Ermənistan Qarabağla bağlı üçtərəfli razılaşmaları yerinə yetirmək üçün hər cür səy göstərməyə hazırdır.
Azvision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdə deyib.
O bildirib ki, İrəvan 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarda əldə edilmiş razılaşmaları həyata keçirmək üçün bütün tədbirləri görməyə davam edəcəkdir.
“Biz, həmçinin tərəflər arasında üçtərəfli formatda konstruktiv dialoqu təmin etmək üçün hər cür səy göstərməyə hazırıq", - Paşinyan bildirib.
Paşinyan son aylarda Rusiya ilə əlaqələrin daha da möhkəmləndiyini, Moskvanın Qarabağda hərbi əməliyyatları dayandırmağı və bölgədə vəziyyətin əhəmiyyətli dərəcədə gərginləşməməsini təmin etməyi bacardığını vurğulayıb.
"Prezident Vladimir Putinin bölgədə sülhün əldə olunmasında rolunu xüsusilə qeyd etmək istərdim", - Paşinyan əlavə edib.