Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir. Böyük coğrafi məkanı əhatə edirik. Üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır.”
Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Malik Həsənov qeyd edib ki, 44 günlük İkinci Qarabağ müharibəsində dünya Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının fonunda bütün türk dünyasının birliyinin, həmrəyliyinin şahidinə çevrildi: “Qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil” çağırışı dünyaya ciddi mesaj oldu. Bu dəstək Azərbaycana güc verdi, 44 gündə tarixi Zəfərə imza atmasında əhəmiyyətli rol oynadı. 44 günlük İkinci Qarabağ müharibəsi səbəbsiz olaraq həqiqət anı kimi dəyərləndirilmir. O zaman bir daha kimin haqqın, ədalətin, kimin isə şərin, təcavüzkarın yanında olduğu təsdiqləndi. Tarixi Zəfərimizdən dərhal sonra başlanan genişmiqyaslı bərpa-quruculuq işləri də türk dünyasının birliyinin, həmrəyliyinin təqdimatı oldu. Qeyd etdiyimiz kimi, türkdilli ölkələrin dövlət başçıları müxtəlif vaxtlarda işğaldan azad edilmiş ərazilərimizdə oldular, görülən işləri yaxından izlədilər, özlərinin dostluq, qardaşlıq hədiyyələrini təqdim etdilər. Dövlət başçısı İlham Əliyev Şuşa Zirvə görüşündə bir daha bu məqamlara diqqəti yönəltdi. Bildirdi ki, türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərləri qardaşlıq həmrəyliyinin təzahürüdür. Türkiyə Prezidenti Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla, Özbəkistan və Qazaxıstan prezidentləri Şuşa və Füzuliyə, Qırğızıstan Prezidenti Füzuli və Ağdama səfərlər etmişlər. Qardaşlığımızın rəmzi olan məktəb və yaradıcılıq mərkəzinə və eləcə də tikiləcək məktəblərə görə qardaş ölkələrin dövlət və hökumət başçılarına təşəkkürünü bildirən cənab İlham Əliyev bu statistik rəqəmə də diqqəti yönəltdi ki, Böyük Qayıdış Proqramının icrası çərçivəsində bu günə qədər 8 minə yaxın keçmiş məcburi köçkün Laçın, Füzuli, Şuşa, Xocalı şəhərlərinə və dörd kəndə qayıdıb. Bu ilin sonuna qədər 20 min insan azad edilmiş torpaqlara qayıdacaq.”
Millət vəkili qeyd edilənlərin fonunda Azərbaycanın türk dünyasının birliyinə, dəstəyinə nə qədər böyük önəm verdiyini açıqlayıb: “Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artması Azərbaycanın əsas hədəfləri sırasındadır. Şuşa Zirvə görüşündə “Türk Dövlətləri Təşkilatının Katibliyinin heyətinin və büdcəsinin artırılmasına dair qərar” imzalanması da bu məqsədə xidmət edir. Belə ki, Türk Dövlətləri Təşkilatının cari büdcəsinin və strukturunun birlikdə nəzərdə tutulan hədəflərin reallaşdırılması üçün yetərli olmadığını qeyd edən dövlətimizin başçısı buna görə Azərbaycanın bu günlərdə Katibliyin hesabına 2 milyon dollar məbləğində vəsait köçürdüyünü bildirdi. Zirvə görüşündə imzalanan Qarabağ Bəyannaməsi, qəbul edilən qərarlar türk dünyasının birliyinin daha da möhkəmləndirilməsinə xidmət edəcək. Çıxışlarda da vurğulandı ki, ötən qısa dövrdə üzv ölkələrlə 30-dan çox önəmli sahədə qarşılıqlı faydalı və çoxşaxəli əməkdaşlıq qurulub. Bu Zirvə görüşünün qlobal risk və təhdidlərin artdığı, qarşılıqlı inam böhranının daha da dərinləşdiyi bir vaxtda keçirilməsi əbədi qardaşlıq ruhundan güc alan əlaqələrimizin keyfiyyətcə yeni səviyyəyə yüksəltməyi, birgə yanaşmalarla inkişaf etdirməyi bir tələbə çevirir. Bugünkü görüşün nəqliyyat, qarşılıqlı əlaqələr və iqlim fəaliyyəti vasitəsilə davamlı bir gələcək inşa etmək mövzusunda keçirilməsi böyük önəm daşıyır.”
Malik Həsənov onu da bildirib ki, Azərbaycanın ev sahibliyi etdiyi, həmçinin fəxri qonaq qismində qatıldığı tədbirlər beynəlxalq nüfuzunun artmasının göstəricisidir: “Dövlət başçısı İlham Əliyev iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə iştirak etmək üçün Astanada səfərdə oldu. İyulun 4-də “ŞƏT+” formatında keçirilən Sammitə 16 ölkənin dövlət və hökumət başçıları qatıldılar. Azərbaycanın belə mötəbər təşkilatın Sammitinə ikinci dəfə dəvət olunması ölkəmizin, xüsusilə Prezident İlham Əliyevin dünya miqyasında nüfuzunun və dövlətimizin başçısına göstərilən yüksək ehtiramın ifadəsidir. Dövlətimizin başçısı Şanxay Əməkdaşlıq Təşkilatının 2022-ci ilin sentyabrında Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə görüşündə də iştirak etmişdir. Astanada keçirilən “Çoxtərəfli dialoqun möhkəmləndirilməsi - davamlı sülhə və inkişafa nail olmaq” mövzusunda Zirvə görüşündə ŞƏT-ə üzv ölkələrin dövlət və hökumət başçıları siyasi, iqtisadi-ticari, mədəni-humanitar əməkdaşlıq və digər məsələlərə dair geniş spektrdə aktual mövzuları müzakirə etdilər. Dövlət başçısı İlham Əliyev çıxışında diqqəti təxminən 200 ölkənin yekdil dəstəyi ilə Azərbaycanın bu il COP29-a ev sahibliyi edəcəyinə yönəldərək bu əminliyi ifadə etdi ki, tədbir çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərimizi əsirgəməyəcək və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacağıq.”
Millət vəkili belə bir ümumiləşdirməni aparıb ki, hər iki tədbir qətiyyətli və uzaqgörən lider kimi böyük nüfuz qazanan Prezident İlham Əliyev şəxsiyyətinə dərin hörmət və ehtiramın göstəricisidir. Azərbaycan ölkələr, xalqlar arasında körpü roluna yeni əlavələri ilə diqqətdədir.