Vətən müharibəsində Azərbaycanın Şanlı Zəfərindən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında bağlanmış 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanatın ən mühüm şərtlərindən biri o idi ki, erməni silahlı qüvvələri Azərbaycan Respublikası ərazilərindən çıxarılmalıdır. Həmin tarixdən etibarən cənab Prezidentimiz böyük siyasi qətiyyət nümayiş etdirərək verdiyi hər bəyanatda, çıxış etdiyi istənilən platformada birmənalı şəkildə bildirmişdir ki, Azərbaycan öz ərazisində hər hansı qondarma rejimin və onun silahlı birləşməlirinin qalması ilə qətiyyən razılaşmayacaq. Sözü ilə əməli heç zaman üst-üstə düşməyən Ermənistan isə yenə də öz simasını dəyişmədi və Üçtərəfli Bəyanatın müddəalarını tam yerinə yetirməməklə sülhə və sabitliyə nail olunması prosesinə ciddi zərbə vurdu. Şübhəsiz ki, qanunsuz erməni hərbi birləşmələrinin mövcudluğu regionda sülhün və sabitliyin bərqərar olmasında ən əsas maneələrdən biri idi. Bu həm də vətəndaşlarımızın təhlükəsizliyi, ümumilikdə ölkəmizin milli təhlükəsizliyi baxımından, eləcə də konstitusiya quruluşumuzun bütün ölkə ərazisində bərqərar edilə bilməsi baxımından yolverilməz idi.
Dəfələrlə başda cənab Prezident olmaqla, Azərbacanın hər bir ictimai-siyasi xadimi beynəlxalq platformalarda ermənilərin ərazilərimizdə mina basdırmalarına, terorçu birləşmələrin təxribatlarına lazımi hüquqi qiymət verilməsini tələb etsə də, beynəlxalq ictimaiyyət bu məsələlərdə, xüsusi ilə minaların basdırılması və mina xərtələrinin təqdim edilməməsi ilə bağlı Ermənistana kifayət qədər təzyiq göstərməmişdir. Son dövrlərdə isə erməni silahlı qüvvələrinin gərginliyin artmasına yönələn və təxribat xarakteri daşıyan əməlləri daha da artmışdır. Ordumuzun mövqeləri müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulur, ərazilərimizin minalanması davam edir, ölkəmizə qarşı kəfşiyyat fəaliyyətinə cəhdlər artır, minalardan təmizlənmiş ərazilərin, eləcə də mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanması kimi əməllər müşahidə olunurdu. Sentyabr ayının 19-da isə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsinin sıradan çıxması və mülki vətəndaşlarımızın həlak olması və elə həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımızın həlak olması göstərdi ki, vətəndaşlarımızın təhlükəsizliyi və bütün ölkə ərazisində Konstitusion quruluşumuzun tam bərqərar edilməsi naminə Qarabağ bölgəsində antiterror tədbirlərinin başlanılması labüddür.
Bir faktı da qeyd edim ki, erməni silahlı qüvvələrinin törətdiyi mina teroru, silahlı atışmalar və digər təxribat xarekterli hərəkətlər Qarabağ bölgəsindəki erməni əhalininin özü üçün də böyük təhdiddir və onlar üçün də ciddi təhlükə mənbəyidir.
Keçirilmiş antiterror tədbirlərinin məqsədi Qarabağdakı erməni silahlı qüvvələri tərkisilah etmək, onların hərbi obyektlərini məhv etmək, hərbi infrastrukturunu zərərsizləşdirilmək və ümumilikdə erməni silahlı qüvvələrini ərazilərimizdən çıxarmaq idi. Azərbaycan suveren dövlətdir və ölkəmizin ərazisində Azərbaycanın öz razılığı ilə yerləşdirilməsinə icazə verdiyi sülhməramlı qüvvələrdən başqa hər hansı üçüncü dövlətin hərbçilərinin mövcudluğu yolverilməzdir.
44 günlük Vətən müharibəsində olduğu kimi, bu dəfə də ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar, eləcə də başda Türkiyə olmaqla dost və qardaş dövlətlər Müzəffər Ali Baş Komandanımıza və Azərbaycan dövlətinə, Azərbaycan xalqına öz dəstəklərini bildirmişlər. Siyasi partiyaların dəstək bəyanatına imza etməkdən imtina etmiş Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyası və Real Partiyası isə bir daha öz xain xislətini nümayiş etdirmişdir.
Azərbaycan bu dəfə də bütün beynəlxalq prinsiplərə və hüququn tələblərinə tam əməl etmiş, keçirilmiş antiterror tədbirlər barədə Rusiya sülhməramlı kontingentinin komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi məlumatlandırılmışdır. 44 günlük Vətən Müharibəsində olduğu kimi, Ordumuz tərəfindən mülki əhali və infrastruktur obyektləri qətiyyən hədəf alınmamış, yalnız legitim hərbi hədəflər sıradan çıxarılmışdır. Müdafiə Nazirliyimiz mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün bütün vasitələrdən istifadə etmişdir. Mülki əhali hərbi obyektlərdən kənar durmağa çağırılmış, bu barədə mobil SMS xidməti vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat göndərilmiş, eyni zamanda səsgücləndirici texniki vasitələrlə əhali xəbərdar edilmiş və məlumat vərəqələri paylanılmışdır. Əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradılmışdır. Bütün bu tədbirlər sübüt edir ki, Azərbaycan dövləti hər zaman erməni əsilli əhalisinin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görməyə hazırdır.
Antiterror tədbirləri çərçivəsində Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri, döyüş vasitələri, hərbi obyektləri Müzəffər Ordumuzun qəhrəman əsgərləri tərəfindən sıradan çıxarılmış və bu dəfə də qələbə haqqın yanında olmuşdur. Ordumuzun Qarabağda başlatdığı antiterror tədbirləri qısa müddətdə öz müsbət nəticələrini göstərməyə başlamış, nəticədə separatçıların təslim olması ilə ölkəmiz növbəti tarixi Qələbəni əldə etmişdir.
Sabah, yəni sentyabrın 21-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda görüş keçiriləcək. Artıq hər kəs anlamalıdır ki, sülhə və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın suverən ərazilərindən çıxarılması, qondarma rejimin tamamilə ləğv olunmasıdır. Cənab Prezident, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev və onun ətrafında sıx birləşmiş xalqımız bu hədəfə də çatmağa da çox yaxındır.
Milli Məclisin Müdafiə, təhlükəsizlik
və korrupsiya ilə mübarizə komitəsinin
sədri Ziyafət Əsgərov